İçəridəki və bayırdakı dostların əhatəsində
İsa Sadıqov
Döyüş dostlarımın hazırladığı bağlama və onların mənə verdikləri pulla Gəncəyə getdim. Gəncə türməsinin bütün kameraları OMON hadisələrinə görə Ağstafadan və Qazaxdan həbs edilmiş insanlarla dolu idi. Bütün müharibə yolunu şərəflə keçmiş yüzlərlə insan burada idi. Onların hamısı özlərini unudub mənim taleyimdən narahatlıq keçirirdilər. 2 gündən sonra bizim hamımızı Bakıya göndərdilər. Həbsxananın rəisindən də xahiş etdim ki, mənə qandal geyindirməsinlər və məni hamıdan əvvəl aparıb vaqonda təkadamlıq bir kameraya salsınlar ki, burada kimsə mənim mövcudluğumdan xəbər tutmasın. Amma türmə poçtu tez və operativdir.
Birdən dustaqlardan birinin məni adımla soyadımla çağırdığını eşitdim. Səsini dərhal tanıdığım bu adam Ağstafadan olan Zahid adlı olduqca qorxmaz və cəsarətli bir pulemyotçu idi. Cavab verməyə bilməzdim. “Zahid, bu sənsənmi? Sən …” və onun qəhrəmanlıqlarını sadalamağa başladım. O sevincindən bağırmağa başladı. Sevinirdi ki, onu xatırlayırlar, onun qəhrəmanlıqlarını onun komandiri dəqiqliklə xatırlayır. Amma indi onun şücaətləri heç kimə lazım deyildi. Indi onların hamısı Vətən xainləri adlanırdılar. Onlar nəzarətçiyə pul verdilər ki, məni onların kamerasına keçirsinlər. Biz birlikdə əyləşib uzun-uzadı söhbətlər etdik. Bizi gözləyən dəhşətlər haqqında deyil, bizi birləşdirən keçmiş, döyüşlər, müharibə haqqında danışırdıq. Harada olduğumu belə unutmuşdum. Bakıya necə gəlib çıxdığımızı, bizi nə üçün, hansı səbəblərə görə həbs etdiklərini,.. hər şeyi unutmuşduq. Indi artıq, çox rahat idim. Məni narahat edən yeganə məsələ ailəm idi- onlar demək olar ki, dolanışıq üçün heç bir vəsait olmadan qalmışdılar. Başıma min cür fikirlər gəlirdi. Birdən mənə bir məktub gətirdilər. Çox hörmət etdiyim zabitlərdən biri olan Qazax polisinin keçmiş rəisi Isaxan Aşurovdan. Məktubda yazılırdı ki, ailədən narahat olma. Mənim üçün bu sözlər kifayət idi. Isaxanla birlikdə mənim yanıma Vurğun Əyyub və Tofiq Hüseynov- Qara Tofiq gəlirdilər. Heç zaman bu ləyaqətli adamların mənə və ailəmə göstərdikləri qayğını unutmaram. Mən onların bu qədər diqqətini qazanmaq üçün nəsə etdiyimi düşünmürəm. Onlar sadəcə olaraq, bu çətin günlərdə öz ləyaqətli davranışlarını nümayiş etdirən səmimi dostlar idilər.
Azadlıqdan məhrum etdilər və generalların yanına göndərdilər
Gürcüstanda məni “Əliyevin düşməni”, “narkoman”, “Vətən xaini” kimi təqdim etsələr də, burada məni, – Azərbaycan Respublikasının müdafiə nazirinin müavinini, başqa ölkənin vətəndaşını fərarilikdə ittiham edirdilər. Məni hərbi xidmətdən yayınmaqda ittiham edərək 3 il azadlıqdan məhrum etdilər. Çoxlu sayda zabitlərin, generalların oturduğu 9-cu kalona göndərildim. Onların mütləq əksəriyyəti 1994-cü ilin oktyabr və OMON hadisələrinə görə həbs edilənlər idi.
