Vətənə qolu bağlı

Şevardnadze onu necə xilas etdiyimi əla bilirdi

Qeyd etdiyim kimi, bu hadisələrdən sonra mən doğulduğum, boya-başa çatdığım Gürcüstana getmək qərarı verdim. Orada mənə istər Müdafiə Nazirliyində, istərsə də Daxili Işlər Nazirliyində yüksək vəzifələr də vəd etmişdilər. Müharibə zamanı mən bu təkliflərdən qəti olaraq imtina etmişdim. Amma 1995-ci ildə başa düşdüm ki, burada ordu ilə bağlı təsəvvürlər tamamilə yanlış istiqamətdə qurulub, ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı döyüş əməliyyatlarının bərpa olunacağı mümkün deyil və yalnız bundan sonra Gürcüstana getmək qərarı verdim. 1992-ci ildə, Xocalı soyqırımından dərhal sonra öz tarixi Vətənimə xidmət etmək üçün gəlmişdim, indi isə ürək ağrıları ilə buranı tərk etməyə məcbur idim. Məni daha çox ağrıdan o idi ki, döyüş dostlarımdan, şəhid düşmüş əsgər yoldaşlarımın mənə də əziz olan doğmalarından, həyatımın bir hissəsinə çevrilmiş Qazaxdan,.. ayrılırdım. Mən təsəvvür etmirdim ki, həyatımı bu amillər olmadan necə davam etdirəcəyəm, amma eyni zamanda onu da bilirdim ki, uzun illər ərzində Azərbaycana dönə bilməyəcəyəm. Bu, son və qəti qərar idi.

İsa Sadıqov

başlanğıcı ötən saylarımızda

Yalnız məğlubiyyət yox, şanlı qələbələr də bizimlə idi

Mart hadisələrindən dərhal sonra heç bir günahı olmayan yüzlərlə insan, onların qohumları, dostları həbsxanalara dolduruldu. Biz Azərbaycanın Qərb zolağı olan Qazaxı, buradakı hər bir adamı düşmən gülləsindən, hərbi itkilərdən xilas edə bilmişdik, amma indi avtoritar bir rejim hər şeyi və hər kəsi rəhmsizcəsinə məhv etmək əzmində idi. Əlbəttə, bəzi adamlar məni zəif xarakterli olmaqda, iradəsizlikdə ittiham edə bilər. Bu, bu cür düşünənlərin haqqıdır, amma heç kim unutmamalıdır ki, mən zabitəm və zabit şərəfi mənim üçün hər şeydən ucadır. Mən xalqıma, Vətənimə xidmət etməyə borclu idim və heç bir halda hansısa klana, ailəyə, qanunsuzluğa xidmət edə bilməzdim. Məni olmayan ittihamlarla qınayan çoxlarından fərqli olaraq, tabeliyimdə olan hərbi hissələrdən sui-istifadə edərək öz şəxsi iddialarımın təmin olunması üçün insanların taleyi ilə risq edə bilməzdim. Məqsədim həmişə zabit şərəfimin mənə təlqin etdiyi uca hisslərlə bağlı olub: mənim xalqım, mənim Vətənim və onların böyüklüyü. Bütün müharibə boyu biz bu hisslərlə yaşadıq, bu hisslər bizə hakim oldu. Xüsusi olaraq bildirmək istəyirəm ki, bu 1992-95-ci illərdə biz yalnız məğlubiyyətlər yaşamadıq, həm də çox şanlı qələbələrə imza ata bildik. Bəli, məhz, “şanlı qələbələr” sözlərini işlətməkdən qətiyyən çəkinmirəm. Qazax və Qərb zolağına daxil Gədəbəy, Daşkəsən, Ağstafa zonasında bu şanlı qələbələr bu müharibənin tarixinə yazıldı. Əlbəttə, mən qətiyyən onu demək istəmirəm ki, bunlar mənim orada olmağımla bağlı idi. Sadəcə, bu, düzgün təşkil edilmiş azərbaycanlıların ata biləcəyi qələbə imzaları idi. Indi həmin regionlarda adamları vahimə və qorxu içində yaşamağa məcbur edir, onları rejimin ağırlığı altında sındırıb əzməyə davam edirlər. Düşmənin edə bilmədiklərini avtoritarizm və diktatura edir. Mən bütün bunlara kənardan baxan bir seyrçi kimi qala bilməzdim, amma nələrisə dəyişəcək gücüm də yox idi. Mən siyasətçi deyildim və olmaq da istəmirəm. Mən əsgərəm, əsgər olaraq qalacağam: öz Vətənimin, xalqımın keşiyində dayanan bir əsgər.

