Türkiyə Suriyadan neft idxalını dayandırdı; Obama və Kameron «Bəşər Əsədin ətrafındakı çevrəni daraltmaqda davam edəcəyik» bəyanatını verdi
Suriyada hökumət qüvvələrinin müxaliflərə yönəlik hücumları davam edir. Bəşər Əsədin əmrindəki əsgərlər Türkiyə ilə sərhəddə yerləşən Idlib şəhərinə nəzarəti ələ keçirib. Üsyançı əsgərlər hökumət qüvvələrinin mütəmadi hücumları qarşısında geri çəkilməli olub. Əsəd rejiminin əmrindəki hərbçilərin son sutka ərzində 80-ə yaxın insanı qətlə yetirdiyi bildirilir.
“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı isə hökumət qüvvələrinin Suriyanın Livan və Türkiyə ilə sərhədləri yaxınlığındakı yollara minalar döşədiyini açıqlayıb. Məqsəd üsyançı əsgərlərlə hökumət qüvvələri arasında gedən döyüşlərdən qaçan dinc sakinlərin ölkədən çıxışını əngəlləməkdir. Beynəlxalq təzyiqlərə məhəl qoymayan Bəşər Əsəd ölkədə islahatları özü istədiyi müddətdə həyata keçirmək qərarı verib. Ötən ay baş tutan referendumdan sonra ölkədə növbədənkənar parlament seçkilərinin vaxtı da məlum olub. Bəşər Əsəd rejimi seçkilərin mayın 7-də keçirilməsinə qərar verib.
Bu arada, suriyalı müxaliflər bəzi xarici ölkələrin onlara silahlanmaqda kömək etdiklərini bildiriblər. Istanbulda keçirdiyi mətbuat konfransında Suriya Milli Şurasının (SMŞ) nümayəndəsi Corc Səbra deyib ki, müxalifət xarici ölkələrin köməyilə Bəşər Əsəd rejiminə qarşı mübarizə aparanlara silah ötürən xüsusi büro yaradıb. Lakin o, xarici dövlətlərin adlarını açıqlamayıb. Həmçinin xarici dövlətləri dinc vətəndaşları qorumaq üçün Suriyaya müdaxilə etməyə çağırıb.
ABŞ hökuməti isə Suriyaya hərbi müdaxilə variantını dəstəkləmədiyini bəyan edib. Dövlət Departamentinin rəsmisi Mark Tonerin sözlərinə görə, bütün səylər Bəşər Əsədin qoşunları geri çəkməyə məcbur edilməsinə və həmin bölgəyə humanitar yardım çatdırılmasına yönəldilməlidir.
BMT Təhlükəsizlik Şurasının iclasından sonra rusiyalı həmkarı Sergey Lavrovla görüşən ABŞ dövlət katibi Hillari Klinton bildirib ki, müxtəlif hökumətlərin öz xalqlarını kütləvi qırğına məruz qoymasına, bunun regional sülhə və təhlükəsizliyə təhdid yaratmasına laqeyd qalmaq suverenlik demək deyil. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Suriyadakı vəziyyətdən ciddi nəticə çıxarılmalı olduğunu söyləyib.
ABŞ prezidenti Barak Obama və Ingiltərənin baş naziri Devid Kameron Suriya rejiminin günahsız vətəndaşlara qarşı zorakılıqlarını qınadıqlarını bir daha bəyan ediblər.
“Suriya rejiminin günahsız vətəndaşlara qarşı qorxunc şiddətini qınayırıq. Ehtiyacı olanlara qida və dərman vəsaitlərinin çatdırılmasını nəzərdə tutan təcili humanitar yardım məsələsi üzərində ciddi müzakirələr aparırıq. Bəşər Əsəd və onu dəstəkləyənlərin ətrafındakı çevrəni daraltmağa davam edəcəyik. Əsədin iqtidardan getməsinə təkan verəcək keçid müddətini planlaşdırmaq üçün müxalifət və BMT-Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi elçisi Kofi Annan ilə birlikdə çalışacağıq”, – deyə liderlər “The Washington Post” qəzetində birgə yayımladıqları məqalələrində qeyd ediblər.
Bəşər Əsəd rejiminə qarşı sanksiyalara qoşulan Türkiyə Suriyadan neft idxalını dayandırıb. Hər il Suriyadan 300 min ton xam neft ixrac edən Türkiyə bunun qarşlığında Bəşər Əsəd rejiminə 200 milyon dollar pul ödəyirdi.
Rusiya müdafiə nazirinin müavini Sergey Antonov isə bəyan edib ki, ölkəsi ilə Suriya arasında imzalanmış ticarət müqavilələri qüvvədə qalır. Onun sözlərinə görə, Rusiya bundan sonra da Suriyaya silah satışını davam etdirəcək.


