Nuşirəvan Məhərrəmli Steven Kornla görüşdən imtina etdi
Azad Avropa/Azadlıq Radioları Korporasiyasının prezidenti Steven Korn martın 12-də Bakıda səfərdə olub.
O, “Azadlıq” radiosunun Bakı bürosunun əməkdaşları ilə görüşüb. Steven Korn radionun ötən həftə hədələnmiş araşdırmaçı jurnalisti Xədicə İsmayılla görüşündə deyib ki, səfərinin məqsədlərdən biri də ona dəstək verməkdir.
Steven Korn Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Azərbaycanda bəzi insan haqları fəalları, bloqqerlərlə də görüş keçirib.
O, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə də görüşməyi planlaşdırsa da, bu baş tutmayıb: «Teleradio Şurası ilə görüş planlaşdırmışdıq. Görüşdən bir az əvvəl məlumat daxil oldu ki, onlar məşğuldurlar, daha vacib işləri var. Bu çox üzücü oldu. Çünki biz bu görüşdə FM dalğasını müzakirə edəcəkdik».
Steven Korn “Azadlıq” radiosu dinləyicilərinin də suallarını cavablandırıb.
«Mən Azərbaycanlı deyiləm ola bilər ki, yerli şəraiti yaxşı bilmirəm. Amma mən anlaya bilmirəm ki, niyə “Azadlıq” radiosu kimi arzulanan bir media qurumunu FM tezliyində dinləyicilərin əlindən alırlar», deyə o bildirib.
Steve Korn ötən ilin iyununda AzadlıqRadiosunun prezidenti vəzifəsinə təyin olunub.


