Demokratik jurnalistikamızın xanım birincisi Xədicə Ismayılın başına gələn əliyevçi rejim dönəminin çoxsaylı oxşar görsənişlərindəndir. Korrupsioner rejim kriminal rejim deməkdir. Kriminal rejim demokratik jurnalistikaya, demokratik jurnalistlərə düşmən olmaya bilməz, olarsa… onda o, korrupsioner-kriminal rejim olmaz. Korrupsiyanı DÖVLƏT SIYASƏTINƏ çevirən rejim xaraktercə kriminal rejimdir. Bizim – demokratik jurnalistlərin çalışdığı Ölkənin, Millətin, Dövlətin canını bu rejimdən qurtarmaqdır! Bizlər – demokratik jurnalistika yolçuları istənilən doğru-düzgün prezidentin ən yaxın adamları, yoldaşları, arxadaşları yerində olmalıyıq – Gerçək, Güclü Dövlətin, Dövlətçiliyin qarantı kimi!
Ancaq bizə prezidentdən, prezident administrasiyasından tutmuş, ən sonuncu polis bölməsinədək hamı qorxulu düşmən kimi baxır. Bu bizim – demokratiya çarpışması aparan jurnalistlərin indiki rejimdə başlıca qazancıdır. Hələlik biz yalnız bunu qazana bilmişik. Satılan jurnalistlərin, qəzet redaktorlarının qazancı da bəllidir: rejimə gizli-açıq qulluq ödüncü olaraq aldıqları! Burada cins kateqoriyası: kişilik-qadınlıq rol oynamır – burada alınıb-satılmaz, yenilməz MƏNLIK rol oynayır! Siyasi-ideoloji mənlik, milli mənlik, professional mənlik… Bunların hamısını buketə çevirib satanlar göz qabağındadır: hakimiyyətdə də, müxalifətdə də.
Xədicə xanım başına gələnlə bağlı martın 9-da baş p. Z.Qaralova, daxili işlər naziri R.Usubova şikayət ərizəsi göndərdiyini, onlardan hələ cavab almadığını bildirir. Gülməlidir, Xədicə xanım, martın 9-dan nə keçib, nə də cavab ola? Gəlin oxşar faktlara baxaq. 2003-cü il sentyabrın 8-də beş-altı jurnalist Bakı Şəhər Baş Polis Idarəsinin qarşısında yığışmışdıq. Bizimlə görüşə qondarma general Yaşar Əliyev gəldi. “General” söyüş qarışıq bütün güc arsenalını işə saldı: şillə, yumruq, təpik, şıllaq. Mətbuat Şurasının ünlü başqanı Ə.Amaşov indiki işdə olduğu kimi, onda da işi “öz nəzarətinə2 götürdü. Görünür, Amaşovun araçılığı ilə jurnalistləri bir-bir satın aldılar. Deyilənə görə, 8-10 min dollar arası. Mənimlə bağlı başqa metoda əl atıldı: ”iş” Amaşovla vəkil Elton Quliyev arasında it-bata salındı.
Bir ara yazılarımla bağlı ev telefonuma söyüş dolu zənglər gəlir, ölüm uyarmaları olurdu. Araşdırma aparıldı, zəng yiyələri tapıldı. 29-cu polis bölməsinin o çağkı rəisi Faiq Hüseynov zəng yiyələrinin ortaqlarına çevrildi. Aradan az keçmiş onu böyüdüb Yasamal Polis Idarəsinə, oradan da Xətai Polis Idarəsinə apardılar. Konkret bir yazımla bağlı elektron poçtuma gələn söyüş, ölümlə qorxutma məktubunu çoxdan gərəkən yerə çatdırmışam – soraq yoxdur. Ötən ilin 2 aprelində tutulanların biri də mən idim. Yasamal Polis Idarəsində üzləşdiyim vəhşiliklə bağlı Daxili Işlər Nazirliyinə, Baş Prokurorluğa göndərdiyim epistolyar material hələ də baxılmamış qalır. DIN işi prokurorluğun üstünə atıb, az qalır bir il ola, prokurorluqdan reaksiya yoxdur. Bu, indiki rejimdə daşlaşmış praktikadır: adamları get-gələ salıb bezdirməklə işdən soyutmaq. Ancaq limit tükəndiyindən bildirirəm: belə getsə, Zakir Qaralovun özü Yasamal Polis Idarəsində baş vermiş qanunsuzluqlara görə cavab verməli olacaq.
Yasamal Polis Idarəsinin əməliyyatçı rəis yardımçısı Cavid Muradov mənimlə bağlı qanunsuz-tərbiyəsiz davranışını belə arqumentləşdirirdi: “Sən dövlətçiliyə qarşı yazılar yazırsan”. Mən istəyirəm məhkəmə olsun, C.Muradov, onun arxasında dayanan korrupsioner rejim yolçuları dövlətçiliyə qarşı yazılmış bircə yazımı ortaya qoysunlar. Onlar mənim Demokratik – Qanunçu Azərbaycan dövləti uğrunda apardığım çoxillik barışmaz çarpışmanı dövlətçiliyə qarşı çıxmaq kimi dəyərləndirirlərsə, bu özü açıq cinayət aktıdır. Biz Doğru, Düzgün, Demokratik Azərbaycan Dövləti uğrunda çarpışma yolçularıyıq!

Başına gələn… başmaqçı!
•