İdris Xəlilov: «JEK müdiri niyə orada oturub?»
Ötən il mayın 19-da Binəqədidə 16 mərtəbəli yaşayış binasında çoxsaylı adamların ölümü ilə nəticələnmiş yanğınla bağlı məhkəmənin hazırlıq iclası dünən də davam etdirilib. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır.
Bu, məhkəmənin üçüncü hazırlıq iclası idi. Əvvəlki iclaslarda təqsirləndirilən şəxslərin vəkilləri çoxsaylı vəsatətlər qaldırmışdılar. Onlar istintaqın kobud qanun pozuntuları ilə aparıldığını, müdafiə hüququnun pozulduğunu, gerçək günahkarların məsuliyyətdən kənarda saxlanıldığını əsas gətirərək, işin məhkəmədə baxılmasına etiraz edir və yenidən araşdırılması üçün istintaqa qaytarılmasını istəyirdilər. Vəkillər həmçinin müvəkkillərinin həbsdən buraxılması, qanun pozuntulu ilə əldə olunmuş sübutların xaric edilməsi haqda da vəsatətlər qaldırmışdılar.
Dünən iş üzrə zərərçəkmişlər də istintaqdan narazılıqlarını bildiriblər.
“Bu işə düzgün baxılmayıb”
“JEK müdirinin heç arayış verməyə ixtiyarı yoxdur. O, nə üçün orada oturub?”, – deyə zərərçəkmiş Idris Xəlilov vəkillərin vəsatətlərinə münasibət bildirərkən deyib.
Digər zərərçəkmişlər Feyzulla Bağırov, Tofiq Mustafayev, Səbinə Manafova, Heyvagül Əfəndiyeva da vəkillərin işin istintaqa qaytarılması, təqsirləndirilən şəxslərin həbsdən buraxılması barədə vəsatətlərini müdafiə ediblər.
“Bu işə düzgün baxılmayıb”, – Heyvagül Əfəndiyeva bildirib.
Təqsirləndirilən şəxslərdən binanı üzləyən “Global Construction” şirkətinin sədr müavini Ələkbər Əsgərov da istintaqdan narazılıq edib: “13 aydır bizi saxlayıblar, heç kim də bizdən heç nə soruşmur. Binanın yanması ilə yanaşı, istintaqın o cür aparılmasına görə biz hər gün mənəvi baxımdan ölüb-dirilirik”.
Ələkbər Əsgərovun vəkili Elvin Səlimov onun barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair vəsatət qaldırıb. Qeyd edib ki, ittiham verilən maddələrin ona heç bir aidiyyəti yoxdur.
“Ittiham absurddur”
Təqsirləndirilən şəxslərdən “Global Stone”un baş direktorunun müavini Uğur Bəşirov istintaq zamanı müdafiə hüququnun pozulduğunu məhkəmənin diqqətinə çatdırıb: “Vəkilimlə görüşümə imkan verilməyib. Vəkilim iş materialları ilə tanış ola bilməyib. Yazıblar ki, biz guya 2010-cu ildən əlbir olmuşuq, halbuki, mən 2010-cu ildə ümumiyyətlə, Bakıda olmamışam. Bu da ittihamın absurd olduğunu göstərir”.
Təqsirləndirilən şəxslərdən “Dərnəgül” Boru Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədovun vəkili onun səhhətinin ağırlığını əsas gətirib, cinayət işi üzrə icraatın dayandırılması barədə vəsatət qaldırıb: “Həkim rəyi var ki, o, bu vəziyyətdə məhkəməyə çıxa bilməz. Xahiş edirik, onun barəsində cinayət işi ayrılsın və vəziyyəti yaxşılaşana qədər icraat dayandırılsın”.
Vəsatətlər təmin olunmadı
Dövlət ittihamçısı Fərid Nağıyev vəsatətlərin əleyhinə çıxıb. Prokuror bildirib ki, təqsirləndirilən şəxslər barəsində həbs qərarının dəyişdirilməsinə zərurət yoxdur. Təqsirləndirilən şəxslərin müdafiə hüququnun kobud pozulması faktı da yoxdur. Yolverilməz sübutların xaric olunmasına gəlincə, prokuror qeyd edib ki, bu məsələ məhkəmə araşdırması zamanı müəyyənləşdirilə bilər və buna sonda qiymət verilər. Dövlət ittihamçısı işin məhkəmə baxışına verilməsini təklif edib.
Məhkəmə vəsatətlərin heç birini təmin etməyib. Işin məhkəmə baxışı iyulun 11-nə təyin olunub.
Yanğından ziyan çəkənləri aldadıblar
Yanğından ziyan çəkənlərdən Səbinə Manafova “Azadlıq” radiosuna bildirib ki, ittiham aktında bir xeyli məqamlar səhvdir: “Istintaq düzgün aparılmayıb. Ittiham aktını oxuyanda gördüm ki, orada çoxlu səhvlər var. Anamın adı Elviradı, Safura yazıblar. Ittiham aktında dəymiş ziyanla bağlı məbləği də düzgün göstərməyiblər. Müstəntiqə də bunu dedim. Deyir ki, ”nə yazmısınızsa, biz də onu göstərmişik”. Sübut elədim ki, mən elə şey yazmamışam. Mən ziyanın 100 minə yaxın olduğunu yazmışam, onlar isə 47 min göstəriblər. Sonra deyir ki, ekspert analiz eləyib, bu rəqəmləri çıxarıb. Yazıblar ki, guya, anam mənzildən çıxanda əlində pul olub, onu itirib. Halbuki, elə bir şey olmayıb”.
Zərərçəkmiş qeyd edib ki, telekanallarda bütün mənzillərin lazımi avadanlıqlarla təmin olunduğu barədə materiallar yayımlansa da, bu, həqiqətə uyğun deyil: “Əvvəla mənzillər keyfiyyətsiz təmir olunub. Divar kağızları qopub tökülür. Mənzillərə də ancaq mebel qoyublar. Soyuducu, televizor, qab-qacaq, kondisioner və s. bunların heç birini verməyiblər. Halbuki, əvvəlcədən nümunə kimi bir mənzili təmir eləyib, içinə də avadanlıqları yığıb televizorda göstərdilər. Bizə də demişdilər ki, ”belə olacaq, hətta xalça, yorğan-döşək də veriləcək, siz çörək alıb, girib yaşayacaqsız”. Amma belə olmadı”.
***
Xatırladaq ki, bu iş üzrə qarşısına 8 nəfər çıxarılıb – Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyov. Miryusif Ağayev “Global Construction” şirkətinin təsisçisi, Uğur Bəşirov “Global Stone” MMC-nin baş direktoru, Ələkbər Əsgərov “Global Construction” MMC-nin sədr müavini kimi təqdim olunub. Digər təqsirləndirilən Ədalət Rəcəbov 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi, daha sonra Binəqədi Rayon Icra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləyib. Nizami Orucov 72 saylı Mənzil-Kommunal Istismar Sahəsinin rəisi olub. Qəzənfər Novruzov isə 2012-2013-cü illərdə Binəqədi rayon Icra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Ağacavad Məmmədov “Dərnəgül Boru” zavodunun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini laboratoriyasının rəhbəri, Akif Əlibəyov isə Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru olub.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Aytən