Gənclər xalqı meydana səsləyir; ictimaiyyət mitinqə dəstək verir
Bu gün 9 gənclər təşkilatının (Gənclərin Hüquqlarını Müdafiə Komitəsi) birgə təşkilatçılığı ilə Bakıda mitinq keçiriləcək. Şəhər Icra Hakimiyyəti ilə razılaşdırılmış mitinq Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydanda olacaq. Mitinqdə əsasən AXCP, VHP, Müsavat, ADP, həmçinin “Azad gənclik”, “Nida”, “Dalğa”, “Müsbət Dəyişiklik”, “İnsan Haqları” gənclər təşkilatlarının fəalları və bitərəf gənclər iştirakı edəcəklər. Lakin mitinq bütün təbəqələr üçün açıqdır və təşkilatçılar arzulayanları aksiyada iştiraka səsləyir.
«Azərbaycan gəncliyinin gücünü göstərməliyik»
Mitinqə hazırlıq görülür
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı mitinqə hazırlıq işlərinin tam başa çatdığını bildirir. Onun sözlərinə görə, sosial şəbəkələrdə təxminən 15 min aktiv istifadəçiyə mitinqdə iştirak üçün dəvət göndərilib, mindən artıq istifadəçi artıq aksiyada iştirak edəcəyini bildirib. «Bu gün Azərbaycan gəncliyinin birgə aksiyasıdır. Biz çox istəyirik ki, Azərbaycan gəncliyi gələcəyinin necə olacağını özü müəyyənləşdirsin. Bunun üçün də vətəninin gələcəyinin taleyinə baganə qalmayan hər kəsi aksiyada gözləyirik. Bu aksiya ilə biz Azərbaycan gəncliyinin gücünü göstərməliyik», – deyə Ə.Qurbanlı mitinqin önəmindən danışıb.
«Hamı haqq və ədalət uğrunda meydanlarda olmalıdır»
Mitinqə hazırlıq görülür
Aksiyaya təşkilatlarının tam hazır olduğunu deyən VHP Gənclər Təşkilatının üzvü Samir Əsədli hesab edir ki, gənclərin aksiyası yaddaşlarda uzun müddət qalacaq. “Bu ölkə hamımızındır” deyən S.Əsədli vurğuladı ki, bu gün ölkədə baş verənlərə biganə qalmaq olmaz: «Biz dövlət büdcəsinin talan edilməsinə, qanunların pozulmasına, ölkənin avtoritar üsulla idarə olunmasına, evlərimizin başımıza uçurulmasına, təhsil və səhiyyəmizin bərbad gündə olmasına, torpaqların hələ də işğaldan azad edilməməsinə dözə bilmərik. Haqq və hüquqlarımızı tələb etməliyik, onlara sahib çıxmalıyıq. Hamı 17 martda haqq və ədalət uğrunda meydanlarda olmalıdır».
«Vətənini, millətini sevən hər kəs aksiyaya gəlməlidir»
Mitinqə hazırlıq görülür
Müsavat Gənclər Təşkilatının sədr əvəzi Səxavət Soltanlı hazırkı rejimin yürütdüyü siyasətin yaratdığı çətinliklərdən əziyyət çəkən bütün gəncləri aksiyada fəal iştirak etməyə səslədi. Azərbaycan siyasi məhbus probleminin çözülməsini, rüşvətsiz təhsil sisteminin olmasını, insan haqlarının qorunmasını istəyən bütün gəncləri aksiyaya dəvət edən S.Soltanlı bildirdi ki, bu gün gənclərin 15.00-da toplaşacağı məkan Azərbaycanın gələcəyini parlaq görmək istəyənlərin yeridir: «Mən vətənini, millətini sevən hər bir Azərbaycan gəncini bu gün aktiv olmağa səsləyirəm. Hər bir gənc öz dostları və tanışları ilə aksiyaya gəlməli, ölkəmizin gələcəyi ilə bağlı düşüncələri bölüşməlidir».
«Bu, bir başlanğıcdır»
Yeddi illik fasilədən sonra bu günkü aksiyanın demokratik qüvvələrin ilk aksiyası olacağını deyən “Nida” Vətəndaş Hrəkatının İdarə Heyətinin üzvü Zaur Qurbanlı bu sükutu məhz gənclərin pozmasını sevindirici hal sayır: «Gəncləri bu günkü aksiyaya səsləyirik. Amma bu aksiyada eyni zamanda yaşlı nəslin nümayəndələri də iştirak edə bilərlər. Bu, bir başlanğıcdır. Bu aksiyadan nəticə çıxararaq, gələcək addımlarımızı müəyyənləşdirəcəyik».
“Azərbaycan gəncliyi gələcəyinə biganə deyil”
Mitinqə hazırlıq görülür
ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev də mitinqə yüksək səviyyədə hazırlaşdıqlarını deyir. Gənclər metro stansiyalarının çıxışında, avtobuslarda 17 mart mitinqinə çağırışla bağlı vərəqələr paylayıb, lazım olan başqa tədbirlər görüblər.
C.Hacıyev deyir ki, gənclərin mitinq təşəbbüsü Azərbaycan cəmiyyətinin hazırkı narahat dolu durumundan irəli gəlir: «Biz nümayiş etdirmək istəiyrik ki, Azərbaycan gəncliyi öz gələcəyinə, ölkənin taleyinə biganə deyil. Ona görə aksiyamızın şüarları olaraq «Rüşvətə yox», «Rüşvətsiz təhsil», «Siyasi məhbuslara azadlıq» seçmişik. Düşünürəm ki, aksiya gənclərin fəal iştirakı ilə, yüksək səviyyədə keçəcək».
