”Parçala, hökm sür” siyasəti milli ifada

rafiqmanafli1

Rafiq Manaflı

Hakimiyyət anlayışı yaranandan iqtidarda olanlara həmişə müxaliflər olublar. İqtidar müxalifət rəqabəti bəzən sivil qaydada yanaşı yaşasa da, bəzən düşmənçilik həddinə çatsa da, hər iki tərəf xalqı içindən parçalamağı qəbul etməyib. Nə vaxt tərəflərdən biri bunu özünə rəva bilib, xalqı parçalamağa nail olubsa, həmən ölkələri dəhşətli vətəndaş müharibələri silkələyib. Bu da həmin xalqların 50-100 il geri düşməsi ilə nəticələnib. Və əksinə, xalqı dövlətin həyati maraqları ətrafında birləşdirməyə nail olan hökumətlər böyük uğurlara imza atıblar.

1988-ci ildə ermənilərin bizə ərazi iddialarının yaratdığı xarici təhdid xalqımızı yumruq kimi birləşdirdi. Xalq iradəsini ortaya qoydu və həmin il dünyada ilin xalqı kimi tanındı. O dövrdə nə Vəzirov nə də Mütəllibov, rəqibləri ilə mübarizədə bütün vasitələrdən istifadə etsələr də, xalqı içindən parçalamağı ağıllarına belə gətirmirdilər. Amma 1993-cü ildə Elçibəy hakimiyyətinin Qarabağda uğurlu yürüşünə Rusiya tərəfindən Sürət Hüseynov pazı vurulandan sonra gələn hakimiyyətin bütün işi xalqı parçalamaqdan ibarət olub. Təriqət qalmayıb ölkəyə idxal olunmamış. İran mollaları, ərəb şeyxləri, rus missionerləri açıq-aşkar, hakimiyyətin gözü qarşısında və onun susqun razılığı, bəzən də dəstəyi ilə Azərbaycanda destruktiv fəaliyyət göstəriblər. Vəhabiçilik, MTN və onun şefi Eldar Mahmudov tərəfindən himayə olunub.

2000-ci ildən hakimiyyət “parçala, hökm sür” siyasətini partiyalar və vətəndaş cəmiyyəti ilə mübarizədə özünün əsas silahına çevirib. Satılanlar alınıb, satılmayanların ətrafına xainlər yeridilib. Xırda narazılıqlar üfürülüb, körükləndirilib böyük intriqalara, dünənin dostları bu günün düşmənlərinə çeviriliblər.

Nəticədə inert, hərəkətsiz, müqavimətsiz bir cəmiyyət əldə etməyə nail olublar. Və unudublar ki, daxildən özünə təcavüzə müqavimətsiz xalq, xarici düşmənlər qarşısında tam gücsüz olurlar.
“Parçala, hökm sür” strategiyası Azərbaycan hakimiyyətinin kəşfi deyil. Bu strategiyanın kəşfi uzaq keçmişdə Çinlə bağlansa da, dünyada böyük imperiyalar quran bütün xalqlar, xüsusi ilə də ingilislər və ruslar, “parçala, hökm sür” siyasətindən geniş yararlanıblar. Və bir qayda olaraq, bu strategiya işğal edilmiş ölkələrdə, yad xalqlara qarşı tətbiq edilib…