Verilən vədlər özünü doğrultmadı, qiymətlərdən «od» yağır
Heç kim etiraz etməz ki, bu gün ölkə vətəndaşının müraciət etdiyi iki ünvan var; apteklər və xəstəxanalar. Hər iki ünvanda növbədi, hər iki ünvandan insanlar narazıdır, hər iki ünvanda vətəndaş aldadılır.
Bir müddət əvvəl dərmanların qiymətinin endirilməsi məsələsi gündəmə gəldi. Hətta ölkə başçısı geniş müşavirə keçirdi, tapşırıqlar verdi, barmaq silkələdi. Bundan sonra imitiasiya xatirinə 3-5 faiz dərmanın qiymətində enmə müşahidə olundu, ardınca isə qiyməti endirilmiş dərmanların ölkəyə gətirilməsi dayandırıldı. Çünki, dərman mafiyasına ucuz dərman satmaq sərf etmir. Onlar hər dərmanı 10 dəfə baha qiymətə satmağa öyrəniblər. Biz də elə ilk gündən yazırdıq ki, dərmanların qiyməti ilə bağlı hökumətin canfəşanlığı görüntü xarakteri daşıyır və qiymətlər yenə də qalxacaq.
Devalvasiyadan sonra hökumətin əlinə yeni füsət düşdü və dərmanların qiymətinin qalxmasını devalvasiya ilə əlaqələndirdilər. Nəhayət, dərmanların vahid qiymətə satılması məsələsi gündəmə gəldi. 2016-cı il 30 iyun tarixində Tarif (qiymət) Şurasının növbəti iclasında 2557 dərman vasitəsinin qiyməti təsdiqlənib. Beləliklə, ümumilikdə dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 9632 dərman vasitəsinin və ya dövlət qeydiyyatından keçən dərman vasitələrinin 99%-nin topdan və pərakəndə satış qiyməti təsdiq olunub.
Amma vahid qiymətlər vətəndaşı qətiyyən razı sala bilməz. Əvvəla ona görə ki, hökumət əksər dərmanların qiymətinin 5-10 dəfə aşağı salınacağına vəd versə də, bu dərmanların qiyməti 1-2 dəfə aşağı salındı. Yəni hökumət devalvasiyanı bahənə gətirərək əvvəlki vədə xilaf çıxdı. Ikincisi, vahid qiymətin tətbiqindən sonra bəzi dərmanların qiymətində bahalıq hiss olundu.
Məsələn, tənzimləmədən öncə 12 manata olan təzyiq dərmanı, indi 26 manat 42 qəpik, 50 qəpiyə olan “qripxot” 80 qəpik olub. Tarif Şurasının vahid qiymət qərarına sosial şəbəkələrdə də aqressiv reaksiya hiss olunurdu. Vətəndaşlar əvvəl aldıqları dərmanların 20-50 faiz arası qalxdığını, ucuzlaşmış dərmanların isə apteklərdə tapılmadığını bildirirlər.
Qeyd edək ki, statistik məlumata görə, ötən il ölkəyə 246 milyon manatlıq dərman idxal edilib. Amma “Avromed”in prezidenti mətbuata açıqlamasında bildirmişdi ki, hər il 700-750 milyon manatlıq dərman idxal edilir.
Göründüyü kimi, əhalinin dərmana böyük tələbatı var və dərman mafiyası hər il bu tələbatdan yarım milyard manat pul qazanır. Görünür, ölkəyə gətirilən dərmanların böyük hissəsi qeydiyyatdan keçmir, büdcəyə töhfə vermir.
Bir sözlə, dərman mafiyası yenə də qalib gəldi. Əliyevin hədələri, barmaq silkələmələri heç bir nəticə vermədi. Vətəndaş yenə də baha qiymətə dərman alacaq, yenə də onqat baha qiymətə satılan dərmanlar qüvvədədir. Elə bir variant tapdılar ki, işbazlar yenə qazana bilsin. Hətta qiymətlərə devalvasiyanın təsiri varsa da, bu, 5-10 dəfə bahalaşma ilə nəticələnməməliydi. Yaxud 5-10 dəfə ucuzlama vədi, 1-2 dəfəylə nəticələnməliydi.
Hökumət dərman probleminə dərman tapa bilmədi. Çünki, dərmanların baha qiymətə satılması hökumətdəkilərin cibinə də dərman olur. Əsas odur ki, onlar qazansınlar, vətəndaş itirsə də olar.
Unutmayaq ki, ölkədə xəstələrin və xəstəliklərin sayının artması həm də dərman amiliylə bağlıdır. Bir qism xəstə bu dərmanları almaq üçün maddi imkana sahib deyil, bir qrup xəstə də keyfiyyətsiz dərmanları aldığına görə şəfa tapa bilmir. Hökumətin fəaliyyəti dərmanı da dərdə çevirib.
Samir