“Azadlıq”ın direktorunun izlənilməsi məsələsi araşdırılır

faiq-amirli2Rahim Hacıyev: «Seymur Həzi də həbsindən əvvəl dəfələrlə izlənilib. Buna görə də Faiq Əmirovun izlənilməsi bizdə çox ciddi narahatlıq doğurur»
“Azadlıq” qəzetinin direktoru Faiq Əmirovun naməlum şəxslər tərəfindən izlənilməsilə bağlı araşdırmalar davam edir. Bu barədə qəzetimizə DİN-dən bildirilib. Nazirlikdən deyilib ki, araşdırmaların nəticəsi barədə məlumat veriləcək.
Qeyd edək ki, F.Əmirov iyulun 2-i öz maşını ilə işə gələrkən qara rəngli, 90 CD 674 nömrə nişanlı “Hundai Accent” markalı avtomobillə təqib olunduğunu müşahidə edib. Avtomobildəkilər F.Əmirovu bütün hərəkət traektoriyası üzrə təqib edib, F.Əmirov dayananda isə dayanıb onu gözləyib.
Yaranmış vəziyyətlə bağlı “Azadlıq”ın rəhbərliyi Daxili Işlər Nazirliyini məlumatlandırıb. Eyni zamanda Mətbuat Şurasının sədri Əflatun Amaşova da məlumat verilib və o, öz növbəsində DIN rəhbərliyi ilə əlaqə saxlayaraq, bundan narahatlığını bildirib.
F.Əmirov özü də baş verənlər barədə DIN-nin 102 xidmətinə məlumat verib. Bundan sonra onu 28-ci polis bölməsinə dəvət ediblər. Bölmədə “Azadlıq”ın direktorundan baş verənlər barədə izahat alınıb. “Mənə dedilər ki, araşdırıb məlumat verəcəyik”, – deyə F.Əmirov bildirib.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev məsələyə münasibət bildirib:” Azadlıq”ın əməkdaşının izlənilməsi bizi heç də təəcübləndirmədi. Son 10 ildə qəzetin əməkdaşlarının həbsi, bıçaqlanması, oğurlanması, döyülməsi, inzibati həbslərə məruz qoyulması, qəzetə olan astronomik məbləğdə cərimələr bizə olan çox sərt münasibətin göstəricisidir. Təkcə “Azadlıq” qəzetinə olan dəhşətli təzyiqlər azad mətbuata olan çox pis münasibətin göstəricisi kimi qiymətləndirilir. Xatırlatmaq yerinə düşər ki, Seymur Həzi də həbsindən əvvəl dəfələrlə izlənilib. Məhz buna görə də Faiq Əmirovun izlənilməsi bizdə çox ciddi narahatlıq doğurur.
Səlahiyyətli orqanların məsələnin tezliklə araşdırıb əməkdaşımız üçün olan təhlükənin aradan qaldırılmasını istəyirik”.