Ölkə başçısı İlham Əliyev iyun ayının 30-da heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: “Respublika Süni Mayalanma Mərkəzinin tikintisinin başa çatdırılması və müasir avadanlıqla təchiz olunması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 8,4 milyon (səkkiz milyon dörd yüz min) manat ayrılsın.”
Xatırladım ki, 2015-ci ilin avqust ayının 21-də İ.Əliyev eyni məzmunlu sərəncam imzalamışdı: ”Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,8 milyon (beş milyon səkkiz yüz min) manat, o cümlədən Respublika Süni Mayalanma Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması üzrə işlərin başa çatdırılması və mərkəzin zəruri avadanlıqlarla təchiz edilməsi üçün 2,8 milyon (iki milyon səkkiz yüz min) manat ayrılsın”.
Ölkədə mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə uzun müddətdir Respublika Süni Mayalanma Mərkəzinin inşası həyata keçirilir. Hər dəfə də müasir tələblərə uyğun yenidən qurulması adı ilə dövlət büdcəsindən külli miqdarda maliyyə vasaiti ayrılır. Düz 10 il əvvəl bu sahəyə büdcədən 4 milyon 140 min manat vəsait ayrılmışdı. Kənd Təsərrüfatı Nazirliyinin 4 il əvvəl sayta yerləşdirdiyi materialı diqqətinizə çatdırıram:
“Nazirlər Kabinetinin ”Azərbaycan Respublikasında heyvandarlığın inkişaf etdirilməsinə dair əlavə tədbirlər haqqında” 2006-cı il 14 fevral tarixli 46 nömrəli qərarı qəbul olunmuş və bu qərarı yerinə yetirmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı heyvanlarının Süni Mayalama Mərkəzinin yaradılması və regionlarda süni mayalama şəbəkəsinin genişləndirilməsi” layihəsi hazırlanmış və təsdiq edilmişdir.
Layihəni yerinə yetirmək məqsədi ilə dövlət büdcəsindən ayrılmış 4140,9 min manat vəsaitin müqabilində layihəyə əsasən aşağıdakı işlər görülmüşdür:
İlk növbədə Göygöl rayonunun ərazisində beynəlxalq tələblərə cavab verən Respublika Süni Mayalama Mərkəzi yaradılmışdır. Bu işdə Türkiyə modelindən istifadə olunmuş və Mərkəz üçün bina tikilib istifadəyə verilmişdir. Mərkəz üç hissədən ibarətdir: törədici heyvanların saxlandığı tövlə, törədici heyvanlardan toxum almaq üçün manej və hazır toxumu saxlamaq üçün bank. Mərkəzin laboratoriyası Fransadan alınıb gətirilmiş müasir avadanlıqlarla təchiz olunmuşdur. Mərkəzə Rusiyadan, Almaniyadan və Avstriyadan 21 baş törədici buğa və 6 baş damazlıq düyə alınmışdır. Damazlıq düyələrdən alınan erkək balalardan damazlıq buğalar yetişdirilir”.
Sayta yerləşdirilən materialda çoxlu sayda digər işlərdən də bəhs olunur. O zaman keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasov Göygöl rayonunda yerləşən Respublika Süni Mayalandırma Mərkəzinin istifadəyə verildiyini bəyan etmişdi. Lakin 2015-ci ilin əvvəllərində bu sahəyə əlavə olaraq 2 milyon manat vəsait ayrıldı və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri bu sahədə 2015-ci ilin sonuna qədər işlərin yekunlaşacağını bildirdilər. Daha sonra 2015-ci ilin avqust ayında sahəyə əlavə 2,8 milyon manat maliyyə vəsaiti ayrıldı, bu dəfə isə 8,4 milyon manat ayrılıb.
Ümumiyyətlə, araşdırmalar göstərir ki, digər ölkələrdə bu kimi və bundan da böyük mərkəzlərin inşasına bizdəki qədər vəsait ayrılmayıb. Məsələn, Özbəkistanda bu kimi mərkəzin zəruri avadanlıqlarla təchiz edilməsi üçün 700 min avro xərclənib və təxminən bir o qədər də vəsait mərkəzin tikintisinə sərf olunub. Özbəkistanda artıq mərkəz fəaliyyətdədir və regionun ən böyük Süni Mayalama Mərkəzi hesab olunur. Yaxşı olar ki, hökumət ayrılan bu qədər maliyyə vəsaitinin nəyə xərcləndiyi haqda ictimaiyyətə məlumat versin.