“Avropa Oyunlarındakı qəzada bir çox məsələlər gizlədilib”

atletler-kendi-qeza1Vəkil Gülşən Salmanova: «Istintaqa vəsatət veririk, cavab verirlər ki, ”bunlara toxunmayın, deməyin, iş belə getməlidir»

Ötən il Bakıda keçirilən Avropa Oyunları zamanı Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri – Vanessa Sahinoviç, Luna Pacer və Verena Breytin vurulması ilə nəticələnmiş avtobuçs qəzası ilə bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə artıq bütün tərəflər dindirilib, sənədlər tədqiq olunub, prokuror da çıxış edərək, təqsirləndərilən dörd nəfərə – sürücü Vəli Əhmədova 3 il, qəzanın görüntülərini yaymaqda günahlandırılan Nizami Rayon Polis Idarəsinin “Təhlükəsiz Şəhər” Xidmətinin keçmiş əməkdaşı Elçin Həsənova 7 il, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi olmuş Hüseyn Salamova 7 il, Xidmətin Bakı Regional şöbəsinin sərnişin daşımalarının tənzimlənməsi sektorunun məsləhətçisi Fərid Əmiraslanova 5 il həbs cəzası istəyib. Nəqliyyat Nazirliyinin işçiləri sürücü Vəli Əhmədovun Avropa Oyunlarında iştirakına imkan verməkdə günahlandırılır.

Hazırda məhkəmə prosesin vəkillərin çıxışı mərhələsidir. Dünənki məhkəmə iclasında Fərid Əmiraslanovun vəkili Gülşən Salmanova müdafiə nitqilə çıxış edib.

“Bunlar tam şişirdilmiş, uydurma, qondarma ittihamlardır. Bu, dövlət səviyyəsində iş olduğuna nələrisə qorxub gizlətmək, deməmək doğru deyil. Istintaqa vəsatət veririk, cavab verirlər ki, ”bunlara toxunmayın, deməyin, iş belə getməlidir”. Bu nə deməkdir?!”, – deyə vəkil bildirib.

Gülşən Salmanova qeyd edib ki, müvəkkilinə qarşı ittihamlar sübuta yetirilməyib. Fərid Əmiraslanovun heç bir cinayət törətmədiyini deyən vəkil hesab edir ki, ona bəraət verilməlidir: “Ittihama görə, Fərid Əmiraslanov vəzifəsinə vicdansızcasına səhlənkar yanaşaraq, sürücü Vəli Əhmədovun adını Avropa Oyunlarında xidmət göstərəcək sürücülərin siyahısından çıxarmayıb və nəticədə belə bir hadisə baş verib. Məhkəmədə də bəlli oldu ki, hansı sürücülərin iştirak edib-etməməsi məsələsini Milli Təhlükəsizlik Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti müəyyənləşdirib. Daha sonra Fərid Əmiraslanova hazır siyahılar göndərilib və onları kompüterə daxil etmək tapşırılıb. O da bu işi görüb. O da aydın oldu ki, iki dəfə siyahı göndərilib. Birinci siyahıda yoxlama zamanı adları çıxarılanlar arasında Vəli Əhmədovun da adı olub. Amma ikinci siyahıda çıxarılmalı adamlar arasında onun adı olmayıb. Fərid Əmiraslanov cinayətin subyekti deyil. Hətta Vəli Əhmədovun adının siyahıdan çıxarılmamasında onun rolu olsaydı belə, hardan bilə bilərdi ki, bu adamın işə qəbul olunması sonradan belə bir qəza ilə nəticələnəcək? Əgər həmin sürücü qəhrəmanlıq eləsəydi, buna görə Fərid Əmiraslanova ”sağ ol” deyəcəkdilərmi?”

Vəkil həmçinin dövlət ittihamçısı Eldar Həmzəyevin Fərid Əmiraslanova ona ittiham verilmiş CM-nin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsində nəzərdə tutulmuş ən ağır cəzanı – beş il həbs istəməsinin də  ədalətsiz olduğunu vurğulayıb.

Məhkəmə prosesi iyulun 22-də davam edəcək.

Aytən