1996-cı ilin aprel-may aylarında Qazax OMON-unun məsələsi üzrə məhkəmə prosesi başlamışdı. Baxmayaraq ki, mən nəinki şahid, hətta rəsmən təyin edilən əməliyyatın rəhbəri idim, heç kim məni məhkəməyə çağırmırdı. Heç kim məndən soruşmaq istəmirdi ki, kim günahkardır, kim yox. Istintaqın və məhkəmə prosesinin gedişində məni dindirib-danışdıran yox idi. Buna görə də kalondan xəbər göndərdim ki, məhkəməyə çıxarılan OMON-çular mənim şahid kimi gəlib ifadə verməyimi tələb etsinlər. Belə də oldu və onlar mənim şahid kimi məhkəməyə cəlb edilməyimi tələb etdilər.
1996-cı il mayın əvvəllərində məni məhkəməyə gətirdilər. Məni avtozakın başqa kamerasına keçirdilər. Bu kameraya keçəndə bu biri kamerada oturan arıq, üz-gözünü tük basmış bir dustaq gördüm. Sifəti olduqca tanış gəlirdi, amma heç cür tanıya bilmirdim. Həm də hisslərim məni aldatmırdı ki, bu adam mənə çox yaxın və çox doğma adamdır. Amma tanımaq mümkün deyildi. Kamerada əyləşəndən sonra uca səslə onun kimliyini soruşdum. O mənə adımla müraciət edərək soruşdu ki, onu tanımadımmı? Mən üzr istəyərək “yox” dedim. Bu zaman o öz adını dedi: – Vahid Musayev!
Mən elə buradaca kiçik bir ara verib Vahidin qohumlarına, ailə üzvlərinə bir daha başsağlığı verirəm və bildirirəm ki, biz, onun döyüş dostları olaraq Vahidi çox yüksək dəyərləndirir və onunla fəxr edirik. Biz sizin ağrılarınızı bölüşürük və bunu öz ağrılarımız hesab edirik. Mən onun ruhu qarşısında baş əyir və istəyirəm ki, siz də bizim qədər onunla qürur duyasınız. Mən bilirəm ki, siz hansı dəhşətlərdən keçmisiniz. Azərbaycanın minlərlə vətəndaşı bu dəhşətlərin içindən keçib və keçməkdədir.
Vahid Musayev böyük hərflərlə yazılacaq zabitlərdəndir. Iradəli, ciddi, yüksək savadlı bir Azərbaycan zabiti idi. Bilirsinizmi, Sovet hakimiyyəti illərində bizim ordumuz olmayıb, yüksək səviyyəli peşəkar zabitlərimiz də çox az olub. Amma belələri var idi. Münaqişə başlayanda onlardan bir çoxu Vətənə gələrək müharibəyə qoşuldu. Gənc nəslə nümunə olacaq bu cür zabitlərə böyük ehtiyac vardı. Generallar Vahid Musayev, Hacıkərim Məmmədov, Rafael Əsədov belələrindən idi. Onların hər biri şərəf və şöhrət mücəssəməsi, məğrurluq və əyilməzlik abidəsi idi. Onlardan bəziləri hərbi əməliyyatların gedişi zamanı həlak oldu, bəzilərini isə bu rejim məhv etdi. Tam məsuliyyətlə deyirəm ki, əgər bu gün bu cür generallarımız olsaydı, bu atəşkəs rejimi zamanında minlərlə Azərbaycan əsgəri təsadüfi güllədən, xəstəliklərdən, distrofiyadan ölməzdi.
Onun danışdıqlarını unutmayın!
