Yarınmaqla fəxr edənlərin dövləti

Yaxud Mehman Əliyevi jurnalist saymayan bala Amaşov

Bu günlərdə məşhur deputat Fəzail Ağamalı möhtəşəm bir həqiqətə imza atdı. Söylədi ki, Heydər Əliyevə yarınmağı ilə fəxr edir. Bu, yaltaqlığın ölkəmizdə hansı zirvələrə yüksəldiyini tam aydınlığı ilə göstərdi. Indi bizdə yarınmaq açıq dövlət siyasətidir, prezident Ilham Əliyev ona yaltaqlanan insanları məmnunluqla dinləyir, bundan doymur.
Əslində, belə cəmiyyətdə birinin durub ömrünün əsas hissəsini müasir Azərbaycan jurnalistikasına həsr edən və onun mənəvi simasına çevrilən bir peşəkar barədə “Mehman Əliyev media adamı deyil” deməsi təəccüblü deyil. Media adamı, sən demə, illərdir qələmindən yazı çıxmayan Müşfiq Ələsgərlidir. Bizim bala Amaşovumuz.
Bunda eyib yoxdur, Mehman Əliyevi jurnalist saymayan yalnız özünü ifşa edir. Özünün kim olduğunu göstərir. O Mehman Əliyevdən söhbət gedir ki, qəzetlərin belə ayaq üstə dura bilmədiyi bir dövrdə yaratdığı “Turan” informasiya agentliyini qoruyub saxladı; oğru hakimiyyətimiz milyonlar töküb neçə-neçə agentlik yaratsa da, bütün dünya yenə də “Turan”“”ın xəbərlərinə inanır, “Turan”“”a istinad edir.
Mehman Əliyevə hədyanlar deyilməsi, böhtanlar atılması təzə deyil. Müşfiq Ələsgərli də Mehman müəllimi maxinasiyalarda ittiham edə bilər, Soros Fondunu dağıtmaqda da. Başqalarının yaratdığı “Bu gün” qəzetinin uğurunu öz adına çıxan bu adamdan soruşmaq lazım deyil ki, niyə əlinə qələm alıb bir yazı yazmadın bu illərdə? Onu da soruşmaq lazım deyil ki, niyə illərdir özünü bircə üzvünü tanımadığımız həmkarlar təşkilatının rəhbəri kimi aparırsan. Onu soruşmaq lazımdır ki, nədir sənin uğurunun – Prezident yanında KIV-ə Dövlət Dəstəyi Fondunun yuxarısına çəkilməyinin, Amaşovun təmsilçisinə çevrilməyinin səbəbi? Nədir uğurun? Ünlü jurnalist fəaliyyətinmi? Aksiyalar, tədbirlər təşkil edib jurnalistləri, KIV-ləri müdafiə etməyinmi? Hakimiyyətin medianı əzdiyi ölkədə bu siyasətə qarşı mübarizənmi? Yoxsa Fəzail Ağamalı kimi həqiqəti deyəsən?
Görünür,  “Şərq” qəzetində Mehman Əliyevə “jurnalist deyil, siyasətə bulaşıb”“” deyən bu adamın yadına salmaq lazımdır ki,  özü hansı çirkin siyasətə qulluq edir, hansı ziyanlı siyasəti müdafiə edir və nəyin sayəsində sadə, hamının etimad edə biləcəyi, dürüst saya biləcəyi Müşfiqdən “bala Amaşov” rolunu aparan adama çevrilib.
Amma proses hara gəlib çatıb. Mövqeyindəki analoqu olmayan inkişafa rəğmən həqiqətlərə sakit qalmaqla adamların rəğbətini itirməməyə çalışan Müşfiq Ələsgərli artıq Bəxtiyar Sadıqovu da heyrətləndirəcək böhtanlara əl atır. Mehman Əliyevi Soros Fondunun layihələrini ələ keçirməkdə ittiham edir və buna görə də “beynəlxalq təşkilatların ondan imtina etdiyini deyir. Bəs niyə Soros Fondunun Idarə heyətinin sədridir? Mehman Əliyevin beynəlxalq təşkilatlardakı nüfuzu haqda danışmaq istəmirəm, amma Bəxtiyar Sadıqov, digər iqtidar təbliğatçıları son günlərə kimi onu beynəlxalq dairələrin adamı olmaqda ittiham edib. Mən istərdim ki, əlinə qələm alan hər müstəqil jurnalist “Şərq” qəzetində bu adamın müsahibəsini oxusun, iqtidarımızın yeni böhtan ruporu yetişdirdiyinə tam əmin olsun.
Söhbət təkcə Azərbaycanın taleyini düşünən, dürüstlük nümunəsinə çevrilən bir adama atılan böhtanlardan getmir, Azərbaycan xalqına qarşı zombilərin necə yetişdirilməsindən gedir. Baxmayaraq ki, bu adamlar tarixin tezliklə məhv edəcəyi irticanın əlavəsinə çevrildiklərini özləri də gözəl bilirlər…
Sonda Mehman Əliyevin iş metodu və qaldırdığı problem barədə. Mehman Əliyev deyir ki, niyə donorlar böyük miqdarda pulları mətbuata dəxli olmayan, ona heç bir fayda verməyən, əksinə azad mətbuatın əleyhinə işləyən, mətbuatı əzənlərə qulluq edən insan və qurumlara (Müşfiq Ələsgərli kimilərinə) verir. Təzə söhbət deyil və bu həqiqəti hamı yaxşı bilir. Sorosun Idarə Heyətinə rəhbər olduğu dövrdə Mehman Əliyevin iştirakı ilə verilən tək-tük layihələrin birində mən koordinator kimi iştirak etmişəm. 30 min dollarlıq bu layihə son parlament seçkilərinin mediada dolğun və obyektiv işıqlandırılması ilə bağlı idi. Mehman Əliyev layihəni elə qurdu ki, 30 min dolların 23 mini dərhal bank hesabı ilə, müqavilə ilə iştirakçı olan daha tirajlı, daha populyar KIV redaksiyalarına (“Yeni Müsavat”“”,  “Azadlıq”“”,” “Zerkalo”“” və s.) verildi. 1000 dollar bir fotojurnalistin fəaliyyətinə ayrıldı. Və seçkidən yazan jurnalistlər layihədən maddi və fəaliyyət dəstəyi aldı. Mehman müəllimin arzuladığı siyasət budur. Bunu isə o qədər çox adam istəmir ki…