Liviya diktatoru Fransa prezidentinin seçki kampaniyasını maliyyələşdirib
Fransada prezident seçkiləri yaxınlaşdıqca hazırki ölkə rəhbəri Nikola Sarkozinin başını ağrıdacaq yeni iddia gündəmə gəlib. Liviyanın öldürülmüş diktatoru Müəmmər Qəzzafinin Sarkozinin 2007-ci ildəki seçki kampaniyası üçün 50 milyon avro yardım etdiyinə dair sənədlər ortaya çıxıb. Sarkoziyə müxalif mövqedə dayanan araşdırmacı xəbər saytı “Mediapart”ın ortaya atdığı bu iddianın seçkilərin nəticələrinin Sarkozi əleyhinə çevriləcəyi ehtimal olunur.
İngiltərənin “The Guardian” qəzetinə danışan “Mediapart” saytının müxbiri Fabrisia Arfi əldə etdikləri sənədlər arasında hazırda prokuror və hakim heyəti tərəfindən araşdırılan bu hadisəylə bağı məhkəmə faylının da olduğunu bildirib:“Bu sənədlərin varlığından xəbərdar idik. Ancaq ilk dəfə içlərində nə olduğuna dair detallı bir məlumat əldə etmişik. Tarixlər, yerlər və miqdarlar kimi bir çox detallı bilgilər var”.
Yayılan sənədlər arasındakı bir faylda hökumət rəsmilərinin qeydlərində prezidentə yaxın müşavirlərin Liviyaya səfəri xatırlanaraq, oradakı görüşlər zamanı Sarkozinin seçki kampaniyasına köçürüləcək pulların müzakirə olunduğu deyilir. Sarkozinin prezident seçilməsindən qısa bir müddət sonra Qəzzafi Parisə dəvət edilmiş və məşhur çadırını “Yelisey” sarayının bağçasında qurmasına icazə verilmişdi.
Əlavə edək ki, bu iddialar daha əvvəl də gündəmə gəlmişdi. Ötən il Qəzzafinin oğlu Seyfülislam Liviya hakimiyyətinin Sarkozinin 2007-ci ildəki seçki kampaniyasını maliyyələşdirdiyini bildirimiş və Qəzzafi rejiminə müharibə elan edən Fransa prezidentindən həmin pulları geri qaytarmasını istəmişdi.
İnformasiya şöbəsi


