Xaricdəki iş adamlarının ölkəyə çağırılması absurd deyilmi?
Əlbəttə ölkədə normal biznes mühitinin yaradılması, xarici investisiyaların ölkəyə cəlb olunması, xaricdəki iş adamlarına çağırış edilməsi müsbət haldır. Amma xarici iş adamlarını ölkəyə çağırmazdan öncə, ölkədəki neqativ ənənləri aradan qaldırmaq lazımdır.
Ona görə də Ilham Əliyev iş adamalarına çağırış edəndə, Azərbaycanda sərmayələrin qorunduğunu bildirəndə, biz də ortaya faktlar qoyduq. Göstərdik ki, monopoliyanın, korrupsiyanın, hüquqsuzluğun hökm sürdüyü ölkəyə heç kim investisiya yatırmaq istəməz. Yazdıq ki, ilk növbədə ölkənin imicini yaxşılaşdırmaq lazımdır, demokratik addımlar atmaq lazımdır. Eyni zamanda bugünə qədər xeyli sayda iş adamının ölkədən didərgin salındığını, işgəncəyə məruz qaldığını, iri məmurların hədəfinə gəldiyini göstərdik.
Bir neçə gün öncə Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəriÿMübariz Mənsimovun müsahibəsi yayıldı. Mübariz Mənsimov müsahibədə Azərbaycanda ona qarşı aparılan qara piardan, təhqir olunmasından, iri məmurların hədəfinə gəlməsindən, sahibkarlıq mühitinin boğulmasından danışır. Faktiki olaraq bu adam kifayət qədər ciddi iş adamıdır, böyük maliyyəyə sahibdir və Azərbaycanda müəyyən işlər görüb. Lənkəran Mədəniyət evini təmir etdirib, “Xəzər-Lənkəran” klubunu maliyyələşdirib, Azərbaycandakı şirkətində yüzlərlə insan çalışıb, kəndə yol çəkdirib və s. Amma bu adamı bezdiriblər, fəaliyətinə imkan verməyiblər və məcbur qalıb ölkədən çıxıb. Mübariz Mənsimov rejimin ölkədən çıxardığı yeganə sahibkar deyil. Onlarla sahibkar eyni aqibətlə qarşılaşıb. Təkcə Zülfüqarlı qardaşlarının tarixçəsi onu göstərir ki, bu ölkədə məqsədli şəkildə sahibkarlıq fəaliyyəti boğulur.
Əgər bu illər ərzində Mübariz Mənsimov kimi onlarla iş adamına şərait yaradılsaydı, məmurların şəxsi biznes maraqları güdülməsəydi, bu gün ölkədə başqa mənzərənin şahidi olardıq. Həm bu adamların vəsaiti hesabına xeyli abadlıq işləri görülərdi, həm işsizliyin səviyyəsi azalardı, həm də rəqəbətlilik şəraitində qiymətlər ucuz, keyfiyyət yüksək olardı.
Amma iri məmurlar ölkəyə addım atan sahibkarları müxtəlif vasitərlərlə sıradan çıxarmaqla məşğul olub və bu adamların ölkə başçısına müraciətləri, şikayətləri cavabsız qalıb. Yəni, məqsədli şəkildə, hökumətin ən yuxarı təbəqəsinin xəbərdar olduğu halda ölkəyə mənfəət gətirə biləcək adamlar hədəf seçilib. Bu qədər imkanları itirdikdən sonra, iş adamlarına bu qədər acı xatirələr yaşatdıqdan sonra, iş adamalarına çağırış etməyin mənası yoxdur. Ona görə ki, əvvəlki “ənənə”lər qüvvədədir və iş adamları bu mənzərəni görürlər. Nə qədər ki, islahatlar, vədlər, sərəncamlar, fərmanlar yalnız kağız üzərində qalacaq, nə qədər ki, dəyişiklik quru sözlərdə ifadə olunacaq, ölkənin vəziyətini dəyişmək mümkün olmayacaq.
Reallıq budur ki, ölkəyə külli miqdarda sərmayə yatıra biləcək adamlar, küsdürülüb, şantaj olunub, bezdirilib və bu adamlar milyonlarını ölkə xaricində dövr etdirməyə məcbur qalıblar.
Samir