Həsənlidən qorxursuz, Topçubaşovun günahı nədir?

ilham-huseynYaxud, Polad Bülbüloğlunun qaranlığa çağırış etməsi

İlham Hüseyn

Hökumətimizin “qətiyyət”li tədbirləri öz “bəhrə”sini verməkdədir. Bu dəfə də “düşünülmüş siyasət” nəticəsində Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənlinin Alma-Ata sərhəddinə yaxınlaşmasına imkan verilməyib. Belə ki, Cəmil Həsənli Qazaxıstanın keçmiş paytaxtı Alma-Atada təşkil olunan “Asiya Rusiyasında 1916-cı il üsyanı:

Məlum və naməlum məqamlar” adlı konfransa dəvət olunubmuş. Konfrans Müstəqil Dövlətlər Birliyi Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Qazaxıstanın “Turan” Universiteti, Rusiya Elmlər Akademiyasının Ümumtarix Institutu, Rusiya Dövlət Humanitar Universiteti, və “Şimal ” Cənub” Siyasi Mərkəzi tərəfindən təşkil edilibmiş. Cəmil bəy də bu bu konfransda “Əlimərdan bəy Topçubaşov və Türkistanın müsəlman əhalisi” adlı məruzə ilə çıxış edəcəkmiş.

Amma Cəmil Həsənlinin prezident seçkilərindəki 6 dəqiqəlik çıxışından bihuş olanlar, onun Alma-Atadakı 1 saatlıq məruzəsinə biganə qala bilməyiblər. Tədbirə 5-6 gün qalmış təşkilatçılar elektron bilet göndərmək üçün Cəmil bəyin pasportunun surətini istəyiblər və Cəmil bəy də göndərib.  Amma hökumətimizin operativ müdaxiləsi nəticəsində bilet ünvana çatmayıb. Sonradan məlum olub ki, Cəmil Həsənlinin konfransda iştirakının əngəllənməsində Rysiyadakı fövqəladə və səlahiyyətli səfirimiz Polad Bülbüloğlunun mislisiz xidmətləri olub. Səfirimiz fövqəladə vəziyyət elan edib və Cəmil Həsənlinin adının məruzənin proqramından çıxarılmasına nail olub.

Xatırladaq ki, bu hökumətin birinci canfəşanlığı deyil. Bundan əvvəl Cəmil Həsənlinin Çində və Vyanadakı məruzələrinin qarşısını almaq üçün də ciddi səylər göstərilib.

Alma-Atadakı konfransın adından da görünür ki, Cəmil Həsənli bu konfransda ofşor hesablardakı çirkli pullardan, ölkədəki repressiyalardan, seçki saxtakarlığından danışmayacaqmış. Sadəcə olaraq Azərbaycan tarixindən, tariximizin dəyərli ziyalılarından danışıb, tarixi həqiqətləri yada salacaqmış.  Amma hökumətimizin tarixçi alimə qarşı olan nifrət və qəzəbi, tarixin özünə də sıçrayıb.

Bu “primitivlik mələkləri” başa düşmürlər ki, Cəmil Həsənli ABŞ-dan tutmuş, Çinə qədər müxtəlif ölkələrdə mühazirələr oxuyur, kitabları dünyanın nüfuzlu Universitetlərində dərslik vəsaitinə çevrilib və bütün dünya onu ciddi tarixçi kimi qəbul edir.

Yəni, Polad Bülbüloğlunun bu qədər “cəh-cəh” vurmasının heç bir əhəmiyyəti yoxdur. Yaxşı olar ki, səfirimiz Rusiyanın ermənipərəst addımlarının qarşısını almaq, ermənilərin bu ölkədə təltiflənməsinə əngəl olmaq üçün səy göstərsin. Mən Polad Bülbüloğlunu “Qorxma mən səninləyəm” filmindən tanımışam. Həmin filmdə Polad müəllim yaxşı mahnılar oxuyurdu, səsində məlahət var idi. Indi isə məlum olur ki, Polad müəllim xaric oxumağa başlayıb. Cəmil Həsənlinin Alma-Atadakı çıxşını əngəlləmək üçün hökumətimizin “polad iradə” nümayiş etdirməsi, həm də Azərbaycan həqiqətlərinin xaricdə necə təbliğ edildiyinin göstəricisidir. Məhz bu təfəkkürün, bu yanaşmanın nəticəsidir ki, Azərbaycanın diaspora fəaliyyəti, lobbiçiliyə xərclənən milyonlar nəticəsiz qalıb. Bu qədər şikəst xarici siyasətin nəticəsidir ki, 20 faiz torpaqdan tutmuş, dolmaya, lavaşa qədər hər şeyə ermənilər iddia edir.

Bəli, şəxsi maraqlar naminə ölkənin bugünü və sabahı qurban verilib. Cəmil Həsənliyə qarşı olan qısqanc münasibət Topçubaşova qarşı haqsızlıqla yekunlaşıb.

Hikkələrinin barıtı o qədər çoxdur ki, partlayanda tarixə də, iqtisadiyyata da, dövlətin imicinə də zərbə vurur.

Bəli, aprel ayının əvvəlində cəbhə bölgəsindəki əlverişli vəziyyətdən istifadə edib irəli gedə bilməyənlər, əlverişli vəziyyətdən yararlanıb Alma-Ataya qədər gedə biliblər. Bunlar üçün “Lələ təpə” zirvəsinin alınmasından çox, Cəmil Həsənlinin məruzəsinin qarşısının alınması önəmlidir.

Istənilən halda hökumət növbəti rüsvayçılığa imza atdı və cılızlığın sərhəd tanımadığını göstərdi. Polad Bülbüloğlu isə “səsini batırdı”. Bundan sonra nə qədər “Gəl ey səhər” oxusa da xeyri olmayacaq. Çünki, Alma-Atadakı fəaliyyətilə səhərin gəlişinin qarşısını almağa çalışıb.