O, ölkənin nə birinci xanımıdır, nə mininci, nə milyonuncu. Ancaq o, birinci xanımdır: Azərbaycanın Demokratik jurnalistikasının birinci xanımı! Bu bir titul deyil, bu bir status da deyil; bu, gerçəkdən professional – prinsipial bir jurnalistin yaşam yetənəyidir! Bunu yaşam yetənəyi ilə qazanılan status saymaq olar. Bu, prezidentdən tutmuş, istənilən partiya başçısınadək kimsənin qazana bilmədiyi bir statusdur – qorxularla dolu TƏKBAŞINA çarpışmalardan, yamanlıqlarla barışmaz prinsipiallıqdan doğan birincilik! Onu kimsə verə bilməz, onu kimsə ala bilməz. Bütün dünyanın diktator-prezidentləri yığışıb gəlsə belə, onu soyundura bilməzlər – o özü SOYUNDURAN olduğuna görə!
Baxın: hamının, bütün ölkənin geyimli-kecimli gördüyü bir kralın LÜT olduğunu xalqa kim bildirmişdi – balaca bir uşaq. Yalnız bu uşağın barmaq tuşlayıb göstərməsindən sonra xalqın gözü açılmış, xalq kralın LÜT olduğunu görmüşdü. Bəs niyə kralın LÜT olduğunu başqaları deyil, uşaq görmüşdü? Dünyaya, eləcə də krala arı-duru uşaq düşüncəsindən boylandığına, uşaq gözlərilə baxdığına görə! Müxalifət düşərgəsində yer tutsalar belə, bir çox başqaları, başlıcası da jurnalistlərin çoxu gizli istəklərlə, umacaqla baxdıqlarına görə onun LÜT olduğunu görə bilmir, daha doğrusu, görmək istəmirdilər. Hansısa yalançı-qondarma müxalifət adamları, eləcə də yalançı-qondarma müxalifət jurnalistləri kimi UŞAĞIN kraldan gizli istəkləri, umacaqları olmadığından kralın LÜT olduğunu gördü, dedi. Xədicə xanım bu ölkənin o sayaq arı-duru jurnalist UŞAQLARINDAN biri kimi kralın LÜT olduğunu görən, deyən kimsədir.
Xədicə xanım bu ölkənin tək-tək jurnalist-güzgülərindəndir. Güzgünü soyundurmaq olarmı?! Güzgünü sındırmaq olar – Elmar kimi! Elmarı bir güzgü olaraq sındırdılar. Iraqda güzgüləri sındıran Səddam Hüseynin kanalizasiyadan, Liviyada güzgüləri sındıran Qəzzafinin kanalizasiya borusundan çıxarılıb öldürüldüyü, Misirdə güzgüləri sındıran Hüsnü Mübarəkin xərəkdə məhkəmə zalına daşındığı kimlərəsə görk olmursa, özlərindən küssünlər. S.Hüseyndən bir milyonluq ordu, Qəzzafidən 200, H.Mübarəkdən 70 milyard dollar oğurluq pul qaldı. Onların xalqdan oğurladığı pullar sonda yenə xalqa qaldısa, onda böyük Füzuli demiş: “Ey olub sultan deyən, dünyada məndən qeyri yox; Sən səni bir cüğd bil, dünyanı bir viranə tut”. (Açması: Ey sultan olub dünyada məndən başqası yoxdur deyən; Sən səni bir bayquş bil, dünyanı dağılmış say).
Bugünlərdə Quba IH başçılığından xalqın qovduğu R.Həbibovun evinin altından bir maşın araq çıxdı. Hər biri 200 manatdan, 2000 manatadək araqlar. Sözsüz, o qiymətə bir maşın arağı R.Həbibov özü üçün alıb saxlamayıb; o araqlar hakimiyyət başında duranların qonaqlığı üçün alınmış araqlardır. Bir neçə ay qabaq Qubada olmuş I.Əliyev qubalılar qarşısında bütün ölkədə olmayan “inkişafdan” danışaraq demişdi: “Bildiyiniz kimi, mən dəfələrlə Qubada olmuşam və vəziyyətlə maraqlanmışam. Demək istəyirəm ki, əmin ola bilərsiniz, Qubada gedən proseslər daim mənim nəzarətim altındadır”. Bəlli olduğu kimi, I.Əliyev bu sayaq çıxışları ölkənin hər yerində edir. Indi Qubada baş verənlərdən bilmək olar: I.Əliyev xalqı aldadır. Bu isə rejimin xarakterindən doğan bir görsənişdir: korrupsiya rejimi aşağıdan yuxarıya YALAN rejimidir. Korrupsiya rejimini YAŞADAN da, yıxan da YALAN olur.
Korrupsiya rejimini yaşatmaq üçün bu rejimin Xədicə Ismayıl kimi barışmaz düşmənləri ilə bağlı yalanlar yaymaq rejimi qorumaq üçündür. Korrupsiya rejiminin Elmar Hüseynov kimi barışmaz düşmənlərini öldürüb yalançı cinayət işləri düzüb-qoşmaq da rejimi yaşatmaq üçündür. Korrrupsiya rejiminə düşmən jurnalistləri yalançı suçlamalarla tutub dustaq eləmək də rejimi yaşatmaq üçündür. 21-ci yüzildə stalinçi repressiyalarla uğraşmaq da…

Demokratik jurnalistika birincisi – Xədicə xanım!
•