Erməni polis rəisi məni həbs etdi

Gürcüstanda məni yaxşı qarşıladılar və məmnun olduqlarını bildirdilər. Bütün müharibə boyu bizim Gürcüstan hökuməti ilə sıx əlaqələrimiz olub – mən bununla həmişə qürur duymuşam. 1995-ci ildə Gürcüstanda parlament seçkiləri keçirilirdi və mənə də təklif edildi ki, Marneuli rayonundan namizədliyimi irəli sürüm. Seçkilərdən dərhal sonra Azərbaycan hökumətinin sifarişi ilə mənə qarşı çirkli təbliğata start verildi. Məni ittiham etməyə başladılar ki, mən Əliyevin düşməniyəm, narkomanam, xalq düşməniyəm. Hətta mən həbs ediləndən sonra da kütləvi informasiya vasitələri tez-tez bu çirkli təbliğat tezisləri əsasında mənə hücumlar edirdi. Mənim həbsim isə Marneuli rayonunun polis idarəsinin rəisi Narimanidze – Narimanyana həvalə edildi. Bəli, məhz, bu şəkildə! Erməni mənşəli polis rəisi mənim axtarışım və həbsimlə məşğul olmağa başladı, hətta mənə yaxın olan adamların yatağına pistolet də soxa bilmişdilər. Bütün bunlar isə Əliyevin şəxsi xahişi üzrə həyata keçirilirdi.

Şevardnadze susdu

Mən xüsusi müqavimət göstərmək fikrində deyildim. Mənim toxunulmazlıq statusum vardı, Gürcüstan vətəndaşı idim, Şevardnadze isə məni şəxsən tanıyırdı. O susdu, baxmayaraq ki, Gürcüstan üçün ən çətin günlərdə – Abxaziya və Osetiya ilə müharibədə mənim Gürcüstana nə qədər kömək etdiyim barədə müfəssəl məlumatı vardı. O, 1993-cü ildə Suxumidə mühasirədə olduğu zaman hansı işləri gördüyümü də əla bilirdi. Bütün bunları o da, müşavirləri də, baş nazir də, baş nazirin müavinləri də yaxşı bilirdilər və bu çox maraqlı epizodlar barədə mən yeri gəldikcə bəhs edəcəyəm. Bu hadisələrlə bağlı hələ heç yerdə işıq üzü görməmiş müdhiş faktlar var.
Qollarımı açın ki, Vətənə qolu qandallı getmək istəmirəm
Amma Şevardnadzenin susqun razılığı ilə məni həbs etdilər. Həbs edilən an çox rahatlandım: qısa müddət ərzində çox özlədiyim Vətənə qayıdacaqdım, deyə. Taleyim isə məni az maraqlandırırdı. Mənim arxamca Qazax polisindən gələnlər qollarıma qandal keçirdilər. Bu polislərdən heç biri mənim gözlərimin içinə baxa bilmədilər. Başlarını aşağı dikib öz komandirlərinin qollarına qandal vurdular. Qazaxda polislər də məni “komandir” adlandırırdılar. Bütün yol boyu susdum, amma Qırmızı Körpüyə çatanda qandalları açmalarını istədim. Sevdiyim Vətənə qolu qandallı gəlmək ürəyimdən deyildi. Hər şeyi göz önünə ala bilərdim, yalnız bunu heç istəməzdim. Istəməzdim ki, mənim Vətəndə olan əsgərlərim, döyüş dostlarım öz komandirlərini qolları qandallı görüb sınsınlar. Mən əvvəlki kimi onların komandiri idim: azad, qətiyyətli. Qandalları çıxardılar…

Döyüşçülərimlə birlikdə olmaq xoşbəxtlik idi

Qazaxda öyrəndim ki, OMON məsələsinə görə həbs edilən 50-yə yaxın adamı Gəncəyə aparırlar. Polis rəisindən xahiş etdim ki, arzuolunmaz nəticələrlə üzləşməmək üçün mənim burada saxlanıldığımı kimsəyə bildirməsinlər. O zamanlar insanlar hələ tamamilə sındırılmamışdılar və özlərinə çox şeyi rəva görərdilər. Məni ayrıca bir kameraya saldılar. Qazaxda məni saxlamaq üçün heç kim qərar verə bilmədiyinə görə Gəncəyə göndərməli idilər. Səhər tezdən qonşu kameralardan dustaqlar gəzintiyə çıxarılan zaman mən çox hörmət bəslədiyim zabitlərimdən birinin – Mübariz Kazımovun səsini tanıdım. Mən öz zabitlərimi yalnız ad-familiyalarına görə, həm də səslərinə görə əla tanıyırdım və bu o idi. Inadla mənim kameramın qapısını döyürdü. Mən isə inadla susurdum. O bağırırdı ki, “komandir, cavab ver, sənin burada olduğunu bilirəm, hamı bilir…”. Onlar ərzaq və pul yığaraq mənə göndərdilər ki, Gəncəyə gedəndə özümlə götürüm.
Onun çağırışı, onların hamısının bu qayğısı məni özümə unutdurdu. Ailəmi, körpələrimi, valideynlərimi, onların gələcək talelərini unutdum bir anlıq. Həmişə güvəndiyim, sevdiyim hərb yoldaşlarımın taleyini bölüşdüyüm üçün xoşbəxtlik içində üzməyə başladım.

ardı var