Azərbaycan xaricə tütün, pambıq sata bilərmi?

 

vahid-meherremov1Vahid Məhərrəmov: «Digər ölkələrdən fərqli olaraq, bizdə  məhsuldarlıq iki dəfə aşağıdır»

Dövlət başçısı Ilham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında ixrac potensialını gələcək fəaliyyət üçün prioritet istiqamət adlandırıb. Dövlət başçısı ixracyönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın gücləndirilməsi, o cümlədən ölkədə xalçaçılıq sənayesinin, baramaçılığın, pambıqçılığın və tütünçülüyün inkişafına dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi istiqamətində görülən tədbirlərin davamlı olması ilə bağlı tapşırıqlar verib.

2016-cı il Azərbaycanda “kənd təsərrüfatı ili” elan olunsa da, bu sektorda görülən yeganə iş kənd təsərrüfatı idarələrinin yaradılması oldu. Belə bir şəraitdə pambıqçılıq, baramaçılıq və tütünçülüyün inkişaf etdirilməsi qətiyyən inandırıcı görünmür. Elə kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov da bu fikirdədir.

Mütəxəssis deyir ki, bu gün dünya bazarında pambığın qiyməti çox aşağıdır. Hər il dünyada 25 milyon ton pambıq istehsal olunduğunu deyən ekspertin sözlərinə görə, bunun da 24 milyon tonuna tələbat var.

“Yəni istehlakdan da 1 milyon ton çox ehtiyat yaranıb. Bu da ümumi bazara təsir edir. Ölkədə istehsal edilən pambıq emal və ondan yüngül sənayedə istifadə edilmədiyi üçün istehsal olunan məhsulu dünya bazarına çıxarıb gəlir əldə etmək də mümkün olmayacaq. Çünki digər ölkələrdən fərqli olaraq, bizdə  məhsuldarlıq iki dəfə aşağıdır. Məhsulun maya dəyəri yüksəkdir və rəqabət qabiliyyətli deyil. Istehsal etdiyimiz pambıqdan gəlir əldə etmək mümkün deyil”, – deyə Vahid Məhərrəmov bildirir.

Ekspert vurğulayır ki, ölkədə məhsuldarlıq artırılmalı və digər kompleks işlər görülməlidir. Ölkənin özünün torpaq və iqlim şəraitinə uyğun olaraq sortlar yetişdirilməli, toxumçuluq inkişaf etdirilməli, yeni texnika və avadanlıqların alınması istiqamətində ciddi işlər görülməlidir. Bütün bunlar iri kapital qoyuluşu tələb edir və onu hazırkı şəraitdə həyata keçirmək mümkün deyil. Bu il ölkədə 50 min hektarda pambıq əkilib və onun da 35 faizi hədər gedib. Bu isə həmin sahəni idarə edənlərin qeyri-peşəkar olmasıdır.

Ekspert tütünçülük sahəsinə də diqqət çəkərək deyir ki, özümüzün tütünə olan ehtiyacımız 3000 tondur, onu da xaricdən idxal edirik: “Bizim istehsal etdiyimiz məhsul xaricə ucuz qiymətə satılır. Bu sahədə də kapital qoyuluşuna ehtiyac var. Aqrotexniki qaydalara düzgün əməl etməyəndə orda məhsuldarlıq aşağı olur. Baramaçılığın inkişafından danışılır. Barama toxumu Irandan gətirilir. Nazir bu yaxında çıxış edərək tut ağacları və çəkilliklərin də Irandan gətiriləcəyini deyib. Belə olan halda, istehsal etdiyimiz barama rəqabət qabiliyyətli olmayacaq və gəlir gətirməyəcək. Kompleks işlər görülməlidir. Bu isə mövsümdən-mövsümə olmamalıdır. Sözügedən sahələrin inkişafından danışılır, lakin məsələ danışıq formatından ibarət olmamalı, əsaslı işlər görülməlidir”.

Nigar