Bir böyük seçki başa çatdı. Rusiyanı deyirəm. Qaldı iki böyük ölkədə olacaq daha iki seçki. O gün N.Sarkozini göstərirdilər. Erməni diasporu ilə görüşdə dedi ki, qondarma soyqırımı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanunla bağlı səylərini davam etdirəcək, hətta hökumətə bununla bağlı yeni mətn də hazırlamağı tapşırıb. Bu, mənə bir qədər təəccüblü göründü, çünki məsələ hüquqi baxımdan özünü tükəndirib, onun konstitusiya ilə ziddiyyət təşkil etdiyi təsdiq olunub. Bundan sonra Sarkozi nə edəcək? Yoxsa o, əsas qanunun – konstitusiyanın özünü dəyişəcək? Bilmirəm. Indi Fransada elə bir məqamdır ki, vədlər baxımından xəsislik etmək olmaz, gen-bol vəd vermək və hətta bunun nəticəsi haqda düşünməmək də olar. Onsuz da siyasətçiləri verdikləri vədlər o qədər də narahat etmir. Biz özümüz düz 19 ildir ki, yalnız vəd eşidirik. Bu müddətin hələ bir qədər də uzanacağı görünür. Bəli, söhbət 2013-cü ildən gedir. Biz 2013-cü ilə nə ilə gedirik? Bir eksperiment, necə deyərlər, baş tutdu. Putin baş gicəlləndirən tryukla yenidən prezident oldu. Bizimkilər də bunu maraqla izləyirdi ki, görək, dünya buna nə deyəcək?! Bu ssenariyə bənzər şey Bakıda təkrar ediləndə bunun əks-sədası necə olacaq və buna nə deyəcəklər?
Uğurun üç mənbəyi
Bu haqda çox yaza bilərəm. Məsələni şərti olaraq üç detala ayırardım.
1.Cəmiyyətin münasibəti. Cəmiyyət hələ ki, zəifdir. Lakin Qubada baş tutan dinc aksiya cəmiyyətin hansı potensial gücə sahib olduğunu göstərdi. Indi əsas budur ki, bu potensial enerji gizli və istifadəsiz qalmasın, hiss edilən hərəkətə çevrilsin.
2.Müxalifətin imkanları. Müxalifət işləyir, çalışır. Amma bu, hələ ki, 2013-cü ilin siyasi dinamikasına tutarlı təsir etmək üçün yetərli deyil. Bir az intensiv fəaliyyətə ehtiyac duyulur. Çox şey düşünmək və çox şey etmək olar. Əsas odur ki, dünyanın diqqətini 2013-cü ildə baş verəcək növbəti uzurpasiyaya yönəltmək mümkün olsun. Bəli, mən bunu siyasi uzurpasiya adlandırıram. Düzdür, beynəlxalq ictimaiyyətin diqqətinə məsələ çoxdan verilib. Lakin biz məsələyə öz qəti münasibətimizi ortaya qoymamışıq. Bu münasibət düzəliş qəbul edilərkən dərhal nümayiş etdirilməli idi. Amma o vaxt bu, edilmədi və hətta müxalifət adamlarından biri acizanə şəkildə dedi ki, nə olsun ki, onsuz da seçki qalır! Əgər Azərbaycanda seçkinin nə olduğunu bilməsəydik bəlkə biz də onunla razılaşardıq, amma bu ölkədə seçkinin nə olduğunu biz gözəl bilirik.
3.Dünyanın münasibəti. Dünyada indi maraqlı proseslər gedir. Hamı onların fərqindədir, hamının xəbəri var. Mən indi o prosesləri sadalamayacam. Ona ehtiyac yoxdur. Hətta Saakaşvilinin Milli Məclisdə çıxışı da dünyadakı bəlli proseslərə bir işarədir. Təbii ki, uzağa gedən nəticə çıxarmaq fikrində deyiləm. Amma Saakaşvili bir qədər ssenarini pozdu. Bir vaxt azərbaycanlı jurnalistlər Tiflisə gedib E.Şevardnadzedən H.Əliyevin, M.Saakaşvilidən isə I.Əliyevin necə “böyük siyasətçi” olduğunu soruşurdular, onlar da həvəslə bu suallara cavab verirdi. Indi M.Saakaşvili I.Əliyevi tərifləsə də və ölkəmizi hər saat irəliyə aparan analoqsuz siyasətdən vəcdə gəlsə də, necə deyərlər, işləri bir az korladı, bunların tarixi rəqibindən – M.Ə.Rəsulzadədən sitatla öz çıxışını yekunlaşdırdı. Bununla o, rəsmi Bakının istiqlaliyyət konsepsiyasını ciddi şəkildə təhrif etdi. Həmin konsepsiyaya görə 1918-20-ci illərdə ciddi bir hadisə baş verməyib və o vaxtın liderləri, əksinə Azərbaycan ərazisində Ermənistan dövlətinin yaranmasına icazə verməklə milli maraqlara xəyanət ediblər, üstəlik, müstəqilliyi də qoruyub saxlaya bilməyiblər! Bunlara görə, Azərbaycan H.Əliyevin, onun yaxınlarının və o vaxtlar gedən bəzi “obyektiv proseslər”in sayəsində müstəqil olub. Saakaşvili də bu haqda danışmalı və H.Əliyevdən sitatlar gətirməli, onun gürcü və Azərbaycan xalqları üçün nə qədər böyük işlər gördüyünü qeyd etməli idi! Lakin o, nə etdi? Işarə etdi ki, o, Azərbaycan-Gürcüstan dostluğunu hakimiyyətlərin dostluğu kimi deyil, dövlətlərin və millətlərin dostluğu kimi görmək istəyir. Indi belə bir vurğunu təkcə o etmir. “Ərəb baharı”ndan sonra bir çox ölkələr münasibətləri yalnız millətlərlə və cəmiyyətlərlə qurmaq əzmində olduqlarını bəyan ediblər. Təbii ki, azərbaycanlılar da belə cəmiyyətlərdən biri ola bilər…

2013-cü ilə biz necə gedirik?
•


