Mənim də irticaya işim düşərmiş

Ey, siz, hakimiyyətdəkilər!

Dabbaqda gönünüzə bələdəm. Sağınız-solunuz heç bəlli olmaz, onu da bilirəm. Ən gözlənilməz anda ən ağılalmaz hoqqadan çıxa bilmək, cibdən nəşə çıxarmaq, üzə qız durğuzmaq,  istedadınıza da şübhəm yoxdur.
Üstəlik, hələm-hələm sizə ağız açan da deyiləm. Amma bu gün sizdən kiçik bir xahişim olacaq. Həm də mənim sizdən birinci və sonuncu xahişim olacaq bu.  
Dəlicəsinə bir futbol azarkeşi olmasam da, amma  dəlicəsinə bir “Qalatasaray”lıyam. Zatən məni yaxından tanıyan hər kəs sevdiyim üç “Q”ni bilir: qadın, qədəh və “Qalatasaray”.
Bu həftə də o sonuncu “Q”nin “Fənərbaxça” ilə dünyanın 3 ən izlənilən derbilərindən biri var.  
Onu televizor qarşısında, dadını çıxara-çıxara, gözü-könlü doya-doya izləmək istəyirəm.
Amma onun da fərqindəyəm ki, siz var olduğunuz müddətcə hər dəqiqə, hər saat, hər gün sizi sevməyən, sizin kimi düşünməyən, sizin çörəyinizə yağ sürtməyən bir yazarın başına hər şey gələ bilər.
Ona görə də əgər qarşıdakı günlər ərzində məni şərləyib qandallamaq, başıma torba keçirib ayağımın üstündən maşın sürmək kimi bir fikriniz varsa, lütfən, bunu o biri həftəyə ertələyin.
Yeni həftədən hər cür pislik etməkdə, şər atıb qoluma qandal vurmaqda, üzümə qız durğuzmaqda, ayağım üstündən maşın sürməkdə, başıma armatur endirməkdə sərbəstsiniz.
Xahişimi yerə salmasanız, çox sevinərəm.
Amma məsləhət yenə sizindir.   

Bunlar bayrağı Xankəndinə də tərs asacaqlar

Artıq bu hakimiyyətin bayraq rəzalətləri haqqında nəsə yazmağa da əli gəlmir adamın. Artıq bayrağımız düz asılanda təəccüblənməyə başlayırıq.
Bayrağı deyil, o bayrağın 30 milyon manatlıq dirəyini sevən bir zehniyyətin olduğu yerdə bunlar normaldır. Məntiqəuyğundur.
Indi də Səfər Əbiyevin Iran səfərində bayrağı tərs asdılar, həmişəki kimi, “çırt” səsləri çıxmadı. Nə Əbiyevin, nə də hakimiyyətdəki bir qeyrisinin. Bu ölkədə bir məmurun otağında Ilham Əliyevin şəkli tərsinə asılsa, o məmurun anındaca kəlləsini qopararlar, yeddi arxa dönənini qəbirdən çıxarar, nəslini məmləkətdən didərgin salarlar.
Amma bayraq tərsinə asılınca tükləri tərpənmir, qılları qıpırdamır. Çünki bayrağı sevmək dövlətçilərin işidir, mafiozların deyil.
Bu sadə həqiqət bir yana qalsın, ancaq indi mənim Səfər Əbiyevlə bağlı “bayraq rəzaləti”nə qələm bulamağımın səbəbi tamam başqadır.
Adam allah qoymasa, ölkənin müdafiə naziridir və yenə Allah qoymasa, camaat ondan işğaldakı torpaqları azad edib Azərbaycan bayrağını Xankəndinə sancmasını gözləyir. Amma gözünün qarşısında o bayraq tərs asılır, təhqir edilir, vecinə də deyil.
Bu ağılla bunlar Xankəndinə də bayrağı tərs asacaqlar, “torpaqlar işğaldan qurtuldu, el-aləmin töhmətindən qurtulduq” derkən, el-aləmə gülünc olacağıq, məndən deməsi.

kultura.az, xoş gəldin!

kultura.az saytının Azərbaycan versiyası açıldı. Onu ərsəyə gətirən dostlarım adına çox sevinirəm, amma bundan da çox bu ölkədə mental köləliliyə, cahilliyə, ədəbi-mədəni feodallığa, arxaikliyə qarşı yeni bir cəbhə açılmasına sevinirəm.
Burası gerçək ədəbiyyat və mədəniyyət adına zəngin bir xəzinədir. Ölkəni başına alıb gedən bayağılıq, yaltaqlıq havasında boğulanlar üçün yeni nəfəslikdir. Gününüzün bir hissəsini orada keçirməyi məsləhət görürəm. Ölkənin ən aydın, ən duyarlı, ən çağdaş yazarlarının bütün milli-mənəvi dəyərsizliklərin, geriçi təfəkkürün, geydirmə stereotiplərin, siyasi irticanı ayaqda tutan bütün pisliklərin canına oxuyan yazıları beyninizin hisini-pasını təmizləyəcək.
Başqa Azərbaycanın ünvanıdır kultura.az. Arzuladığımız, illərdir xəyallarını qurduğumuz, uğruna savaşdığımız modern, azad, mədəni Azərbaycana gedən yolun dayanacaqlarından biridir. Demokratik düşüncənin, azad ruhun, Avropa təfəkkürünün meydanıdır.
Xeyirli, uğurlu olsun!