Yanan bina işində Penitensiar Xidmət rəhbərliyi ittiham olundu

 

yanan-bina«Burada oturanların heç birinin bu işdə günahı yoxdur. Həqiqi günahkarlar isə məsuliyyətdən yayınmağı bacarıb»

Məhkəməyə Təcili Tibbi Yardım çağırıldı…

Ötən il mayın 19-da Binəqədidəki yaşayış binasında çoxsaylı insan ölümü ilə nəticələnmiş yanğınla əlaqədar məhkəmə istintaqı başlanıb. Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə ittiham aktı elan olunub, məhkəmə qarşısına çıxarılan 8 nəfərin nədə ittiham edildiyi açıqlanıb. Amma bundan əvvəl məhkəmə iclasında bir sıra hadisələr baş verib.

Vəkillərin bəzilərinin gəlməməsi səbəbilə fasilə elan olunduğu vaxtda məhkəmə binasında təqsirləndirilən şəxslərdən birinin – 2012-2013-cü illərdə Binəqədi Rayon Icra Hakimiyyəti başçısının müavini işləmiş Qəzənfər Novruzovun vəziyyəti pisləşib. Bununla əlaqədar məhkəməyə təcili yardım çağırılıb və ona tibbi yardım göstərilib.

Xatırladaq ki, məhkəmənin hazırlıq iclaslarından birində Qəzənfər Novruzovun Penitensiar Xidmətin Müalicə Müəssisəsində komaya düşdüyü xəbər verilmiş və bu səbəbdən proses təxirə salınmışdı.

Qəzənfər Novruzovun vəkili Nüşabə Ağayeva məhkəmə iclasında məlumat verdi ki, tibbi yardım göstərən həkimlər müvəkkilinin xəstəxanaya yerləşdirilməsini məqsədəuyğun sayıblar. Amma Qəzənfər Novruzov məhkəmə prosesini pozmamaq üçün bundan imtina edib.

Nüşabə Ağayeva eyni zamanda, müvəkkilinin ağır durumuna baxmayaraq, ona qarşı biganə münasibətə, müalicəsinə imkan verilməməsinə görə Penitensiar Xidmətin təxminən bir ay əvvəl təyin olunmuş yeni rəisi Ceyhun Həsənovu günahlandırıb: “Qəzənfər Novruzov ağır xəstədir, dekabrın 4-də verilmiş tibbi ekspert rəyi də bunu təsdiqləyir. Rəydə göstərilib ki, tibbi müdaxilədən asılı olmayaraq, hər an onun həyatına təhlükə var. Təəssüf ki, Penitensiar Xidmətin yeni rəhbərliyi qanunları kobud şəkildə pozaraq, onun müalicəsinə imkan vermir. Əgər bu adam həyatını itirsə, buna görə məsuliyyət Penitensiar Xidmət rəhbərliyinin, Ceyhun müəllimin üzərindədir. Rəhbərliyin göstərişilə belə ağır xəstəni Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsindən çıxarıb, təcridxanaya köçürüblər”.

Vəkil vəsatət qaldıraraq, məhkəmədən Qəzənfər Novruzovun tibbi müəssisəyə yerləşdirilməsi üçün Penitensiar Xidmətə müraciət olunmasını xahiş edib.

Bina yanan gün çəkilən video yoxa çıxıb

Digər vəkillərin də vəsatətləri olub. Yanan binanı üzləmiş “Global Construction” və “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudovun vəkili Ilhamə Həsənova bildirib ki, müdafiə tərəfi iş üçün zəruri olan bir sıra sübutlar – maketlər, sxemlər, video və şəkillər əldə edib. Vəkilin sözlərinə görə, yanğın günü video çəkilsə də, nədənsə, iş materiallarına əlavə olunmayıb: “Xahiş edirik, əldə etdiyimiz sübutların nümayişi üçün məhkəmədə texniki şərait yaradılsın”.

Miryusif Mahmudovun digər vəkili Şahlar Məmmədov məhkəmə prosesinin video lentə alınması barədə vəsatət qaldırıb.

