Hökumət avtoritarizmlə nikaha girəndə…

nigahBoşananların sayı artıb, evlənənlərin sayı azalıb

Hesabatlara, rəsmi rəqəmlərə nəzər salanda görünür ki,  bütün sahələr üzrə ən yüksək göstəricilər məhz demokratik ölkələrin payına düşür. Avtoritarizmin, diktaturanın hökm sürdüyü ölkələrdə heç bir sahənin inkişafı gözə dəymir, hətta uzunömürlülərin, xoşbəxt ailələrin statistikasına nəzər salanda da demokratik ölkələrin adını görürük.

Bəli, qanunların işlədiyi, vətəndaşa qayğının olduğu, şəffaf idarəçiliyin hökm sürdüyü, dövlətin sərvətlərinin ədalətli bölündüyü ölkələrdə insanların şəxsi xoşbəxtliyə nail olması da asan olur.

Amma yaşadığımız ölkədə statistikaya nəzər salanda insan dəhşətə gəlir. Bütün sahələr üzrə tənəzzül, geriləmə müşahidə olunur. Təhsildə də, səhiyyədə də, iqtisadiyyatda da müsbət heç nə müşahidə olunmur.

Əksinə, intiharların sayı artıb, uşaq ölümlərinin sayı artıb, borcluların sayı artıb və s.

Statistik rəqəmlər göstərir ki, ölkədə boşanmaların sayı da sürətlə atrır. Hər il minlərlə ailə dağılır, minlərlə uşaq normal ailədən məhrum olur. Boşanmaların əsas səbəbi kimi də sosial vəziyyətin ağırlığı göstərilir. Ölkəmiz varlı olsa da vətəndaşımız həddindən artıq kasıbdır və bu da ailə ehtiyaclarını ödəməyə imkan vermir. Əmək haqqı minimum, qiymətlər maksimum səviyyədədir. Hökumət elə bir cəhənnəm yaradıb ki, əhalinin böyük əksəriyyəti yaşamaq üçün ölüm-dirim savaşı aparır.

Son statistik rəqəmlər göstərir ki, ölkədə ailə quranların sayı da azalıb. Ötən il Azərbaycanda 68773 nikah qeydə alınıb. Bu, son 6 il ərzində nikaha daxil olanların sayında qeydə alınan ən aşağı göstəricidir. Belə ki, 2010-cu ildə Azərbaycanda 79172, 2011-ci ildə 88145, 2012-ci ildə 79065, 2013-cü ildə 86 852, 2014-cü ildə 84 912, 2015-ci ildə isə 68 773 nikah qeydə alınıb.

Ötən il Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı da son 6 ilin ən aşağı göstəricisi olub.

2010-cu ildə Azərbaycanda əhalinin hər 1000 nəfərinə 8,9 nikah düşdüyü halda, 2015-ci ildə bu rəqəm 7,2 olub.

Azərbaycandakı boşanmaların sayında isə nisbətən artım baş verib. 2010-cu ildə Azərbaycanda 9061, 2011-ci ildə 10 747, 2012-ci ildə 11087, 2013-cü ildə 11730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764 boşanma olub.

Göründüyü kimi yarıtmaz idarəçilik, vətəndaşa yönəlməyən fəaliyyət həm ailələrin dağılmasını, həm də yeni ailələrin qurulmamasını zərurətə çevrib. Bir hissə ailə qurduqdan sonra sosial yükün altından çıxa bilmir və boşanmağa qərar verir. Bir qrup isə ümumiyyətlə ailə qurmaq iqtidarında olmur. Gənc ailələrin əsas problemi evsizlikdir ki, Azərbaycanda ev almaq əlçatmaz arzuya çevrilib. Hökumətin gənc ailələr üçün nəzərdə tutduğu ipoteka kreditləri isə imitasiyasdır. Yəni, ipoteka kreditləri məhdud həcmdədir, şərtləri ağırdır. Son 1 ildə isə ipotekaya ayrılan vəsait 31 dəfə azalıb. Deməli, ailə quranların əksəriyyəti kirayələrdə sürünməlidir. Dünyaya övlad gətirmək növbəti ağır sınaqdır. Çünki, Azərbaycanda uşaq dünyaya gətirmək də maliyyə deməkdir.

Bəli, ölkədə elə ağır vəziyyət yaranıb ki, ən gözəl, ən arzulanan hadisələr, təxirə salınır. Ailə qurmaq da, övlad dünyaya gətirmək də hamının arzusu olsa da, bu arzunu reallaşdıra bilmirlər. Ona görə də gənclər ailə qurmağa hazır olduqları zamanı gözləyirlər. Başa düşürlər ki, bu şərtlər daxilində ailə qurmaq, bu izdivacı davam etdirmək mümkünsüzdür.

Sonra da hökumət təmsilçiləri “böhran bizə təsir etməyib” deyirlər. Əslində isə böhranın təsir etmədiyi sahə yoxdur. Gənc bilsə ki, təhsildən sonra təyinat alacaq, ev növbəsinə yazılacaq, yüksək maaşı olacaq, övladı pul müqabilində dünyaya gətirməyəcək, dövlətin qayğısı ilə əhatə olunacaq, əlbəttə ki, inamlı olar və ailə qurar. Avropa ölkələrində,  hətta bəyənmədiyimiz Rusiyada gənc ailələrə qayğı var, dünyaya gələn uşağa görə yüksək miqdarda yardım edilir, valideynlər xərcə düşmürlər. Vətəndaşı yetim qoyan, vətəndaşına arxa çevirən yalnız bizim hökumətdir. Mənasız tədbirlərə xərclənən milyardlar hesabına yüzlərlə gənc ailəni evlə təmin etmək, aşağı faizlərlə kredit vermək olardı.

Amma nə boşanmaların sayının artması, nə evlənənlərin sayının azalması hökuməti qətiyyən narahat etmir. Bu hökumət üçün əhalinin sayının artması, normal ailə modelinin qurulması, gənclərin möhkəm təməl üzərində qurulmuş gələcəyi önəm daşımır.

Korrupsiya, ədalətsizlik, talançılıqla nigaha girmiş hökumət üçün, müqəddəs heç nə yoxdur.

Akif