Fuad Həbibov: «Xaçmazdakı məmurlar anamın qatillərinin tapılmaması üçün səy göstərirlər»
«Anamızın qətli sifarişlə törədilib, sifarişçi Rasim Məlikova təsir edə bilən şəxsdir»
“Qubada icra başçısı insanları təhqir edirsə, Xaçmazın rəhbəri də öldürülən insanların qanını batırır” – bu sözləri ötən gün mətbuat konfransında 2010-cu ilin sentyabrın 15-də qətlə yetirilən iş adamı Nəcimə Babayevanın övladları səsləndirdilər.
Prokurorun şantajı…
Fuad Həbibovun sözlərinə görə, anasının öldürülməsində sonra onlara təzyiqlər daha da artıb: “Sahibi olduğumuz ”Arzu” Ticarət Mərkəzini bizdən almaq istəyirlər. Rayon məmurlarının müdaxiləsi nəticəsində bu günə qədər anamın qatilləri tapılmır. Anam amansızlıqla qətlə yetirildi. Bizim evin bir tərəfində rayon prokuroru Rasim Məlikovun villası, başqa tərəfdə isə sahə müvəkkilliyinin idarəsi yerləşir. Səhər saat 9 radələrində anam qətlə yetiriləndə prokuror Rasim Məlikov evində olub və işə getməyə hazırlaşırmış. Prokurorun sürücüsü isə həmin küçədə onu gözləyirdi. Rasim Məlikov dərhal hadisə yerinə gəlsə də, qatilin əl izlərini itirməyə cəhd etdi. Həmin vaxt evdə olan bacımın əl izlərini götürüb ki, qətli onun üstünə atıb həbs etsin və hadisəni ailədaxili münaqişə kimi qələmə versin. O, hadisə yerində olarkən hamını, hətta bizim ailə üzvlərimizi də otaqdan çıxardı. Sən demə, həmin vaxt qatilin əl izlərini itirməyə cəhd edirmiş”.
Fuad Həbibov deyir ki, qətldən sonra prokuror Rasim Məlikov, prokurorluğun müstəntiqi Sultanməhəmməd Ismayılov və rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin rəisi Arzu Rzayev qondarma faktlar toplayaraq qətl hadisəsinin qardaşım Cavidin üzərinə atmaq istəyib: “Prokuror hadisə yerində qatilin qanlı barmaq izlərini sübut kimi götürməyib, sürücüsü isə hadisə yerinə toplaşan əhali arasında qətlin mərhumun övladları tərəfindən törədilməsi barədə şaiyələr yaymağa başladı. Bizim şikayətimizdən sonra iş rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə göndərilib. Bundan sonra isə bacım Gülnarə Həbibovanı Rasim Məlikov ölümlə hədələyərək, rüsvayedici məlumatlarla şantaj edəcəyini dedi”.
“Məhkəməyə təzyiq edib istədiklərini etdilər”
“Anam sağ ikən rayondakı yüksək rütbəli məmurlar onun ticarət mərkəzini əlindən almaq istəyirdi. Ancaq anam məhkəmə qərarları ilə məmurları susdurdu. ”Arzu” Ticarət Mərkəzi 2001-ci ildə özəlləşdirilsə də, obyektin 2 hektarlıq ərazisini rayonun torpaq şöbəsinin müdiri Adıgözəl Tağıyev mənimsəmək istəyirdi. Bu məqsədlə də Rayon Kooperativlər Cəmyyətinin əməkdaşları, rayon bələdiyyəsi və icra hakimiyyətinin müavini Akif Mərdanov bizə təzyiqlər etdilər. Rasim Məlikov isə onu ölüm və şərlənərək həbs etməklə hədələməkdən də çəkinmədi. Nəcimə Babayeva qətlə yetiriləndən sonra isə həmin məmurlar məhkəmə vasitəsilə bazarın qanuni sənədlərini etibarsız hesab etdirməyə nail oldular. Bu ilin yanvarında isə məmurlar müxtəlif şəxslərin vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət edərək ərazinin rayon torpaq şöbəsi, rayon Kooperativ Cəmiyyəti və rayon bələdiyyəsinə məxsus olmasını bildirdi. Məhkəmə də heç bir araşdırma aparmadan bazarın ərazisinin həmin qurumlara aid olduğunu təsdiqlədi”, – deyə Fuad Həbibov bildirdi.
