Hakimiyyətin müxalifətlə dialoqa daha bir münasibətini eşitdik. Qəribədir. O münasibəti ki, bunlar sərgiləyir, o, daha çox dava və qarşıdurma üçün lazım gələ bilər, nəinki diaoloq üçün. Bunları, necə deyərlər, müxalifətin və bir də ziyalıların representativliyi maraqlandırır. Sonuncu kəlmədən daha çox bəzi sosioloqlar istifadə edir. Onlar respondentlər seçərkən onların məlum qrup çərçivəsində nə qədər representativ olmasını əsaslandırırlar. Indi hakimiyyəti bizim representativliyimiz qane etmir. Nə edə bilərik? Bəli, eyni məntiqlə biz də iddia edə bilərik ki, YAP heç də bizim cəmiyyəti əhatə etmir. Buyursunlar və sübut etsinlər ki, bu, belə deyil. Başqa vaxt özləri iddia edir ki, bizim xalq siyasiləşmiş xalq deyil. Amma söhbət partiya üzvlərinin sayından gedəndə başlayırlar ki, bəs bizim partiyanın yarım milyon üzvü var! Əgər xalq siyasət deyilən şeyə etinasızdırsa və onu sevmirsə, bu qədər partiya üzvü haradan meydana çıxır? Güman etmirəm ki, başqa suallar tək onların elə bu suala da tutarlı cavabı olsun. Bunlar dialoqu necə təsəvvür edir?
Belə hesab edirlər ki, ölkədəki siyasi vəziyyət, seçkilər və hakimiyyətlə bağlı məsələlər, partiyaların siyasi sistemdəki yeri, hakimiyyət pilləsindəki status və rolu, legitim hakimiyyət formalaşdırmaq problemləri, hətta ikinci on illiyi çoxdan adlayan Dağlıq Qarabağ problemi, ölkənin strateji siyasətinin əsası müzakirə predmeti olmamalıdır. Bəs digər problemləri necə? Onları eşitmək istəyirlərmi? Bunların özləri bir tərəfə, onlara yaxın partiyaların çıxışlarında səslənən məqamlara qulaq verəndə görürsən ki, bunlar, ümumiyyətlə, sakit tərzdə tənqid qəbul etmək iqtidarında deyillər, ona qarşı tamamilə qeyri-təbii reaksiya göstərirlər. Mən hakimiyyətin siyasi-psixoloji davranış tipi haqda çox yazıb sizi yormaq istəmirəm. Onsuz da bir çox məqamları bizsiz də təhlil və analiz edib müəyyən nəticə əldə etmək mümkündü. Inanmaq çətindir ki, bu nəticə hakimiyyətin xeyrinə olsun. Bunlar özlərinin qəbul edə biləcəyi müxalifət modelini yaradıblar. Bəli, toylar haqda danışmaq, matəm və yas mərasimlərini tənqid etmək, hətta millətin az mütaliə etməsindən də gileylənmək olar. Amma o yerdə ki, söhbət gəlib hakimiyyətdən asılı olan və onun iradəsinin yoxluğu ucbatından həll olunmayan və yaxud da ki, qəsdən həll edilməyən məsələlərə gəlib çatanda yalnız tərifləmək olar. O gün maraq doğuran bir kadr göstərdilər. Hə, 19 ildən sonra bunlar açıq mikrofon təşkil ediblər, özü də rayonların birində. Amma bəyənilməyən bir illik hakimiyyət dövründə hər həftə sonu açıq qəbul təşkil olunurdu, rayonun bütün vəzifəli şəxsləri və şikayətçilər bir zala toplaşır və problemlər bu qayda ilə müzakirə olunurdu. Soruşursunuz ki, sizdən öyrənməli bir şey varmı? Budur, belə bir təcrübə olub, zəhmət çəkin, 19 ildən sonra siz də onu tətbiq edin. Müxalifəti olmayan və yaxud da müxalifəti prinsipial olaraq eşitməyən hakimiyyət tam marginallaşmağa, cəmiyyətdən təcrid olmağa məhkumdur, çünki insanların psixologiyası elədir ki, hər yüz nəfərdən biri özünə tənqidi yanaşmağı və öz səhvlərini görməyi bacarır. Böyük əksəriyyət nəinki bunu etmək iqtidarında deyil, onlar hətta bunu sevmir.
Bu qapını örtün, biz başqa yolla gedəcəyik…
O gün Rusiyada müxalifətin aksiyasını göstərirdilər. Elə bil Bakını görürdük və Bakıya baxırdıq! Çıxış edən S.Udaltsovu tribunadan çəkib düşürtdülər. O qədər polis, maşın vardı ki… Mən hələ ziyalı müdaxiləsini hiss etmirəm. Rus ziyalılarının maraqlı fikri var: ziyalının da tarixi seçimi hakimiyyətin əleyhinə olmaq və ona opponentlik etməkdir. Həqiqətən maraqlı fikirdir. Lakin Rusiya inqilabı bir az “rus qışı” kimi qorxudur, rus inqilabı rus urası assosiasiyasını yaradır. Ona görə də ruslar, xüsusən də ziyalılar bir qədər ehtiyat edir. Ötən aksiyadan sonra yazıçı və etirazçı E.Limonov maraqlı fikir dedi. O söylədi ki qapıları örtün, biz başqa yolla gedəcəyik! Bu, mənim yadıma sovet vaxtında gördüyüm məşhur bir portreti saldı. Orada da gənc Lenin təsvir olunmuşdu. Portretin adı da belə idi: “Biz başqa yolla gedəcəyik!”. Mən səvhləri şişirdib qorxu yaratmaq fikrində deyiləm. Amma Böyük Oktyabr Səhvi hələ çoxunu çəkindirir…

Hakimiyyət dialoqu necə təsəvvür edir?
•