Müharibə illərində ordunun, faktiki olaraq bütün təchizatı general Vahid Musayevin üzərinə düşürdü. Intensiv döyüşlər gedir, qoşunlar bir yerdən başqa yerə atılırdılar və bu ağır şəraitdə bizim ordumuz mümkün olacaq ən yüksək səviyyədə təmin olunurdu. Bütün bunlar Vahid Musayevin çiyinlərində idi və döyüş əməliyyatlarının içində olan bütün komandirlər bunu çox yaxşı bilirlər. Biz hamımız onu çox sevirdik və bilirdik ki, o, Müdafiə Nazirliyində çox az adamlardan biridir ki, onunla bütün problemləri müzakirə etmək olar. O, yalnız təchizat üzrə nazir müavini deyildi, həm də hərb sənətini əla bilən bir general idi. Hər kəs yaxşı bilirdi ki, o, bütün Müdafiə nazirliyinin ağırlığını daşıya biləcək, nazir ola biləcək yeganə adamdır. 1994-cü ilin yayında belə də oldu. Surət Hüseynov Dadaş Rzayevi nazir vəzifəsindən kənarlaşdırıb Vahid Musayevi bu vəzifəyə təyin etdi. Surət bilirdi ki, onsuz indiki zamanda keçinmək mümkün deyil. Amma Musayev bu postda yalnız ikicə gün otura bildi. Heydər Əliyev zəif Surət Hüseynovun mövcudluğunda, onun məğlubiyyətində maraqlı idi. Və Musayev kimi zabitlər olmadan bizim məğlubiyyətimiz labüd idi. Musayevin əvəzinə Səfər Əbiyevi təyin etdilər. Bundan sonra isə bizim çox dəhşətli məğlubiyyətlərimizin seriyası başlandı. Bu barədə bir qədər sonra.
Indi isə Vahid Musayevlə görüş haqqında. Mən dərhal nəzarətçidən xahiş etdim ki, məni onun yanına keçirsinlər. Vahidin mənə danışdıqlarını heç zaman unutmaram və gənc nəslin, Azərbaycan zabitlərinin də unutmasını istəmərəm. Onun danışdıqları bizim birgə taleyimiz idi, bizim xalqımızın taleyi idi. Mehmandarovları xatırlayırsınızmı? Bilirsinizmi ki, o nəsil hansı aşağılamalara, işgəncələrə məruz qalıb? Bizə deyirdilər ki, bunu ermənilər və bolşeviklər ediblər. Bəs, Vahid Musayevə, Hacıkərim Məmmədova kimlər işgəncə verib, sındırıblar? Yalnız eyni mahiyyətli zümrə millətin bu cür say-seçmə insanlarına qarşı bu işgəncələri rəva görə, tətbiq edə bilər.
Vahid Musayev uydurma ittihamlarla həbs edilib, sonra sübutların yetərsizliyinə görə azad edilib. Sonra onu yenidən həbs ediblər və sübutları düzəltmək üçün onu yalnız işgəncə əməliyyatlarına məruz qoymayıblar. Onun ağzında bircə dənə də dişi qalmamışdı, hamısını sındırıb tökmüşdülər. General Vahid Musayev tualeti olmayan təcridxanada saxlanılıb. Təbii ehtiyacını rəf etmək üçün ona sellafon paketlər verirmişlər!!! Bu bizim taleyimiz və tariximizdir! Azərbaycanın bu cür ləyaqətli oğullarını xüsusi idarənin o qaranlıq zirzəmilərində və dəhlizlərində sındırmaq, əzmək, heçə endirmək üçün ən müxtəlif eksperimentlərdən və işgəncə fantaziyalarından istifadə ediblər. Buna görə hər kəs cavab verməlidir. Sonra hər halda, Vahid Musayev 1999-cu ilin fevralında həbs edilərək qapalı həbsxanada öldürülüb. Biz Azərbaycanın bu ləyaqətli insanlarının, döyüş dostlarımızın xatirəsini hər zaman qürurla anacağıq.
Bu gün həqiqi qəhrəmanlara abidə qoyulmalıdır. Bizim hamımız mənim yazdığım bu həqiqətləri bilməlidir. Heç kim özünü o yerə qoymasın ki, bu hadisələr barədə eşitməyib, məlumatı yoxdur. Bilin və xatırlayın!.
Bunlar mənim məktublarımın sonuncusu deyil…
(Birinci hissənin sonu)