Nəcimə Babayevanın qızı Gülnarə Həbibova deyir ki, icra başçısının müavini Azər Haqverdiyev bir müddət əvvəl rayonda Eldar Şıxəliyev adlı şəxsi küçədə amansızlıqla döyərək onun boynunu qırıb. 10 gün Bakıdakı Kliniki Tibbi Mərkəzdə koma vəziyyətində qalandan sonra o, dünyasını dəyişib: “Bu cür hadisələrin sayı onlarladır. Anamın da qətli sifarişlə törədilib. Sifarişçi isə hətta prokuror Rasim Məlikova təsir edə bilən şəxsdir. Bizim şikayətlərimizdən sonra Rasim Məlikov prokurorluq orqanlarından xaric edildi, müstəntiq Sultanməhəmməd Ismayılov başqa rayona göndərildi və cinayət axtarış bölməsinin rəisi Arzu Rzayev isə Quba rayon Polis Şöbəsinə rəis müavini göndərildi. Əslində Rasim Məlikov həbs edilməli idi. Çünki o, qatili tanıyır. Anamın qatilinin tapılması üçün Rasim Məlikov istintaqa cəlb edilməlidir. Əks halda qatil məsuliyyətdən yayındırılacaq”.
Icra başçısına “Nəcimə Babayeva problemi”nin həll edilməsi xahişi
Gülnarə Həbibova anasının öldürülməsindən sonra heç bir iş görülmədiyini hiss etdikdə Baş prokuror Zakir Qaralova müraciət edir. Bundan sonra ailəyə təzyiqlər daha da artmağa başlayıb: “Rasim Məlikov baş müstəntiq Soltanhəmid Ismayılovun yanında məni təhqir etdi, rayonda məni biabır edəcəyini söylədi. Anamın dəfni günü isə Züleyxa Osmanova adlı bir qadını üstümüzə göndərdilər. Həmin qadın bizə ”ananızı gördüz də, xirtdəyini kəsdilər. Siz də həmin vəziyyətə düşə bilərsiz, avtoqəzaya salınarsız, gedin sakit oturun, prokurordan, icra başçısından şikayət etməyin” deyərək bizi hədələdi. Işin Xaçmaz prokurorluğundan alınması barədə müraciət edəndə də, həmin qadın yenə bizi təhdid etməyə başladı”.
Həbibovlar deyir ki, davamlı şikayətlərdən sonra Soltanhəmid Ismayılovu guya cəzalandırdılar, onu Tovuza prokuror göndərdilər: “Cəzasız qalmasından ruhlanan Rasim Məlikov ötən ilin iyun ayında məhkəmə çəkişmələrində olduğumuz şəxslərdən üçü – Səlilə Qurbanova, Məleykə Qubatova və Rəşid Fərhadovun yalan və böhtan dolu ərizələrini qəbul etdi. Ərizələrində yazıblar ki, biz onları bazarda təhqir etmişik. Ərizə müəllifləri şikayəti yazmamışdan bir neçə gün öncə anamızın qətli ilə bağlı DIN-nin Baş Cinayət Axtarış Idarəsində dindiriliblər. Bu şəxslər hələ 2007-ci ildə bazarın ələ keçirilməsi planı başlayanda Şəmsəddin Xanbabayevə anamız haqqında biryolluq tədbir görülməsi barədə ərizə yazıblar. Akif Mərdanov isə guya sıravi vətəndaş kimi Məlikova müraciət yazıb, anamın direktoru olduğu ticarət mərkəzinin fəaliyyətinin dayandırılmasını, əvəzində isə yeni ticarət mərkəzinin yaradılmasını tələb edib. Bu faktlar bazarı anamın əlindən kimlərin almaq istəməsini açıq-aşkar ortaya qoyur”.
***
Gülnarə Həbibova ötən ilin sentyabrında Ilham Əliyevin Xaçmaza səfər zamanı dama çıxaraq anasının qətlə yetirildiyini, qatilin isə ölkə başçısının yanında dayanan Xaçmaz rayonunun icra başçısı Şəmsəddin Xanbabayev olduğunu bildirib. Mühafizə xidmətinin əməkdaşları dərhal dama qalxaraq onu yerə salıblar: “Məni mühafizə xidməti danışdırdı. Hadisəni təfsilatı ilə onlara bildirdim. O vaxtdan bəri yalnız Rasim Məlikov işdən çıxarılıb. Bizə onun işdən çıxarılması yox, məsuliyyətə cəlb edilməsi və anamın qatillərinin tapılması lazımdır”.
Ramin DEKO


