Nemət Əliyev: «Bu həm əhalinin, həm də investorların bank sisteminə olan etimadsızlığını göstərir»
Ölkədəki böhran getdikcə dərinləşməkdədir. Bunu statistik rəqəmlər də sübut edir. Iyunun 1-nə (01.06.2016) əhalinin banklardakı əmanətləri 7 milyard 565,9 milyon manat təşkil edib.
Mərkzi Bank xəbər verir ki, mayda əhalinin əmanətləri 119,1 milyon manat azalıb. Apreldə isə əhalinin əmanətləri 203,9 milyon manat azalmışdı. Yanvar ayının 1-də əhalinin banklarda 9 milyard 473,9 milyon manat əmanəti var idi. Ötən 5 ayda əmanətlər ümumilikdə 1 milyard 908 milyon manat azlıb.
Bundan başqa bankların daha bir gəlir mənbəyi demək olar ki, iflasa uğrayıb. Problemli kreditlər hər ötən ay sürətlə artmaqdadır. Mərkəzi Bank problemli kreditlərin həcminin 7 faiz olduğunu desə də, ekspertlər real rəqəmin daha yuxarı olduğunu düşünür. Beynəlxalq maliyyə institutlarının hesablamalarına görə, problemli kreditlərin faiz dərəcəsi real göstərilən rəqəmdən 4 dəfə artıqdır. Bu isə 30 faiz problemli kredit deməkdir.
Yaranmış bu cür vəziyyət banklara nə vəd edir? Bankların həm əmanətlərdən, həm də kredit ödənişindən ləğvi onlara hansı perspektiv vəd edir?
Iqtisadçı Nemət Əliyev hesab edir ki, ölkənin bank sistemindən iki milyarda yaxın maliyyə vəsaitinin geri çəkilməsi ciddi hadisədir. N.Əliyevin sözlərinə görə, əgər maliyyə təşkillatlarının depozitlərinin dinamikasına diqqət yetirilsə fevral, mart, aprel və may aylarında onların maliyyələrinin həcmində də bir milyard azalma görünər: “Əhali öz əmanətlərini ölkənin bank sektorundan geri çəkir. Bu həm əhalinin, həm də investorların bank sisteminə olan etimadsızlığını göstərir. Eyni zamanda bu ölkədəki iqtisadi şəraitə inamsızlığa işarə edir. Əslində belə bir vəziyyətin yaranması bank sektorunu məhv edir. Bankların kredit şəkilində ölkə iqtisadiyyatına yönəltməli olduğu maliyyə sürətlə azalır. Ilin əvvəlindən ötən beş ay müddətində iqtisadiyyata kredit qoyluşuna diqqət yetirilsə, kredit qoyluşlarında azalma müşahidə olunur. Əgər aprelin sonuna olan məlumata görə təxminən 18 milyarddan çox kredit qoyluşu var idisə, bu gün həmin rəqəm 17 milyarda düşüb. 2015-ci ilin yanvarın sonuna ölkə iqtisadiyyatına qoyulan kreditlərin həcmi 23 milyard olub. Bu günki, kreditlərin həcmini xarici valyutaya çevirib hesablasaq, məlum olacaq ki, həmin kredit qoyuluşlarının həcmi təxmini 12 milyarda düşüb. Bu hesabla baxanda məlum olur ki, kredit qoyluşunda 11 milyard azalma var. Ölkə iqtisadiyyatından iki dəfə artıq kredit qoyluşu azalıb. Həm kredit qoyluşunun həcmi aşağı düşməkdədir. Həm də ötən bir il müddətində dövriyyədə olan kredit vəsaitlərinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb. Ona görə həm sahibkarların, həm də ev təsərrüfatlarının problemlərini həll etmək imkanları kiçilib. Odur ki, bir tərəfdən depozitlərin aşağı düşməsi, o biri tərəfdən kreditləşmənin azalması vəziyyəti qəlizləşdirib. Bu isə onu deməyə əsas verir ki, bu istiqamətdə heç bir real addım atılmır. Belə bir vəziyyətin davam etməsi, artıq tendensiya halına gəlib. Bu isə böyük narahtlıq doğurur. Yaranmış vəziyyətdə hökumət imitasiya siyasətindən əl çəkib, real islahatlar yolunu tutmalıdır”.
Xəyal