Onun işinin Nardaran hadisələri ilə birləşdirilməsi mexaniki xarakter daşıyır
Fəxrəddin Mehdiyev: «Müdafiə tərəfinin əlində kifayət qədər tutarlı faktlar var»
Həbsdə olan “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin məhkəməsi iyulun 19-da başlayacaq.
Vəkil Elçin Sadıqov deyir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Hələ istintaq yenicə başa çatarkən müdafiə tərəfi açıqlamışdı ki, cinayət işində ortaya sübut qoya bilməyiblər. Üstəlik, istintaq bir çox qaranlıq məsələlərə aydınlıq gətirməkdən yayınıb.
“Müsəlman Birliyi” Hərəkatının rəhbəri T.Bağırzadə ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı saxlanıb. O, CM-in 120 (qəsdən adam öldürmə) 228.3 (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4 (qanunsuz olaraq silah gəzdirmə) və digər ağır maddələri ilə ittiham olunur.
AXCP sədrinin müavini F.Qəhrəmanlı isə Nardaran hadisələri ilə bağlı özünün Facebook səhifəsində yazdığı statuslara görə ötən il dekabrın 8-də həbs edilib. O, CM-in 281 (dövlət əleyhinə açıq çağırışlar), 283 ( milli, irqi, sosial və ya dini nifrətin, düşmənçiliyin salınması) və 220.2 (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara çağırışlar etmə) maddələri ilə günahlandırılır.
Maraqlıdır ki, siyasi baxışlarına görə həbs olunduğu şübhə doğurmayan F.Qəhrəmanlı öncə yazdığı statuslara görə ittiham olunurdu. Daha sonra onun işini daha çox Nardaran olaylarına calamağa çalışdılar. Əslində ekspertlərə görə bütün bu baş verənlər təsadüfi deyil. Milli Şuranın Nardaran olaylarında kəskin və adekvat mövqe bildirməsi hökumət tərəfindən birmənalı qiymətləndirilmədi.
Bəs, müdafiə tərəfi bütün bu baş verənləri nəzərə alaraq müdafiəyəyə necə hazırlaşıb?
F.Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev bildirdi ki, müdafiə tərəfinin əlində kifayət qədər tutarlı faktlar var. F.Qəhrəmanlıya qarşı irəli sürülən ittihamların tamamilə cəfəngiyyat olduğunu deyən F.Mehdiyev vurğuladı ki, ümumiyyətlə müdafiə etdiyi şəxs facebook statuslarında ittihamda əks olunan xarakterli hərəkətlərə yol verməyib: “Fuad Qəhrəmanlının həbsi daha çox onun siyasi fəaliyyəti ilə bağlıdır. Fuad Qəhrəmanlının işini mexaniki şəkildə Nardaran hadisələri ilə bağlayıblar. Məhkəmə prosesində bir daha məlum olacaq ki, Fuad Qəhrəmanlının işinin Nardaran hadisələri ilə bağlılığı yoxdur. Fuad Qəhrəmanlının əməlində cinayət tərkibi yoxdur. Fuad Qəhrəmanlı partiya funksioneri kimi həmişə açıqlamalarında dinc, demokratik mübarizənin tərəfdarı olub. Zorakılığa çağırı ş Fuad Qəhrəmanlıya yaddır. Ona görə cinayət işi başlayandan bizim vəsatətlərimiz olub ki, cinayət işinə xitam verilməlidir”.
Xəyal