Əliyevin mühafizəçisindən növbəti şok

Vaqif Axundovun işçiləri Fəxri Xiyabanda gül alverilə məşğul olurmuş

Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) sabiq əməkdaşları baş leytenant Asif Lətifov və baş çavuş Seymur Əlicanova qarşı təzyiqlər davam edir. Bunu dünən Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun ofisində keçirilən mətbuat konfrasında hüquq müdafiəçisi Ələkbər Məmmədov bildirib. Hüquq müdafiəçisinin sözlərinə görə, Asif Lətifov və Seymur Əlicanov qanunsuz olaraq işdən çıxarılmalarına etiraz etdiklərinə, bu məsələni ictimailəşdirdiklərinə görə davamlı olaraq təzyiqlərə məruz qalıb. “XDMX rəhbərliyinin sifarişi ilə Asif Lətifova düşən sığorta pulu verilmir. Bundan başqa bütün qapıları Asəf Lətifovla Seymur Əlicanovun üzünə bağlayıblar. Yəni, bu şəxslər hətta özəl sektorda işləyə bilmirlər. Hara gedirlərsə, Xüsusi Dövlət Mühafizə Xidməti ilə əlaqə saxlanılır, daha sonra isə bildirilir ki, sizi işə götürə bilmərik”, – deyə Ələkbər Məmmədov vurğulayıb.
Asif Lətifov isə bildirib ki, işdən çıxarılmamışdan bir müddət əvvəl ona qarşı təzyiqlər başlamışdı: “Bu mənim idarədəki qanunsuzluqlara qarşı etiraz etməyimlə bağlı idi. Məni hətta təxribata çəkmək istəyirdilər. Mən indiyə qədər bir faktı ictimaiyyətin diqqətinə çatdırmamışdım. Lakin indi hesab edirəm ki, bu faktı açıqlamağın məqamıdır. Mən bir gün xidmətdə olarkən  Xüsusi Dövlət Mühafizə Xidmətində çalışan generallardan birinin yaxın qohumu mənə zəng vuraraq kobud danışdı. Mənə bildirdi ki, bu nömrə səndə hardandı. Mən nömrəni mağazadan aldığımı desəm də, nəticəsi olmadı. Məni hədələyərək bildirdi ki, sənin üçün pis olar, mən filan generalın yaxın qohumuyam. Mən telefonu qapatdım. Səhəri gün həmin xanımın cangüdənləri mənə zəng vurdu. Onlar da məni ölümlə hədələdi. Mən bu barədə dərhal rəhbərliyə məlumat verdim. Bundan sonra məni əks-kəşfiyyat şöbəsinə çağırdılar, məndən nömrənin sənədlərini istədilər. Sənədləri təqdim etdim. Bir müddət keçdikdən sonra isə bildirdilər ki, bu məsələni unut getsin. Sənə zəng vuran generallardan birinin yaxın qohumu olub və səhv düşüb. Mən isə bildirdim ki, axı bu adam məni hədələyirdi, onun cangüdənləri məni öldürmək istəyirdi. Dedilər ki, yaxşısı budur ki, məsələni şişirtmə. Bu hadisədən bir qədər sonra isə məni işdən çıxardılar. Maraqlısı budur ki, hələ də nömrəmin sənədlərini qaytarmayıblar. Dəfələrlə müraciət etsəm də, nəticəsi olmayıb”.
Asif Lətifov başqa bir fakt da açıqlayıb. Onun sözlərinə görə, XDMX-nin bir neçə əməkdaşı Fəxri Xiyabanda gül alveri ilə məşğul olurmuş: “Bundan çox sonra xəbər tutdular. Idarənin 1-ci şöbəsinin Fəxri Xiyabanda postda duran əməkdaşları oradakı məzarların üzərindən gülləri, əklilləri götürüb satırmışlar. Amma bu işə görə şöbə rəisi Yusif Babayev deyil, onun müavini Balağa Quliyev işdən azad edildi. Çünki Yusif Babayev Vaqif Axundovun qohumudur”.
Bu faktı baş çavuş Seymur Əlicanov da təsdiqləyib. O, həmçinin əlavə edib ki, XDMX-də bir çox qanunsuzluqlar olub və onlar həm də bütün bunları bildiklərinə görə işdən çıxarılıblar: “Idarədə uzun müddət işləyənlər, o cümlədən biz konkret olaraq Vaqif Axundovla bağlı çox şeylər bilirik. Ona görə də Vaqif Axundov zaman-zaman bizim kimi işçiləri idarədən uzaqlaşdırıb”.
XDMX-nin sabiq əməkdaşları bildiriblər ki, bütün təzyiqlərə baxmayaraq hüquqları uğrunda mübarizələrini davam etdirəcəklər.
Xatırladaq ki, baş leytenant Asif Lətifov 17 il XDMX-nin “Betta” qrupunda çalışıb. Baş çavuş Seymur Əlicanov da uzun müddət XDMX-də xidmət edib.

Azad