Banklar problemli kreditlərin həcmini niyə gizlədir?
Azərbaycanda problemli kreditlərlə bağlı məsələ son illərdə daim aktuallığını saxlayır. Mərkəzi Bank problemli kreditlərin həcminin 7 faiz olduğunu desə də, ekspertlər real rəqəmin daha yuxarı olduğunu düşünür. Ümumiyyətlə, banklar hansı səbəbdənsə son vaxtlar problemli kreditlərin həcminin gizlədilməsi kimi bir üsula əl atıb.
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, əslində, banklar bu məsələ ilə əlaqədar Mərkəzi Banka hesabat verməlidilər. Mərkəzi Bank isə bəzi bankların həmin hesabatı vermədiyini, bəzisinin isə düzgün rəqəm göstərmədiyini bəyan edir. Ekspert Mərkəzi Bankın bu məsələni aydınlaşdırmaq səlahiyyətinin olduğunu da diqqətə çatdırır.
“Məndə olan məlumata görə, problemli kreditlər 22 bankda var. Bəzi məlumatlara görə isə bu problem 17 bankı əhatə edir. Onun hansının dəqiq olduğunu deyə bilmərəm, lakin həmin kreditlərin həcmi heç də 7 faiz deyil. Problem elə bir həddə gəlib çatıb ki, onun 7 faiz olduğunu kimsə deyə bilməz. Əslində, dünya praktikasında qırmızı xətt 5 faiz olaraq götürülür. Bizdə isə nəinki 5, hətta 7 faizi keçib”, – deyə Oqtay Haqverdiyev bildirib.
Ekspert yada salır ki, Milli Məclisin deputatları problemli kreditlərlə bağlı təklifləri hökumətə təqdim edib: “Problem olduqca dərindir. Ona görə də müzakirələrin müsbət nəticəsinə, bu problemin nəhayət ki, həllinə inanmaq istərdik”.
Nigar




