Yarışmanı boykot çağırışları artır, Türkiyə də kampaniyaya qoşuldu (VİDEO)
Azərbaycanda insan haqlarının pozulması, əks fikrin boğulması səbəbilə Bakıda keçiriləcək “Eurovision” musiqi yarışmasının boykot edilməsi üçün beynəlxalq ictimaiyyətə çağırışlar artır. Bunu Britaniyanın dünyaca məşhur “The Guardian” qəzeti yazıb. Qəzet xatırladır ki, hələ bir neçə gün əvvəl Bakıda keçirilən aksiya zamanı (Vicdan məhbuslarına işgəncə verilməsinə etiraz məqsədilə AXCP fəallarının martın 6-da keçirdiyi aksiya-red.) 17 etirazçı döyülüb və həbsə atılıb.
“The Guardian”: “Islandiya yarışmadan çəkilməyi düşünür, Hollandiya, Fransa və Irlandiya boykot kampaniyasına qoşulub”
“Amnesty International” təşkilatı Azərbaycan hökumətini bu məsələ ilə bağlı dərhal araşdırma aparmağa çağırmışdı. Təşkilatın son hesabatına görə, ölkədə müxalifət mitinqlərinin qadağan edilməsi, jurnalistlərin həbsi faktları var. “Human Rights Watch” təşkilatı qarşıdan gələn “Eurovision”la əlaqədar “şəhərin gözəlləşdirilməsi” bəhanəsilə vətəndaşların evlərindən çıxarılması, bəzən xəbərdarlıq edilmədən evlərinin başlarına uçurulması hallarını sərt tənqid etmişdi. Avropa Parlamentinin, hüquq müdafiəçilərinin və azərbaycanlı blogerlərin “Eurovision” yarışmasının boykot edilməsilə bağlı çağırışları olmuşdu. Islandiya televiziyası yarışmadan çəkilməyi düşünür, Hollandiya, Fransa və Irlandiya boykot kampaniyasına qoşulub”, – deyə “The Guardian” yazır.
Qəzet mövzu ilə bağlı “Amnesty International”ın rəhbərinin Avropa və Mərkəzi Asiya üzrə müavini Con Dalhusenin fikirlərinə də yer verib: “Azərbaycan hökuməti dinc mitinqləri dağıtmaqda və insanları həbsə atmaqda davam etdikcə demokratiyanın layiqli təmsilçisi ola bilməz. Hakimiyyət başa düşməlidir ki, gözlənilən hadisənin təntənəsi ölkədə insan haqlarının pozulmasını maskalaya bilməz. Onlar dinc aksiyalara qarşı münasibətlərini qəti şəkildə dəyişməlidirlər”.
“Əl-Cəzirə” də boykot kampaniyasına diqqət ayırdı
Qəzet sonda xatırladır ki, “Eurovision”a ev sahibliyi etmək şansı qazanan Azərbaycan hökuməti yarışma zamanı jurnalistlərin təhlükəsizliyinin və informasiya şəffaflığının təmin olunacağına dair Avropa Yayım Şurası qarşısında öhdəlik götürüb. Əlavə edək ki, “The Guardian”da dərc olunan məqalə “Ərəb dünyasının CNN-i” kimi təqdim edilən Qətərin “Əl-Cəzirə” kanalının internet səhifəsində də yerləşdirilib.
“Amnesty International” beynəlxalq insan haqları təşkilatının Türkiyə nümayəndəliyinin rəhbəri Murat Çakıc bu ölkəni Bakıda keçiriləcək “Eurovision” yarışmasında təmsil edəcək Can Bonomoya açıq məktub ünvanlayıb. Məktubda Azərbaycanda insan haqları və söz azadlığının kobudcasına pozulduğu, hakimiyyətin müxalif fəallara və vətəndaş cəmiyyətinin nümayəndələrinə yönəlik hücumları barədə geniş məlumat verilir. Məktubda deyilir:
Atadan oğula keçən hakimiyyət
“Eurovision”un builki ev sahibi Azərbaycanda söz və ifadə azadlığı getdikcə yox edilir.
Xəzər dənizi sahilindəki bu neft ölkəsinin 9 milyon vətəndaşı atadan oğula keçən, oliqarxlar tərəfindən idarə olunan hakimiyyətin rəhbərliyi altında yaşayır. Bu hakimiyyət neft gəliri hesabına gücləndirilmiş dövlət aparatından özünə qarşı tənqidi ağır şəkildə susdurmaq üçün istifadə etməklə məşğuldur. 2005-ci ilin martında müstəqil bir jurnalın redaktoru olan Elmar Hüseynov evinin qarşısında naməlum şəxslər tərəfindən qətlə yetirildi. Hüseynov hökuməti tənqid edən bir sıra məqalələrin müəllifi idi. Onun qatilləri hələ də cəzalandırılmayıblar.
