Azərbaycanın müdafiə naziri Səfər Əbiyev martın 12-də İran İslam Respublikasına səfəri çərçivəsində prezident Mahmud Əhmədinejadla görüşüb.
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, müdafiə naziri S.Əbiyev Azərbaycan prezidenti İlham Əliyevin salamlarını İran dövlətinin başçısına çatdırıb və bildirib ki, ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq bundan sonra da qorunacaq.
Səmimi salamlara görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirən İranın dövlət başçısı onun da salamlarını və xoş arzularını prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.
Görüşdə Azərbaycanla İran arasında əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkələrimiz arasında həlli mümkün olmayan heç bir məsələ yoxdur.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov görüşdə iştirak edib.


