Gürcüstanın futbol üzrə Avropa Çempionatına birgə ev sahibliyi etmək təklifindən Azərbaycan imtina edir
Gürcü rəsmilərin dediyinə görə isə Saakaşvili Bakıda Əliyevdən bunun razılığını alıbmış
Gürcüstanın Gənclər və İdman Nazirliyi Azərbaycan və Gürcüstanın 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatını birgə qəbul etmək arzusunu təsdiq edib. Bu barədə BBC məlumat yayıb. Qurumun bəyanatında deyilir ki, bu məsələ 6 martda Bakıda prezidentlərin rəsmi görüşü zamanı razılaşdırılıb. “Hazırda Gürcüstan və Azərbaycanın futbol federasiyaları arasında 21 martda UEFA-nın konqresində hər iki ölkənin hazır olduğunu təsdiqləmək üçün danışıqlar aparılır”, – deyə nazirliyin bəyanatında bildirilir.
Lakin 2020-ci ilin olimpiya oyunlarında iştirak üzrə təşkilat komitəsinin rəhbəri Könül Nurullayeva bu variantı təkzib edib. O bildirib ki, Avropa çempionatını Gürcüstanla Azərbaycanın birgə qəbul etməsi Gürcüstan prezidenti Mixail Saakaşvilinin arzusudur. O, öz arzusunu ifadə edib, hələlik bu məsələ dövlət səviyyəsində təsdiqlənməyib. Bundan başqa, Azərbaycan hələ heç bir qərar qəbul etməyib.
Nurullayeva Gürcüstanla birgə bu mötəbər futbol yarışını qəbul etmək barədə düşünmədiklərini və olimpiya oyunlarını daha vacib hesab etdiklərinin bildirib.
Öz növbəsində Gürcüstan tərəfi bu bəyanatı təkzib edib və Azərbaycanın yarışı birgə keçirməyə razılıq verdiyini deyib. Xatırladaq ki, martın 7-də Gürcüstan prezidenti Mixail Saakaşvili Bakıda Milli Məclisdə çıxışı zamanı Azərbaycanla Gürcüstanın 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatını birgə qəbul etmək üçün ərizə verəcəyini bəyan edib.
İnformasiya şöbəsi


