Ruslan Bəşirlinin adından “əfv ərizəsi” yayıldı

Vicdan məhbusunun atası: “Məlumatın düzgünlüyünə inanmıram”

Martın 14-də bəzi saytlar hazırda həbsdə olan vicdan məhbusu «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin əfv ərizəsi yazdığı barədə məlumat yayıblar. Guya R.Bəşirli dövlət başçısına məktub yazaraq islah olunduğunu bildirib və ona dəstəyini ifadə edib.

Xatırladaq ki, AXCP-dən olan gənc fəal Cabbar Savalanlı da azadlığa buraxılan ərəfədə onun əfv ərizəsi yazdığı barədə məlumat yayılmışdı. Amma sonradan bu məlumat yalan çıxdı.

Məsələyə aydınlıq gətirmək üçün Ruslan Bəşirlinin atası Cəlil Bəşirli ilə əlaqə saxladıq. Oğlu ilə martın 3-də görüşdüyünü deyən C.Bəşirli yayılan məlumatdan xəbərsiz olduğunu söylədi: «Görüşümüz zamanı Ruslanın əhv ərizəsi yazmaq niyyətini hiss etmədim. Mən Ruslan barədə yayılan ifnoramsiyanın düzgünlüyünə inanmıram».

Bununla belə, C.Bəşirli deyib ki, əfv olunmaq üçün ərizə mütləq tələb olunur və ola bilsin, Ruslandan da belə bir ərizə alıblar.

İnformasiya şöbəsi