Tanınmış vəkilə ikiqat qadağa

esabeli_1

İki ildir ölkədən çıxışına qadağa olan Əsabəli Mustafayevlə bağlı dünən məhkəmə bir daha belə qərar verib

Əsabəli Mustafayev: «Qüvvəyə minməmiş bir qərara görə mənə niyə məhdudiyyət tətbiq olunmalıdır?»

Bu gün Sumqayıt şəhər Məhkəməsində Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergi Departamentinin təqdimatı əsasında tanınmış vəkil, “Demokratiya və Insan Haqları Resurs Mərkəzi”nin rəhbəri Əsabəli Mustafayevin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qətnamə çıxarılıb. Həənd, Əsabəli Mustafayev artıq iki ildir ki, ölkədən çıxa bilmir. Çünki onun çıxışına prokurorluq tərəfindən qadağa qoyulub.

Məhkəmə iclasında vergi orqanını Ilyas Məmmədov təmsil edib. O, çıxışında bildirib ki, Əsabəli Mustafayevin rəhbərlik etdiyi təşkilata hesablanmış vergi cəriməsi ödənilməyib. Ona görə də onun ölkədən çıxışına qadağa qoyulmalıdır.

Əsabəli Mustafayev isə çıxışında həm vergi orqanının əməkdaşının, həm də hakim Ceyhun Məmmədovun nəzərinə çatdırıb ki, onun ölkədən çıxışına hələ 2014-cü ildən Baş Prokurorluğun təqdimatı əsasında qadağa var. QHT-lərlə bağlı cinayət işlərinin istintaqı çərçivəsində Əsabəli Mustafayevin ölkədən çıxışı məhdudlaşdırılıb, həmçinin vergi orqanı onun rəhbərlik etdiyi təşkilatın – Demokratiya və Insan Haqları Resurs Mərkəzinə 7000 manata yaxın vergi cəriməsi hesablayıb. Ödənilmədiyi müddətdə cərimə faizləri də hesablanıb və hazırda məbləğ 8000 manat civarındadır.

Əsabəli Mustafayev çıxışında qeyd edib ki, vergi orqanının onun təşkilatının üzərinə qoyduğu cərimə ilə bağlı qərar hələ qüvvəyə minməyib: “Qanuna görə, vergi orqanının cərimə qərarından bir ay ərzində məhkəməyə müraciət etmək olar. Mən də həmin qərarın qanunsuz olduğunu əsas gətirib onun ləğvi üçün Sumqayıt Inzibati Iqtisad Məhkəməsinə müraciət etmişəm. Vergi orqanının nümayəndəsi həmin məhkəməyə məktub təqdim elədi ki, Baş Prokurorluqda QHT-lərlə bağlı araşdırmalar başa çatmadığına görə bu iş üzrə icraat hələlik dayandırılsın. Məhkəmə də mənim yox, məhz vergi orqanının müraciəti əsasında icraatı müvəqqəti dayandırdı və bu barədə qərardad çıxartdı”.

Əsabəli Mustafayev sözügedən qərardadı da məhkəməyə təqdim edib.

Qüvvəyə minməmiş bir qərara görə mənə niyə məhdudiyyət tətbiq olunmalıdır? Niyə cərimə kimi müəyyənləşdirilən məbləğə faiz hesablanmalıdır? Bəlkə icraatı dayandırılmış işə məhkəmə baxıb qərar verəcək ki, vergi orqanının cərimə qərarı qanunsuzdur, onda necə olacaq?”, – deyə Əsabəli Mustafayev bildirib.

Hakim qısa müşavirədən sonra Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergi Departamentinin təqdimatını təmin edhib və Əsabəli Mustafayevin onsuz da mövcud olmayan ölkədən getmək hüququ bir daha məhdudlaşdırılıb.

Əsabəli Mustafayev “Azadlıq”a açıqlamasında bildirib ki, qərardan apellyasiya şikayəti verəcək. Hüquq müdafiəçisinin sözlərinə görə, Vergilər Nazirliyi onun təşkilatının həyata keçirdiyi qrant layihələrinin bir neçəsinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçmədiyini əsas gətirərək, həmin vəsaitlərə ƏDV hesablayıb. Halbuki, həmin layihələrin hamısı qeydiyyatdan keçib, bu barədə nazirliyin saytında məlumat yerləşdirilib. Sadəcə, Intiqam Əliyev və digərlərinin işində olduğu kimi, Ədliyyə Nazirliyi həmin məlumatları saytdan yığışdıraraq, sonradan həmin layihələrin qeydiyyatdan keçmədiyini iddia edib.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, qrant vəsaitləri ƏDV-dən azaddır. Vergi orqanı layihələrin qeydiyyatdan keçmədiyini əsas gətirərək, xərclənmiş vəsaitlərin qrant olmadığını iddia edib və ona ƏDV hesablayıb.

Vergi orqanı bir tərəfdən prokurorluqda araşdırmalar getdiyini əsas gətirib, tətbiq etdiyi vergi sanksiyasının qanuniliyi məsələsinə məhkəmədə baxılmasına imkan vermir, digər tərəfdən də hər ay faiz hesablayır, mənim onsuz da mövcud olmayan ölkədən getmək məhdudlaşdırır”, – deyə Əsabəli Mustafayev bildirib.

Aytən