Yanan bina ilə bağlı daha bir versiya

yanan-binaEldar Mahmudov baş nazir olmaq üçün rəqiblərini sıradan çıxarmağa çalışıb?

Ötən ilin mayında Binəqədidəki binada baş verən yanğın hadisəsinə görə təqsirləndirilən “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov və vəkili Ilhamə Həsənovanın açıqlamaları olay barədə yeni mülahizələrə səbəb olub. Qeyd edək ki, Miryusif Mahmudov və Ilhamə Həsənovanın açıqlamalarında binanın yandırılması qırmız xətlə keçir. Bundan başqa vəkil iddia edib ki, həmin ərəfədə Bakıda silsilə yanğınlar törədilməliymiş.

Yada salaq ki, yanğın hadisəsindən dərhal sonra binanın xarici xüsusi xidmət orqanları tərəfindən yandırılması barədə iddialar səsləndirildi. Hətta konkret ünvan göstərənlər də oldu. Bu versiyanı irəli sürənlər həmin ərəfədə ölkə başçısı Ilham Əliyevin Latviyaya səfərini əsas gətirirdilər. Qeyd edək ki, səfər Latviyada Avropa Şərq Tərəfdaşlığının sammitində iştirak məqsədi daşıyırdı. Iddia olunurdu ki, yanğın Azərbaycanın həmin sammitə qatılmasının qarşısını almaq üçün törədilib. Daha doğrusu, bu hadisə ilə rəsmi Bakıya sammitə qatılmamaq mesajı verilib. Lakin Azərbaycan Elmar Məmmədyarovun təmsilçiliyi ilə həmin tədbirdə qatıldı.

Daha sonra belə bir ehtimal irəli sürüldü ki, hadisə “kredit qalmaqalı”nı gündəmdən çıxarmaq üçün törədilə bilər. “Kredit qalmaqalı”nın əsas fiqurlarından biri Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla quda olduğu üçün şübhələr MTN-in üzərinə yönəldi. Eldar Mahmudov və şəbəkəsi ifşa olunandan sonra bu ehtimal daha da möhkəmləndi. Digər tərəfdən Miryusif Mahmudovun məhkəmə prosesində “hadisədən 20 dəqiqə sonra MTN ofisimdə əməliyyat keçirdi” deməsi də bu işin MTN tərəfindən törədildiyi versiyasını irəli sürənlər üçün əlavə arqument oldu.

Dünən isə “Azadlıq” qəzeti əldə etdiyi məlumat əsasında məlum yanğın hadisəsilə bağlı daha bir versiya irəli sürdü.

Məlumat bundan ibarət idi ki, Avropa Oyunlarından sonra paytaxtdakı bütün binaların üzlənməsi planlaşdırılırmış. Mümkündür ki, yanğın böyük pulların dövr etdiyi bu layihəni ələ keçirmək üçün törədilib. Vəkil Ilhamə Həsənova da açıqlamasında bildirib ki, Bakıda silsilə yanğınlar törədilməliymiş. Bütün bunlar “Global Construction”u sıradan çıxarmaq üçün edilə bilərdimi? Maraqlıdır ki, burada da izlər MTN-ə gedib çıxır. Eldar Mahmudovun Bakıda abadlıq işlərinin həyata keçirilməsi ilə məşğul olan qohumu var. Bu şəxs həm də məmurdur.

Yeni bir versiya isə hakimiyyətdə baş nazir postu uğrunda savaşla bağlıdır. Eldar Mahmudov və dəstəsi ifşa ediləndən sonra belə məlumatlar yayıldı ki, keçmiş milli təhlükəsizlik naziri baş nazir olmağa can atırmış. Bu post uğrunda isə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, vergilər naziri Fazil Məmmədov və nəqliyyat naziri Ziya Məmmədov kimi iri ranqlı məmurlar da mübarizə aparırdı. Yanğın hadisəsində iki məmur hədəfə gəldi: Kəmaləddin Heydərov və Fazil Məmmədov. Kəmaləddin Heydərovla bağlı məsələ bəllidir. O, binaların üzlənməsinə rəy verdiyi üçün cəzalandırılmalı idi. Yəni, planda bu nəzərdə tutula bilərdi. Fazil Məmmədova gəlincə, hadisənin baş verdiyi Binəqədi rayonunun icra başçısı Xaləddin Isgəndərov vergilər nazirinin yaxın qohumudur. Beləliklə, yanğınla iki rəqib sıradan çıxarıla bilərdi. Lakin bu baş vermədi. Ziya Məmmədova gəlincə, onun sıradan çıxarılması üçün Atletlər Kəndində baş verən qəza əsas ola bilərdi. Bu hadisə ilə bağlı məhkəmə prosesində təqsirləndirilən şəxslər bildirmişdi ki, sürücülərin siyahısını MTN təsdiqləyib. Göründüyü kimi bu hadisədə də izlər MTN-ə aparır.

Bir daha qeyd edirik ki, bütün bunlar ehtimallardır. Lakin bununla belə bu ehtimallar da ciddi araşdırılmalıdır.