Nemət Əliyev: «Büdcədəki azalmalar illərdi yığılıb qalan problemlərin doğurduğu acı nəticələrdir»
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov AZƏRTAC-a müsahibəsində 2015-ci ilin büdcəsinin 10 faiz kəsirlə bitməsinə, Neft Fondundan büdcəyə transfertlərdə 22 faiz azalmaya aydınlıq gətirib. Bu geriləməni özünə məxsus formada izah etməyə çalışan hökumət təmsilçisi maraqlı etiraflar da edib: “Son beş ildə ilk dəfə olaraq hesabat ilində dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə az icra edilib.
Gəlirlərin nəzərdə tutulmuş məbləğlə müqayisədə 90,0 faiz səviyyəsində icra olunmasının və əvvəlki illərlə müqayisədə azalmaların əsas səbəbi neftin qiymətinin proqnoz göstəricisindən 40,4 faiz az olması, nəticədə dövlət büdcəsinə daxilolmaların 84,3 faizini təşkil edən Dövlət Neft Fondundan daxilolmaların 78,3 faiz səviyyəsində yerinə yetirilməsidir. Bu, əvvəlki illə müqayisədə 12,9 faiz aşağı göstəricidir”.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, büdcəyə daxil olmaların kəskin azalması indiki dövrdə də müşahidə olunur. N.Əliyevin sözlərinə görə, Statistika Komitəsinin Maliyyə Nazirliyinə istinadən açıqladığı məlumatlardan belə məlum olur ki, 2016-cı ilin mayında büdcəyə daxil olmalar kəskin şəkildə azalıb. Əgər ötən ilin hər ayında təxminən 1.2-1.3 milyard manat vəsait dövlət büdcəsinə daxil olurdusa, bu ilin may ayının göstəricisinə bu rəqəm 750 milyona qədər enib: “Büdcə gəlirlərinin tərkibinə diqqət yetirilərsə, bu ilin yanvar-aprel aylarının məlumatlarına görə, büdcəyə vergi üzrə daxil olmalar 50 faiz azalıb. Mənfəət vergisi üzrə daxil olmalar 15-16 faiz artım olsa da, büdcə gəlirlərinin formalaşmasında mühüm paya malik olan ƏDV vergisi üzrə daxil olmalarda 30 faiz azalma var. Konkret halda əmlak, torpaq vergisi üzrə büdcəyə daxil olmalar da azalıb. Göstəricilərin bu dərəcədə pisləşməsi yalnız neftin qiymətlərinin aşağı düşməsi ilə bağlı deyil. Əlbəttə, Azərbaycan iqtisadiyyatında neftin payı çox böyükdür. Çünki hökumətin uzun müddətdən bəri yürütdüyü siyasət nəticəsində əhalinin həyatı həm də neftin qiymətlərindən asılı vəziyyətə gətirilib. Neftin qiymətinin nə zamansa aşağı düşəcəyi həmişə gözlənilən olub. Bunu proqnozlaşdırmaq mümkün idi”.
N.Əliyev bildirdi ki, zamanında ölkənin birtərəfli inkişafına son qoyulmalı idi. Ölkənin neftdən kənar sahələrinin inkişafı üçün zəruri addımların hələ də atılmadığını deyən N.Əliyev vurğuladı ki, burada bacarıqsızlıq, məsuliyyətsizlik kimi amillər çox böyük rol oynayıb: “Hazırda neftin qiymətləri aşağı düşüb. Bütün sahələrdə mövcud olan problemlər çox sürətlə özünü göstərməkdədir. Bunun bütün yükü də əhalinin üzərinə düşür. Ölkənin 2012-ci ildən tədiyyə balansı cari hesab üzrə 15 milyardlıq müsbət saldoda idi. 2013-cü ildə həmin göstərici 12 milyarda, 2014-cü ildə 10 milyarda, 2015-ci ildə isə mənfi 200 milyon dollara düşdü. Təsəvvür edin 2014-cü ildə 10 milyard gəlir əldə etmiş bir ölkə bir ilin içərisində hansı hala düşdü. Bunu yalnız neft amili ilə izah etmək absurddur”.
N.Əliyev vurğuladı ki, ölkənin qeyri-neft sektoru bərbad vəziyyətə qoyulub. “Əslində büdcədəki azalmalar illərdi yığılıb qalan problemlərin doğurduğu acı nəticələrdir”, deyə N.Əliyev vurğuladı.
Xəyal