Absurdlarla dolu olan məhkəmə sistemi

 

mehkemeQəza törədənə 3 il, qəza anını çəkənə 7 il həbs cəzası istəyən zehniyyət

Ötən il Bakıda keçirilən Avropa Oyunları zamanı avstriyalı atletlərin vurulması ilə nəticələnmiş qəza ilə bağlı məhkəmə istintaqı yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində iyulun 4-də keçirilən məhkəmə iclasında dövlət ittihamçısı Eldar Həmzəyev çıxış edib. Prokuror avtobusun sürücüsüÿVəli Əhmədovunÿ3 il, həmin kadrları yaymaqda təqsirləndirilən polis əməkdaşıÿElçin Həsənovunÿ7 il, azadlıqdan məhrum edilməsini təklif edib.

Azərbaycanda hüququn dəfn edildiyini, qanunların həbsdə olduğunu, məhkəmələrin şikəst vəziyyətə salındığını hamı bilir. Prokurorun sürücüyə 3 il, görüntünü yayana 7 il həbs cəzası istəməsi də Azərbyacna reallığının məhsuludur. Istənilən məhkəmə prosesində Azərbaycan hökumətinin mahiyyəti qabarıq şəkildə görünür.

Bu ölkədə korrupsiya ilə məşğul olan yox, korrupsiyanın üstünü açanlar, saxta deputat olduğu təsdiqlənənlər yox, bu saxtakarlığı üzə çıxaranlar, özbaşınalıq edənlər yox, bu özbaşınalığı ictimailəşdirənlər cəzalandırılır. Indi də qəza anının görüntüsünü çəkənə ən ağır cəzanın verilməsi istənilir.

Bu ölkədə həqiqətləri göstərmək cinayətdir, şəffaflığı təmin etmək xəyanətdir, faktı ortaya qoymaq təhlükəlidir. Bizim hökumət saxtakarlığı, gizliliyi, hesabatsızlığı sevir.  Deməli, o polis əməkdaşı həqiqəti gizlətməli, yalan ifadə verməli, çəkdiklərini silməliymiş.

Əslində, o görüntüləri lentə aldığına görə, istintaq prosesinə kömək etdiyinə görə, araşdırmanı yüngülləşdirdiyinə görə polis əməkdaşına təşəkkür edilməliydi. Amma hadisəni törədən 3 il, hadisəni çəkən 7 il həbs cazası istənilməsi, Azərbaycanda ədalətin də zəncirə vurulduğunu göstərir. Hər yerdə eyni mesaj verilir. Deməli, polis rüşvəti, oğurluğu, harınlığı görəndə göz yummalıdır. Deməli, polis ancaq tənqid edəni, haqqını istəyəni, saxtakarlığa etiraz bildirəni həbs etməlidir. Qaydanı pozmuş vəzifəlinin avtomobilini saxlamaq, qanunsuz işlər görmüş məmur qohumunu polis bölməsinə dəvət etmək karyeranın bitməsi ilə nəticələnə bilər.

Mandat alveri ilə məşğul olan deputata 3 il, fəhlənin vəhşicəsinə döyən məmur qohumuna 30 sutka, qəza törədərək vətəndaşın ölümünə səbəb olmuş deputat sürücüsünə şərti cəza verilir, hansısa qəzanın görüntüsünü yayan polisə isə 7 il həbs cəzası istənilir.

Məhkəmələr, qanunlar o qədər aciz durumdadır ki, cinayəti sübut edilmiş vəzifəlini həbs etməyə, günahsızlığı sübut olunmuş müxalifətçini azadlığa buraxmağa gücləri çatmır.

Atletlər kəndindəki məlum hadisəyə görə hamıya bəraət verib, polis əməkdaşını həbs etsələr də, təəccüblənmək lazım deyil. Bura Azərbaycandır və bu ölkə hüquqa təcavüz edənlərin əlindədir.

Samir