Təqsirləndirilən şəxslərdən “Global Stone” MMC-nin baş direktoru Uğur Bəşirovun vəkili Cavid Rzazadə məhkəməyə yanan bina ilə bağlı bir xeyli şəkillər təqdim edərək, onların sübutlar siyahısına əlavə olunmasını, onların mötəbərliyinin yoxlanılması məqsədilə foto-texniki ekspertiza təyin olunmasını istəyib.

“Burada oturanların heç birinin bu işdə günahı yoxdur. Həqiqi günahkarlar isə məsuliyyətdən yayınmağı bacarıb. Konkret olaraq, Uğur Bəşirovun günahsızlığını sübut edən bir çox faktlar nəzərə alınmayıb”, – deyə vəkil vurğulayıb.

“Məqsədimiz kiminsə həyatı ilə oynamaq deyil”

Dövlət ittihamçısı Fərid Nağıyev vəsatətlərə münasibət bildirərkən, Qəzənfər Novruzovun müalicəsilə bağlı məsələyə etiraz etməyib: “Bizim məqsədimiz kiminsə həyatı ilə oynamaq deyil. Məhkəmə tərəfindən təcridxana rəhbərliyinə müraciət olunsun, araşdırma aparılsın, əgər zərurət varsa, Müalicə Müəssisəsinə qaytarılsın”.

Sübutların nümayişi üçün lazımi texniki vasitələrlə təmin olunmaq barədə vəsatətə gəlincə, dövlət ittihamçısı qeyd edib ki, məhkəmədə lazımi avadanlıqlar var və zərurət yaranarsa, onlardan istifadə edilərək, sübutlar tədqiq oluna bilər.

Məhkəmə prosesinin video çəkilişinin aparılmasına isə prokuror etiraz edib. Fikrini də belə əsaslandırıb ki, məhkəmə iclaslarının protokolları yazılır.

Dövlət ittiham çısı Cavid Rzazadənin təqdim etdiyi şəkillərlə bağlı ekspertiza məsələsinə isə sübutların tədqiqi mərhələsində baxılmasını məqsədəuyğun hesab edib.

Məhkəmə Qəzənfər Novruzovla bağlı vəsatəti təmin edib. Bu məqsədlə Bakı istintaq təcridxanasına məktub göndəriləcək.

Digər vəsatətlər isə baxılmamış saxlanılıb.

“Iş materialları ilə tanış olarkən yalanlar gördüm”

Məhkəmədə yanğından ziyan çəkmiş sakinlərdən Səbinə Manafovanın da vəsatəti olub. O, dəymiş ziyanın düzgün hesablanmamasından şikayətlənib və qiymətləndirmə ilə bağlı təkrar ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb: “Mənim mənzilimlə eyni olan başqa bir qonşuya dəymiş ziyan 100 min hesablanıb, mənə 47 min 720 manat. Halbuki, hadisədən əvvəl elə o məbləğdə təmir elətdirmişdim. Təxminən 40 min manatlıq mebelim yanım. Biz iş materialları ilə tanış olanda gördüm ki, məbləğ düzgün deyil, anamın adı Elvira olduğu halda, Safura yazılmışdı. Yazıblar ki, onu xəstəxanaya guya, təcili yardım aparıb, halbuki, mən özüm aparmışdım. Əgər bunları düzgün yazmayıblarsa, deməli, bu işdə çox şey düz deyil”.

Daha sonra dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan edib. Ittihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olublar və onların yanğın təhlükəsizliyi qaydalarını pozması, vəzifədən sui-istifadəsi nəticəsində bu hadisə baş verib. Ittiham aktında göstərilib ki, bu yanğın nəticəsində (binanın, mənzillərin təmiri, əşyaların alınması, zərərçəkmişlərə ödənilən vəsait və s. xərclər) dövlət büdcəsinə 8 milyon 750 min manat ziyan dəyib.

Mühakimə olunan səkkiz nəfərin heç biri elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Məhkəmə prosesi bu gün zərərçəkmiş şəxslərin dindirilməsilə davam edəcək.

***

Xatırladaq ki, bu iş üzrə məhkəmə qarşısına “Global Construction” və “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, “Global Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi, daha sonra Binəqədi rayon Icra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal Istismar Sahəsinin rəisi olmuş Nizami Orucov, “Dərnəgül Boru” zavodunun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini laboratoriyasının rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov çıxarılıb. Onlara qarşı CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələrilə ittiham olunur.

Aytən Məmmədova