“Bu, bir imkandır, gəlib azadlığı dadsınlar”
Mitinqə hazırlıq görülür
«Müsbət Dəyişiklik» İdarə Heyətinin üzvü Rəşad Həsənov da diqqəti uzun müddətdir ölkədə sərbəst toplaşmaq azadlığına qoyulan qadağaya çəkdi. R.Həsənov bu günkü aksiyanı bir fürsək kimi dəyərləndirdi: «Bu aksiya gənclərin mövqelərini cəmiyyətə çatdırmaq üçün bir imkandır. Bununla biz Azərbaycan gəncliyinin ölkəni necə görmək istədiyini nümayiş etdirmək istəiyrik. Mən aksiyaya daha çox 25 yaş altındakı gəncləri dəvət edirəm. Çünki aksiyalara yeddi il əvvəl qadağa qoyulanda onların 18 yaşı var idi. Qoy bu yaşda olan gənclər gəlib azadlığın necə olduğunu az da olsa dadsınlar».
Gənclərin mitinqinə böyük maraq var
Azad Gənclik Təşkilatının İdarə Heyətinin üzvü Məcid Mərcanlı gənclər arasında aparılan yüksək səviyyəli təbliğatın nəticə verəcəyinə inanır. Gənclərin sıx toplaşdığı yerlərdə keçirdikləri görüşlər zamanı gənclərdən böyük maraq gördüklərini deyən M.Mərcanlı vurğuladı ki, icra hakimiyyətindən aksiya cavabının gec gəlməsi təşkilatçıları son günlər gərgin işləməyə vadar edib: «Aksiyanı dinc, sakit, əyləncəli formada keçirmək niyyətindəyik. Biz gənclərə müraciət edərək haqlarını tələb etməyə, onlar uğrunda mübarizəyə qalxmağa dəvət edirik. İnsanlar öz hüquqlarından istifadə etməlidir».
***
“Bu aksiyada iştirak ədalətə, insan haqlarına dəstəkdir”
Gənclərin bu günkü aksiyasına ictimaiyyət nümayəndələrindən də dəstək gəlib. Münasibətini öyrəndiymiz ictimai xadimlər gənclərə uğarlar arzulayaraq, bu aksiyasının böyük əhəmiyyəti olduğunu deyiblər.
İctimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir inanır ki, gənclərin aksiyası yüksək siyasi mədəniyyət nümayişi olacaq və izdihamlılığı, çoşqusu ilə yadda qalacaq. Gənclərin belə bir aksiya təşkil etməsinin sevindirici olduğunu deyən M.Vəzir vurğuladı ki, gənclərin aksiyaya qatılması hazırkı ictimai-siyasi durumda çox önəmlidir: «Gənclər cəmiyyətdə ədaləti yaymalı və onun uğrunda mübarizə aparmalıdırlar. Ona görə bu aksiyada iştirak ədalətə, insan hüquqlarının müdafiəsinə bir dəstəkdir. Gənclər öz hüquqlarını tələb etməlidirlər və bu hüquqların pozulmasına müqavimət göstərməlidirlər».
“Xalqını, vətənini sevən bütün insanları bu aksiyada iştiraka çağırıram”
KXCP sədrinin müavini, İP Koordinasiya Şurasının üzvü Ədalət Yusibov gəncləri bu cür fədəkar addım atdıqlarına görə alqışlayır və onlara uğurlar arzulayır: «Azərbaycan gəncliyi avtoritar rejimin fəsadlarına qarşı mübarizədən çəkinmirlər. Gənclərin bu aksiyası Azərbaycandakı uzun müddət susqunluqdan sonra ilk mitinqdir. Uğurlar arzulayıram və xalqını, vətənini sevən bütün fədəkar insanları bu aksiyada iştirak etməyə çağırıram».
Avtoritar rejim gəncliyin təzyiqi ilə geri çəkiləcək
İP üzvü, tanınmış jurnalist Mahal İsmayıloğlu da gənclərə uğurlar arzulayaraq, onların hazırda ciddi bir mübarizə yoluna qədəm qoyduğunu söylədi: «Dünyadakı bütün dəyişiklikləri gənclər həyata keçirir. Elə baş verən dəyişikliklər də gənclərə xidmət edir. Biz yaşlı nəsil bəzən atdığımız səhv addımlarla sonda diktatura ilə üz-üzə qaldıq və hazırda miras olaraq gənclərə diktatura rejimini qoymuşuq. Azərbaycandakı kimi rejimlər yalnız onlara təzyiq olduğu halda geri çəkilirlər. Belə bir təzyiqi isə bizim gənclik göstərə bilər. Gəncliyimizin böyük potensialı var».
Azərbaycan Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev də bu mitinqin uğurla baş tutacağına inanır və aksiyada iştiraka səsləyir: «İndi çox zaman yaxşı əməlləri sayəsində atanı oğula görə tanıyırlar. Azərbaycanda hazırda həqiqəti gözəl bilən, yaxşını-yamandan ayıra bilən gəncliyimiz var. Əminəm ki, bu gənclik ölkədə ciddi dəyişikliklərə nail olacaq. Bu aksiyada gənclərə uğurlar arzu edirəm».