Azərbaycandan Avstriyaya 1 milyonluq təzminat

atletler-kendi-qeza1Avropa Oyunlarındakı avtobus qəzası ilə bağlı məhkəmə yekunlaşır; prokuror təqsirləndirilənlərə ağır cəza istədi
Ötən ilin iyununda Bakıda keçirilən birinci Avropa Oyunları zamanı Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç, Luna Pacer və Verena Breytin vurulması ilə nəticələnmiş avtobus qəzası ilə bağlı məhkəmə prosesi yekunlaşır. Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən dünənki iclasda dövlət ittihamçısı Eldar Həmzəyev çıxış edərək, təqsirləndirilən şəxslərə ümumilikdə 22 il həbs cəzası istəyib.
Xatırladaq ki, bu iş üzrə məhkəmə qarşısına dörd nəfər çıxarılıb – avtobusun sürücüsü Vəli Əhmədovla, Nizami Rayon Polis Idarəsinin “Təhlükəsiz Şəhər” Xidmətinin əməkdaşı Elçin Həsənov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi olmuş Hüseyn Salamov, Xidmətin Bakı Regional şöbəsinin Sərnişindaşımanın Tənzimlənməsi Sektorunun məsləhətçisi Fərid Əmiraslanov. Sürücü Vəli Əhmədov CM-nin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), polis əməkdaşı Elçin Həsənov və Nəqliyyat Nazirliyinin xidmət rəisi Hüsey Salamov 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham olunur. Bu üç nəfərdən fərqli olaraq, barəsində həbs-qətimkan tədbiri seçilməyən Fərid Əmiraslanova qarşı isə CM-nin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham irəli sürülüb. Polis əməkdaşı təhlükəsizlik kameralarının yaddaşındakı qəza videosunu yaymaqda, Nəqliyyat Nazirliyinin vəzifəli şəxsləri isə Vəli Əhmədovun adının Avropa Oyunlarında iştirak edəcək sürücülər siyahısına salınmasına imkan verməkdə günahlandırılır.
Adları çəkilən şəxslərdən sürücü istisna olmaqla, digərlərinin heç biri məhkəmədə ifadə verərkən özünü təqsirli bilməyib. Amma prokuror çıxışında deyib ki, təqsirləndirilən şəxslərə qarşı ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib. Dövlət ittihamçısı onu da qeyd edib ki, cinayət işinin materiallarında Gənclər və Idman Nazirliyinin Baş Prokurorluğa məktubu var. Həmin məktubda göstərilib ki, qəza nəticəsində ağır xəsarət almış Vanessa Şahinoviçin reabilitasiyası üçün kompensasiyanın məbləği ilə əlaqədar Avstriya Olimpiya Komitəsi, bu ölkənin hüquq şirkətilə Azərbaycan arasında danışıqlar gedir. Məbləğin 1 milyon – 1 milyon 200 min civarında olacağı ehtimal edilir.
Keçmiş polis əməkdaşı istisna olmaqla, digərlərinin iş və yaşayış yerindən müsbət xarakterizə olunduğunu deyən prokuror çıxışının sonunda təqsirləndirilən şəxslərdən Vəli Əhmədova 3 il, Hüseyn Salamov və Elçin Həsənovun hər birinə 7 il, Fərid Əmiraslanova isə 5 il həbs cəzası istəyib. Həmçinin Vəli Əhmədov və Fərid Əmiraslanovun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini təklif edib.
Qanunvericiliyə görə, ehtiyatsızlıqdan törədilmiş cinayətlərdə verilən cəza beş ilə qədər olduqda məntəqə tipli müəssisədə çəkilir.
Prokurordan sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib. Sürücü Vəli Əhmədovun vəkili bildirib ki, müdafiə etdiyi şəxs məcburi köçkündür, yataqxanada məskunlaşıb, günahını da etiraf edir və səmimi peşmandır. Vəkilin sözlərinə görə, onun ittiham olunduğu CM-nin 263-cü maddəsi ehtiyatsızlıqdan törədilən cinayətlər kateqoriyasına aiddir və verilən cəza da məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir: “Amma Vəli Əhmədov bir il bir aydır ki, həbsxana rejimində saxlanılır. Xahiş edirəm, bu müddəti yetərli hesab edəsiniz və ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan daha az cəzanı verərək, çəkdiyi cəza ilə kifayətlənib azadlığa buraxasınız”.
Keçmiş polis əməkdaşı Elçin Həsənovun vəkili isə müvəkkilinə bəraət verilməsini istəyib: “Elçin Həsənov bu hadisədən sonra işdən çıxarılıb və cəzalandırılıb. Onun görüntüləri yaymaqla dövlətin, Avropa Oyunlarının nüfuzuna xələl gətirmək istədiyi barədə ittihamda yazılanlar həqiqətə uyğun deyil”.
Digər vəkillər müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Proses iyulun 11-də davam edəcək.

Aytən Məmmədova