Hökumət vətəndaşa göstərdiyi zəhmi düşmənə niyə göstərmir?
Biz təkcə yaxşı ev, yaxşı avtomobil, yaxşı maaş, yaxşı səhiyyə, yaxşı təhsil arzusu ilə yaşamırıq. Biz bütün bu arzuların həyata keçməsini təmin etməli olan, yaxşı hökumət arzusuyla yaşayırıq. Vətəndaşına qayğı göstərən, dövlətin təəssübünü çəkən, milli qürur nümunəsinə çevrilən hökumətlərə həsəd aparırıq. Arzu edirik ki, kaş bizim də milli maraqlara söykənən hökumətimiz olsun.
Son günlər dünyada baş verən bəzi hadisələr bizə bir daha milli hökumətin yoxluğunu xatırlatdı. Məsələn, bəyənmədiyimiz Rusiya hökuməti bir pilotunun vurulmasını Türkiyəyə güzəştə getmədi. Baxmayaraq ki, Rusiya təyyarəsi Türkiyə sərhəddini pozmuşdu və Türkiyə haqlı olaraq atəş açmışdı, yenə də Rusiya Türkiyə ilə əlaqələri soyutdu, müəyyən qadağalar tətbiq etdi. Yalnız Türkiyənin üzrxahlığından sonra Rusiya əlaqələrin yenidən bərpasına razılıq verdi.
Yaxud, 2010-cu ildə Türkiyənin Qəzzaya yardım aparan “Mavi Mərmərə” gəmisinə Israil tərfindən hücum edildi və hücum zamanı 9 nəfər türk həlak oldu. Bundan sonra Türkiyə Israil ilə əlaqələri kəsdi. 2013-cü ildə Israil Türkiyədən üzr istəsə də münasibətlərdə istilik yaranmadı. Nəhayət 6 ildən sonra Israil həlak olanların ailələrinə təzminat ödəməyə razılıq verdi, Qəzzadakı səhvini etiraf etdi. Və bundan sonra son günlər iki ölkə arasında müəyyən təmaslar yaranıb.
Göründüyü kimi prinsipial, dövlətin qürürunu düşünən, hər bir vətəndaşını qiymətləndirən hökumətlər güzəştə getmir, qarşısındakına kimliyini göstərməyə çalışır, özünün gücsüz, zəif göstərmir. Ən əsası bütün dünyaya o mesajı verir ki, mənim dövlətimə, vətəndaşıma toxunanla düşmənəm və güzəştə getmərəm.
Təəssüf olsun ki, belə xarakterin Azərbaycan hökumətinə heç bir aidiyyatı yoxdur. Bizim hökumətimiz haqqını tələb edənlərə, tənqidi yazı yazanlara, siyasi rəqiblərə güzəşt etməsə də, dövlətin maraqları müzakirə mövzusu olanda hamıya güzəşt edir.
Bəli, hökumət öz vətəndaşına göstərdiyi qəddarlığı, zəhmi düşmənə göstərə bilmir. Rusiya birmənalı şəkildə Ermənistanı silahlandırır, düşmən ölkəylə uzunmüddətli müqavilələr bağlayır, qondarma erməni soyqırımını tanıyır, Ermənistanın Qarabağda qan tökmüş hərbçilərini təltif edir və bütün bunlara Azərbaycan hökuməti zərrə qədər etiraz edə bilmir. Əksinə, düşmənə atalıq edən Rusiyanın himayəsinə qısılırlar, Rusiyanın maraqlarından çıxış edirlər, Rusiyanın təbliğatını aparırlar.
Yaxud, 23 ildir Ermənistan rəhbərliyi ilə saysız-hesabsız görüşlər keçirilir, bu görüşlərdən təbəssüm dolu fotolar paylaşılır və görüşdən sonra atəşkəs yenə də pozulur, əsgərlərimiz yenə də şəhid olur. Amma bu hökuməti qətiyyən narahat etmir, yenə də növbəti görüşə hazırlaşırlar, mənasız danışıqları davam etdirirlər. Hansıki, qətiyyətli, qürurlu hökumət 23 illik mənasızlıqdan imtina edərdi, düşmən qarşısında konkret tələblər və vaxt qoyardı və nəticəsiz görüşlərdən imtina edərdi. Ümumiyyətlə, vətəndaşın qanına əli bulaşmış adamlarla bir masa arxasında oturmağı özümüzə sığışdırmadığımızın mesajı verilməliydi. Bizim hökumətimiz isə düşmən xahişi ilə atəşkəs elan edir, düşmənin maraqlarına xidmət edən status-kvoya sədaqət göstərir.
Qürursuzluq bununla da bitmir. Qondarma erməni soyqırımını tanıyan digər ölkələrlə də yüksək səviyyədə münasibətlər qurulur. Məhz “eməni soyqırımı”nı tanımış ölkələrdə xeyriyyə layihələri həyata keçirilir, bu ölkələrə külli miqdarda vəsait xərclənir.
Hətta bizim hökumətimiz milləti təhqir edən, Azərbaycanı Rusiyanın tərkibində görmək istəyən Jirinovskini ən mötəbər qonaq kimi qəbul edir, bu adamı mükafatlara bürüyür.
Bəli, hökumətin fəaliyyətində prinsipsizlik, dövlət maraqlarının ayaqlar altına atılması, qürursuzluq açıq şəkildə görünür. Demokratiya tələb edən ölkələrə od püskürdükləri halda, ölkəmizdə faciələr törətmiş adamlara qucaq açırlar.
Əslində, Xocalı soyqırımına görə, 20 yanvar faciəsinə görə Rusiya da bizdən üzr istəməliydi. Niyə Rusiya bir pilotuna, Türkiyə 9 əsgərinə görə bu qədər qətiyyət nümayiş etdirir, amma Azərbaycan hökuməti minlərlə insanın qanını güzəştə gedir?
Bu qədər qətiyyətsizliyin, unutqanlığın, anti-milliliyin uğurlu nəticəsi ola bilərmi? Məhz bu qürursuzluğa görə Ermənistan 800 hektar ərazinin davasını aparır, ermənipərəstlər Azərbaycan hökumətindən yararlana bilir. Bu qədər dişsizliyin qarşısında, torpağımıza da iddia edərlər, sərvətimizi də əlimizdən alarlar.
Bir sözlə, bu hökumət yalnız vətəndaşa güzşət etməyi, vətəndaşın istəyinə uyğun siyasət yürütməyi qüruruna sığışdırmır. Dövlətin imici, xalqın rifahı isə sonuncu dərəcəli məsələdir.
Ona görə də bizə mütləq milli, prinsipal, dövlətin qürurunu qoruyan hökumət lazımdır. Bu arzunun həyata keçməsi isə vətəndaşdan asılıdır.
İlham