Maşın bazarını kim yandırıb? REPORTAJ

masin-bazari-yangin2Rəsmi versiya qısaqapanma olsa da, bəzi mağaza sahibləri bazarın yandırıldığını iddia edir

Babək prospektində yerləşən “Maşın bazarı” yenə yandı. Iyunun 30-da axşam başlayan yanğın bazarın böyük bir ərazisini külə döndərib. Bazarla əlaqəsi olanlar 50-60  mağazanın yandığını deyirlər. Bununla bağlı rəsmi məlumat yoxdur. Bazar rəhbərliyi də hər hansı açıqlama vermir. Dünən biz hadisə yerində olanda bazarın bütün giriş-çıxışı polisin nəzarətindəydi. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları isə hadisə yerində araşdırma aparırdı.

Yanğın söndürüləndən sonra bazar bağlanıb. Dünən səhərdən bazara heç kim buraxılmayıb, yalnız günortaya yaxın hər mağazadan bir nəfəri içəri buraxıblar. Onlar da, özləri dediyi kimi, başlarını qatmaq, ziyanın şokundan ayılmaq, stress atmaq üçün dükanlarında vurnuxurdular. Bazara buraxılmayanlar da vardı, onlar polislə mübahisə edir, mağazaların baş çəkmək üçün çalışırdılar. Ancaq polislər də onları başa düşdüklərini, fövqəladənin icazə olmadan kimsəni içəri buraxa bilməyəcəklərini deyirdilər.

“700 min dollar ziyan çəkən də var”

Zaur adlı mağaza sahibi əlləri mazutun içində yanmış dəmirləri bir kənara atırdı. “Heç nə qalmayıb, elə mağaza var ki, 700 min dollar ziyan dəyib, ən kiçik rəqəm 10 min dollardır. 50 min, 100 min, 150 min ziyan çəkən var. Heç kimin də sığortası yoxdur. Disklər, porşenlər belə əriyib. Armaturlar da əriyib, indi bu malları heç metalloma da götürməzlər” deyir mağaza sahibi.

Içəridə mağazasında yanan mallarını saf-çürük edənlərlə yanaşı bu mənzərəni çöldən izləyən mağaza sahibləri də vardı. Üzündən əzab yağan bu adamlar içəri girib dərdlərini təzələmək istəmədiklərini deyirdilər: “Niyə girim ora, hər şey yanıb, bax, o 3-cü mağaza mənimkidir, elə burdan görünür ki, heç nə qalmayıb”.

Bəzi sahibkarlar isə danışmaq istəmədi. Onlar yazmağın, çəkməyin, danışmağın işə yaramadığını dedilər: “Bura Azərbaycandır, heç kim, heç kimin kitabını oxumur, dərdini deməyə yer tapmırsan, heç kim şikayətə baxmır. Illərdir bu zülmü çəkirik. Hər ay pul veririk, hamının VÖEN-i var. Bazar rəhbərliyi də sığortanı ərazisinə buraxmır. Təhlükəsizlik tədbirləri görməsələr də, pulda güzəşt yoxdur. Bundan əvvəlki yanğında da ziyan çəkənlərə heç bir kompensasiya vermədilər. Mühafizə üçün pul alırlar. Bəs mühafizə hara baxır? Biz o pulu niyə ödəyirik? Məqamı gələndə o mühafizə işə yaramayacaqsa, niyə alırlar o pulu. Pulu bir gün gecikdirəndə qoşunla gəlirlər üstümüzə. Biz mağazanı bağlayıb gedəndən sonra işıqları söndürürlər. Indi də deyirlər ki, yanğın qısaqapanmadan olub. Yaxşı, işıqlar söndürülübsə, qısaqapanma nədən baş verib? Görünür, qəsdən yandırıblar, başqa versiya yoxdur. Nəzarət edən də yoxdur bura… Burdakı adamların əksəriyyətinin böyük kredit borcu var. Bəs onlar necə olacaq? Adamlar o borcu necə qaytaracaq? Onsuz da mantatın ölməyi axırımıza çıxmışdı, elə bizi də öldürmək istəyirlər… Yanğınsöndürənlər də gec gəldi, üstəlik, suları da qurtardı. Bu necə yanğınsöndürəndi? Heç yanğın yerinə də susuz gedərlər? Belə olmasaydı, heç yanğının miqyası da bu boyda olmazdı. Vaxtında gəlsəydilər və yetərincə suları olsaydı, yanğının genişlənməsinin qarşısını almaq olardı”.

Yeri gəlmişkən, həmin ərazidə yaşayan sakinlərdən biri yanğınsöndürənlərin mübahisəsinin şahidi olub. Onun sözlərinə görə, binalarının yanındakı yanğınsöndürənlər üçün nəzərdə tutulan xəttə su olmadığından aralarında mübahisə yaranıb və maşınlar başqa mənbə axtarmalı olublar.

Maşın bazarının 1/3 hissəsi yanıb

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 3000 kv.m olan avtomobil ehtiyat hissələri satışı bazarında baş vermiş yanğınla bağlı məlumat yayıb.

“Yanğın zamanı mağazaların, piştaxtaların yanar konstruksiyaları və içərisində olan müxtəlif boyalar və avtomobil ehtiyat hissələri 930 kv.m sahədə yanıb.

Bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğını saat 22:59-da yanğınsöndürənlər söndürüb”.

Ancaq hadisə şahidlərinin sözlərinə görə, yanğın söndürüləndən sonra bəzi yerlərdə alov yenidən şiddətlənib. Yalnız gecə təxminən 1 rədələrində yanğın tam söndürülüb.

Rövşən Hacıbəyli