Cavid Qurbanovun işçiləri Gürcüstanda girov qalıb

Milyardlıq layihədə çalışanlara 4 aydır ki, maaş verilmir

Nəqliyyat Nazirliyinin xətti iə Gürcüstana ezam olunan 26 azərbaycanlı sürücü qonşu ölkədə girov götürülüb. Bu barədə sürücülərin özləri “Yeni Müsavat”a məlumat veriblər. Onların sözlərinə görə, ölkəyə qayıda bilmirlər: “Biz Nəqliyyat Nazirliyinin Bakıdakı 65 saylı Yol Istismar Idarəsinin işçiləriyik. Ötən ilin avqustundan buraya Bakı-Tiflis-Qars dəmir yolunun tikintisində işləmək üçün göndərilmişik.
Burada bizə Nəqliyyat Nazirliyinin Elşən adlı rəhbər işçisi göstəriş verir. Şirkətin adı “Dorojnaya konstruksiya”dır. Avqustda biz bura gələndə söz verdilər ki, ayda 1000 manat maaş verəcəklər. Müqavilə bağlanmasını istədik, dedilər bağlanacaq. Gürcüstana gələndən sonra ayda 1500 lari alırdıq. Bakıda da 285 manat verirdilər. Gürcüstanda bizə verilən maaşı 4 aydır ki, ala bilmirik. Gürcüstan tərəfdən işlərə Yuri Vasilyeviç Ivanov rəhbərlik edir. O, bura gələndə bizə ona yaxın düşməyə imkan vermirlər. Deyirlər, gedin, kimə istəyirsiniz, şikayət edin”.
Sürücülər bildirib ki, Azərbaycan tərəfdən müraciət etmədikləri səlahiyyətli şəxs qalmayıb. Amma Nəqliyyat Nazirliyinin rəsmiləri onları düşdüyü vəziyyətdən çıxarmaq üçün tədbir görməyib: “Dərdimizi deməyə kimsə tapmırıq. “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun müavini ilə danışdıq. Xeyri olmadı. Bakıda çox adama müraciət etdik, heç bir nəticəsi olmadı. Gürcüstan Baş Prokurorluğuna da müraciət edəcəyik. Çünki bizə verilən müvəqqəti pasportlara görə Gürcüstan vətəndaşları hesab olunuruq. Fevralın 28-dən bizi burada kazarmaya salıblar, maşınlarımızı da alıblar. Bizi bura salanda 3 gün yemək də vermədilər, ac-susuz qaldıq. Məcbur olub yol tikintisi ilə məşğul olan Gürcüstan şirkətinin Tiflisdəki ofisinə getdik. Bundan sonra bizi Zalka adlı yaşayış yerinə keçiriblər. Burada da kazarma şəraitidir. Sadəcə, səsimizi kəsmək üçün qabağımıza bir qab yemək qoyurlar. Cibimizdə də pulumuz yoxdur ki, evimizə qayıdaq”.
Sürücülər deyib ki, özləri Gürcüstanda, ailə üzvləri isə Bakıda pis durumdadır: “Bir istəyimiz var. Qabaqdan Novruz bayramı gəlir. Pulumuzu versinlər, ailələrimizin yanına qayıda bilək”.
Bakı-Tiflis-Qars dəmir yolu xəttinin təməlqoyma mərasimi 2007-ci il, noyabrın 21-də Gürcüstanda keçirilib. Tədbirdə prezidentlər Abdulla Gül, Ilham Əliyev və Mixail Saakaşvili iştirak edib. Tikintinin 2 il davam edəcəyi, dəyərinin isə 420 milyon dollardan çox olacağı proqnozlaşdırılırdı. Lakin sonradan layihənin dəyəri 4 dəfə bahalandı və 1 milyard 225 milyon dollara qaldırıldı. Layihənin 2013-cü ildə təhvil verilməsi nəzərdə tutulub.