Bu, bir reklam yazısına oxşaya bilər. Amma əsla belə deyil. Kifayət qədər ciddi bir mətləbdən danışmaq istəyirəm.
“Coca-Cola” mənim sevimli içkimdir. Çox nadir halda oturduğum yemək süfrəsində “Coca-Cola” görməzsiniz. Bunun da səbəbi var: “Coca-Cola”nın bir Qərb brendi olmaqdan çıxıb Qərb dəyərlərinə rəğbət və sevginin simvollarından birinə çevrilməsi!
Bu içki haqqında çoxlu şəhər əfsanələri dolaşır. Inanıram ki, hər biriniz belə əfsanələrdən ən azı birini eşitmisiniz. Bəlkə özünüzdən də “Coca-Cola” haqqında az əfsanə uydurmamısınız.
Odur ki, birbaşa mətləbə keçirəm. Bir neçə il əvvəldən Azərbaycanda “Coca-Cola”ya qarşı bir kampaniya başladı. Kampaniya iqtidar mətbuatında gedirdi. Bu içki az qala cümlə bəlaların baiskarı, bütün xəstəliklərin səbəbkarı elan edilmişdi. Hər dəfə də belə yazılarda hansısa ölkənin naməlum alimlərinə istinad edilirdi – Türkiyədən tutmuş Çinədək.
Mən hələ o vaxtdan bu kampaniyadan şübhələnmişdim. Birdən-birə hər iqtidar qəzetində, saytında sanki bir-birinin ağzına tüpürübmüş kimi, “Coca-Cola” barədə “şok xəbərlər” yayılırdı. Bu təsadüfi, alt niyyətsiz ola bilməzdi.
Nəhayət, ötən il “Vikiliks” saytı ABŞ-ın Bakıdakı səfirinin gizli yazışmalarını dərc etdi. Onlardan birini oxuduqda hər şey mənə daha dərindən aydın oldu.
Gəlin xatırlayaq. 2008-ci ildə ABŞ səfirliyindən Vaşinqtona göndərilən teleqramlardan birində qeyd edilirdi ki, həmin ilin iyununda ABŞ-ın Iqtisadi və Biznes məsələləri üzrə Xüsusi Nümayəndəsi Frank Mermoud Bakıya səfəri zamanı “Coca-Cola” şirkətinin təmsilçiləri ilə də görüşüb. Onlar Azərbaycanın biznes mühitindəki problemlərə diqqət çəkiblər.
Teleqramda daha sonra yazılırdı: “Coca-Cola”nın Maliyyə direktoru Okan Gursan və Təchizat Şəbəkəsi meneceri Rəna Məmmədova Azərbaycanda biznes mühitinin daha ciddi problemlərindən bəhs etdilər. Okan Gursan bildirir ki, ölkədə infrastruktur çox zəifdir, məhsulların saxtalaşdırılması geniş yayılıb, institusional korrupsiya, monopoliyalar var. Gursan qeyd edir ki, “Coca-Cola” öz zavodunun genişləndirilməsi üçün Bakı Şəhərsalma və Arxitektura Idarəsinə müraciət edib. 8500 manat dövlət rüsumu ödəyib. Amma zavodun genişləndirilməsi üçün onlardan 100 min dollar rüşvət tələb olunub. Gursanın dediyinə görə, onlar rüşvət verməkdən imtina edərək tikintilərini aparmağa cəhd göstəriblər. Amma buna imkan verilməyib. Mayda “Coca-Cola” bununla bağlı Prezidentin Icra Aparatının rəhbəri Ramiz Mehdiyevə şikayət göndərib. Cavabında isə onlara ödədikləri 8 500 manat dövlət rüsumunu geri qaytarıblar. “Coca-Cola”nın nümayəndələri bunun səbəbini soruşanda onlara Bakı Şəhərsalma və Arxitektura Idarəsinin geri tarixdə imzalanmış iki məktubunu göstəriblər. Həmin məktublarda şirkətin tikinti planındakı qüsurlardan bəhs edilir. Bu qüsurlar haqqında “Coca-Cola”ya birinci dəfə idi deyilirdi”.
Bəli, bütün bunlar o vaxt baş verir ki, hakimiyyət saytlarında da “Coca-Cola”ya qarşı “qara piar” aparılır. Və indinin özündə də həmin kampaniya davam edir. Iki gündür “Coca-Cola”nın xərçəng yaratdığının elmi cəhətdən təsdiq olunduğu barədə yeni xəbərlər bəzəyir bu sayt və qəzetləri. Bəlli ki, nə istədikləri rüşvəti ala bilməmələrini, nə də sonradan bununla bağlı şirkət təmsilçilərinin ABŞ-dan gələn xüsusi nümayəndəyə şikayətlənmələrini, işin sonradan ictimailəşməsini həzm edə, bağışlaya bilmirlər.
Bunlarla kirli bazarlıqlarda, qaranlıq alış-verişlərdə olmayanlar bu aqibəti yaşamağa məcburdular. Təzəlikcə “Nestle”nin ölkədən gedişini xatırlayın. Səbəb bu məşhur şirkətin Azərbaycandakı yazılmamış qanunlarla işləmək istəməməsi idi. Internetdə kiçik bir axtarış aparın və yandaş mətbuatın son iki ildə, tıpkı “Coca-Cola” kimi, bu şirkətin məhsulları haqqında da nələr yazdığını, uydurduğunu öz gözlərinizlə görün. Və düşünün: bunlar təsadüfimi yazılıb, uydurulub?
Ən əsası, sıra “Coca-Cola”dadırmı?
Bilmirəm.
Bu içkinin xərçəng yaratdığına dair yandaş mediada “yeni şok məlumatlar”ın tüğyan etdiyi vaxtda bildiyim tək şey var: Obama dəlicəsinə “Coca-Cola” içir, amma maşallah, turp kimi möhkəm, sağlamdır. Xərçəngə isə ABŞ-a və onun bütün dəyərlərinə, brendlərinə nifrət etdiyi üçün çoxdan “Coca-Cola”… içməkdən imtina etmiş Venesuela diktatoru Uqo Çaves tutuldu.
Düşündürücü deyilmi?

“Coca-Cola”nı Obama içirdi, amma xərçəngə Uqo Çaves tutuldu
•
•