“Suverenlik hökumətlərin öz xalqlarını qırğına məruz qoymasına laqeyd qalmalı olmaq demək deyil”
“Bütün bunlar “geosiyasi mühəndisliyin” olduqca riskli “reseptləridir”
BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı müzakirə zamanı ABŞ dövlət katibi Hillari Klintonla onun rusiyalı həmkarı Sergey Lavrov arasında söz döyüşü olub.
Klinton çıxışına bəyan edib ki, suverenlik hökumətlərin öz xalqlarını kütləvi qırğına məruz qoymasına və bunun regional sülhə, təhlükəsizliyə təhlükə yaratmasına Təhlükəsizlik Şurasının laqeyd qalmalı olduğu demək deyil. Dövlət katibi bildirib ki, ABŞ eyni zamanda Suriya hökumətinin ordudan istifadə eilə törətdiyi qətliamları mühasirədə olan dinc sakinlərin gördüyü özünümüdafiə tədbirləri ilə bərabərləşdirməyin əleyhinədir.
Sergey Lavrov bunun qarşılığında bildirib ki, Suriyadakı vəziyyət bütün beynəlxalq ictimaiyyət kimi Rusiyanı da ciddi narahat edən başlıca məsələdir. Lakin tələsik rejimin dəyişilməsini tələb etmək, iqtisadi çətinliklər yaratmaq üçün birtərəfli sanksiyalar qəbul etmək, müxalifəti hökumətlə dialoqa girmək əvəzinə müqaviməti davam etdirməyə təhrik etmək, silahlı müqavimətin xeyrinə, hətta beynəlxalq müdaxilə üçün çağırışlar etmək, – bütün bunlar “geosiyasi mühəndisliyin” olduqca riskli “reseptləridir” və yalnız münaqişənin daha da gərginləşməsinə gətirib çıxara bilər.
Bu arada Suriyada Bəşər Əsəd rejiminə aid hərbi qüvvələrin əhaliyə qarşı qırğınlarını əks etdirən yeni foto və videolar yayılıb. Britaniyada yerləşən Suriya İnsan Haqqları Monitorinq Qrupu ötən gün Bəşər Əsədə sadiq qüvvələrin Homsda azyaşlı uşaqlar daxil olmaqla azı 16 sakini qətlə yetirdiyini xəbər verir. Yerli mənbələr isə bu rəqəmin 45 olduğunu bildirir. Yenidən hökümətin nəzarətinə keçmiş bu şəhərdə hərbçilərin kütləvi qətllərlə müşayiət olunan müxtəlif intiqam aktları törətdiyi deyilir.
Suriya Milli Şurası yaranmış vəziyyətdə Bəşər Əsəd rejiminə qarşı hərbi müdaxiləni zəruri sayaraq Qərbi və Ərəb Liqası ölkələrini belə bir qərar verməyə çağırıb. Suriya Milli Şurası hesab edir ki, dinc sakinləri qətliamdan qorumaq və humanitar fəlakətin qarşısını almaq üçün hərbi müdaxilə olmalı, ölkənin hava məkanı uçuşa qadağa zona elan edilməlidir.
İnformasiya şöbəsi


