Həbsdəki şair iflic ola bilər

saday shekerliSaday Şəkərli: «Məhkəmələrdə skamyaların üstündə uzanmaqdan utanıram. Nə qərar verəcəksinizsə verin, çıxım gedim»

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilən şair Saday Şəkərlinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Dünən Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclası keçirilib.

Şairin vəkilləri Bəhruz Bayramov və Fəxrəddin Mehdiyev apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması barədə vəsatət qaldırıblar.

“Burada heç bir cinayət hadisəsindən söhbət gedə bilməz. Sübutlara yox, fərziyyələrə, qərəzə əsaslanan cinayət işidir. Işdə konkret zərərçəkən də yoxdur. Ittihamda yazılıb ki, Vergilər Nazirliyinin vəzifəli şəxsləri barəsində rüsvayedici məlumatlar yaymaq hədəsilə pul tələb edib. Vergilər Nazirliyinin konkret hansı vəzifəli şəxsindən söhbət gedir – bilinmir. Hansı rüsvayedici məlumatlar var – bilinmir. Birinci instansiya məhkəməsində bununla bağlı zəruri araşdırmalar aparılmayıb”, – deyə Fəxrəddin Mehdiyev vəsatətini belə əsaslandırıb.

Saday Şəkərli özü həbs olunduğu gün telefonuna gəlib-gedən zənglərlə bağlı araşdırma aparılmasını istəyib: “Azercell” məsələsi dəqiqləşdirilsin. Çünki ittiham aktı başdan-ayağa yalandır”.

Vəkilin digər vəsatəti şairin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsilə bağlı olub. Fəxrəddin Mehdiyev vəsatətini əsaslandırarkən bildirib ki, Saday Şəkərlinin səhhətində çox ciddi problemlər var: “Saday Şəkərli həbs olunandan sonra xəstəliyi kəskinləşib, buna görə Müalicə Müəssisəsinə köçürülüb. Onun əziyyət çəkdiyi xəstəlik riskli xəstəliklər qrupuna aiddir”.

Saday Şəkərli özü də vəziyyətinin yaxşı olmadığını deyir: “Həkim mənə dedi ki, hər an iflic ola bilərsən. Məhkəmələrdə skamyaların üstündə uzanmaqdan da utanıram. Nə qərar verəcəksinizsə verin, çıxım gedim”.

Bu iş üzrə zərərçəkmiş qismində Vergilər Nazirliyi tanınıb. Nazirliyin nümayəndəsi Ramiz Qasımzadə, eləcə də prokuror vəsatətlərin əleyhinə çıxıb.

Saday Şəkərli Vergilər Nazirliyinin konkret vəzifəli şəxslərinin məhkəməyə çağırılmasını tələb edib: “Zərərçəkmiş konkret kimdirsə, onu bura dəvət eləyin. Əgər adam yoxdursa, onda Vergilər Nazirliyinin binasını zərərçəkmiş kimi gətirin bura. Mən bilməliyəm də kimə ziyan vurmuşam, kimin barəsində rüsvayedici məlumatlar yaymışam. Belə şey olmaz axı…”

Məhkəmənin ilkin baxış iclası iyulun 8-də davam edəcək və vəsatətlərlə bağlı qərar da həmin gün məlum olacaq.

Xatırladaq ki, Saday Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin mayın 16-da çıxarılan hökmü ilə o, CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə təqsirli bilinərək, 10 il azadlıqdan məhrum edilib. Lakin şair ittihamı rədd edir və həbsini hökumətin tənqidi məzmununda olan “Qurd ürəyi” adlı kitabının çapı ilə əlaqələndirib. Həmin kitabda o, nəşrə maliyyə dəstəyinə görə vergilər naziri Fazil Məmmədova minnətdarlıq edib.

Saday Şəkərlinin həbsindən dərhal sonra onun evində axtarış aparılıb və kitabın 50 nüsxəsindən 49-u götürülüb. Yalnız bir nüsxəni gizlədib saxlamaq mümkün olub.

Aytən