Səsini çıxaranlar zorla susdurulur, döyülür, bıçaqlanır
Həmin ilin noyabrında minlərlə insan Bakı küçələrinə çıxaraq ədalətli seçki tələbini qaldırdı. Dinc nümayiş polis tərəfindən sərt zorakılıqla dağıdıldı. Təxminən 300 etirazçı döyülərək xəstəxanalıq oldu. 2005-ci ildə yaşanan bu hadisələrdən sonra bir müddət hökumət əleyhinə heç bir böyük etiraz aksiyaları olmadı. Bu müddət ərzində hökumət onu tənqid edən müxalif fəalları, jurnalistləri və hüquq müdafiəçilərini həbsə atdı, onların üzərində nəzarəti gücləndirdi. Səsini çıxaranlar zorla susduruldu, döyüldü və bəzən də bıçaqlandı.
Haqq və azadlıq istəyən fəalların həbsi
Aradan iki il keçdikdən sonra – 2007-ci ildə başqa bir müstəqil jurnalist Eynulla Fətullayev 8 il yarım azadlıqdan məhrum edildi. 2009-cu ildə bloqçular Adnan Hacızadə və Emin Milli 2 il yarım həbs cəzasına məhkum olundu. Günahları isə hökuməti tənqid edən komik video-kadrları hazırlamaq və yaymaq idi. 2011-ci ildə isə 19 yaşlı Cabbar Savalanlı “facebook” sosial şəbəkəsində dinc etiraz aksiyalarına çağırışlar etdiyinə görə həbs olundu, barəsində 2 il yarımlıq həbs qərarı çıxarıldı. Bu 4 fəal “Amnesty International”ın da qatıldığı kampaniyalardan sonra azadlığa buraxıldı. Ancaq ötən il aprelin 2-də Yaxın Şərq və Şimali Afrika ölkələrində yaşanan xalq üsyanlarından ilhamlanan yüzlərlə etirazçı demokratiya və insan hüquqlarına hörmət tələbilə küçələrə axışdı. Bu etiraz aksiyası da növbəti dəfə polislər tərəfindən zorakılıqla dağıdıldı. Hökumət etirazları təşkil etməkdə şübhələndiyi 16 nəfəri həbs etdi. Cəzalandırılan həmin 16 nəfər, insanların fundamental hüquq və azadlıqlarını açıq şəkildə ifadə etməyə çalışan fəallardandır.
Avropa Yayım Birliyinin susqunluğu
“Eurovision” mahnı yarışmasını hər il 120 milyon insanın izlədiyi ehtimal olunur. Azərbaycan hökuməti də bu fürsətdən istifadə edib hər kəsə ölkədə insan hüquqları pozuntularının yaşanmadığını və onun inkişaf etməkdə olan demokratik bir ölkə olduğunu söyləmək üçün milyonlarla dollar xərcləyir. Işin ironik tərəfi isə budur ki, “Eurovision”un təşkilatçısı Avropa Yayım Birliyi “media azadlığının ən əsas müdafiəçisi” olmağı qarşısına məqsəd qoyur. Lakin bu “böyük müdafiəçi” 2012-ci ildə yarışmaya ev sahibliyi edəcək ölkədə yaşanan ifadə azadlığı pozuntularıyla bağlı hələ ki, heç bir şey söyləmir.
Can Bonomoya çağırış
“Eurovision” bu il bir yarışma olmaqdan daha çox əhəmiyyətə malikdir. Builki yarışma Azərbaycandakı insan haqları pozuntularını milyonlarla adamın gözləri önünə sərmək üçün bir fürsətdir. Yarışmaya qədərki müddətdə “Amnesty International” təşkilatı 16 vicdan məhbusunun hər birinin azad olunması üçün kampaniya aparır.
Sevimli Can Bonomo, bu işdə səndən bir tələbimiz var. Bu il “Eurovision” mahnı yarışmasında Türkiyəni sən təmsil edəcəksən. Bu, yarışmaya qatılacaq ölkələrdəki bütün təmsilçilərə etdiyimiz ortaq bir çağırışdır. Bir tərəfdən yarışmada sənə uğurlar diləyərkən, digər tərəfdən də Azərbaycandakı insan haqları pozuntularını ortaya çıxarmaq səylərimizə qatılmağını istəyirik. Səndən özlərini ifadə etmə cəsarəti göstərən azərbaycanlılara qulaq asmağını, mahnı oxuması qadağan edilənlərin yanında olduğunu ifadə etməyini istəyirik. Azərbaycanda böyük bir təhdid altında cəsarətlə insan haqları uğrunda mübarizə aparanlar bu dəstəyə layiqdir.
Siyasət şöbəsi