Rəsmi qəzetlə nazirlik arasında “canavar qalmaqalı”

azerbaycan-qezeti“Azərbaycan” qəzeti Ekologiya və Təbii Sərvətlər Nazirliyini tənqid edib. Səbəb qəzetin 15 may 2016-cı id tarixli nömrəsində “Canavarlar kəndə girir” sərlövhəli yazıya nazirliyin cavabıdır. Qəzet yazır ki, həmin məqalədə ölkəmizin müxtəlif bölgələrində vəhşi heyvanların yaşayış məntəqələrinə artan hücumlarından, onların insanlara, fərdi təsərrüfatlara vurduğu ziyandan bəhs olunurdu.

Yazı dərc olunandan sonra qəzet Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ünvanlayaraq problemin aktuallığını, vəhşi heyvanların kəndli təsərrüfatlarına hücumları nəticəsində vətəndaşlara dəyən maddi-mənəvi zərərin ilbəil intensivləşdiyini nəzərə alaraq məsələyə münasibət bildirilməsini, görüləcək tədbirlər haqqında məlumat verilməsini xahiş edib. Nazirlik isə 36 gündən sonra qəzetə cavab verib. Cavabda isə bildirilib ki, vətəndaşlar yaşadıqları ərazidə insanların və ev heyvanlarının yırtıcıların hücumuna məruz qalma təhlükəsi ilə üzləşdikləri hallarda onların zərərsizləşdirilməsi və ya belə halların qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi üçün dərhal aidiyyəti üzrə Ərazi ekologiya və təbii sərvətlər şöbəsinə müraciət etməlidir. Lakin bu cavab qəzeti qane etməyib. Qəzetin nazirliyin cavabına münasibətini ixtisarla təqdim edirik: “Gözləmək olardı ki, ötən bu uzun müddət ərzində  nazirlik tərəfindən problem dərindən və səriştəli şəkildə araşdırılacaq, vəziyyətin real təhlili əsasında konkret tədbirlər müəyyənləşdiriləcəkdir. Təəssüf ki, verilən cavabda bunlar görünmür. Məqalədə yazdıqlarımız məktubda yenidən sadalanıb…

Vəhşi heyvanları qorumaqdan əvvəl insanların yırtıcı heyvanların hücumundan və quduzluq xəstəliyinə yoluxdurulması təhlükəsinin qarşısı alınmalıdır. Nədənsə nazirlik məsələyə münasibətində qorunma mexanizminin hərəkətə gətirilmə məsuliyyətini vətəndaşın – silahsız kəndlinin  üzərinə qoyur: vətəndaşlardan yerli şöbələrə müraciət etmələri tələbini irəli sürür. Vətəndaş isə ona nə zaman, harada və hansı heyvanın hücum edəcəyini qabaqcadan bilmədiyindən müraciət ərizəsini nə vaxt yazacağını müəyyənləşdirməkdə çətinlik çəkir. Hücum anında isə ərizə yazmaq yox, canını qorumaq hayında olur!”