Elçin Əfəndiyev, Sartrdan əlini çək!

Mətbuatdan oxuyub öyrəndik – xalqsız xalq yazıçısı, bütün yaradıcılığı və şəxsiyyəti ilə “Yazıçı necə olmamalıdır?” sualına ən gözəl cavab olan, baş nazirin müavini Elçin Əfəndiyev Jan Pol Sartrın bir komediyasını tərcümə edib. Oysa əsl komediya Elçinin Sartrdan tərcüməyə girişməsinin özüdür.
Qaçqınlıq dərdi haqqında hekayə qaralayıb altına da həmin hekayənin Kislovodskda, Yessentukidə yazıldığına dair qeyd atacaq zehniyyətə, dərrakəyə sahib bir adamdan hər şey gözləmək olar.
Azərbaycan bax belə bir ölkədir, sevgili oxucular! Absurdların məmləkətidir, təzadların diyarıdır, ziddiyyətlərin vətənidir. Məsələn, burada xalqsız xalq şairi, yüzlərlə kitabı olduğu halda bircə misrasını belə, heç kimin əzbərdən bilmədiyi Fikrət Qoca Çe Gevara haqqında mədh dolu poema yazır. Amma sonradan məlum olur ki, Çe Gevara öldürüldüyü gün bu yoldaş Kubada Azərbaycan mədəniyyəti günləri çərçivəsində verilən qonaqlıqda imiş, babat yeyib-içirmiş.
Mən bunu havadan yazmıram, maraqlananlar həmin ziyafət haqqında elə o dövrün mətbuatından oxuya bilərlər.
Indi Elçin Əfəndiyevin də Sartrdan tərcüməyə girişməsi ən azı Fikrət Qocanın Çe Gevara haqqında poema yazması qədər ikrah doğurur. Ikrah da doğurur, gülüş də.
Mən hətta həmin tərcümənin nəşrinə Əfəndiyevin elə özünün yazdığı ön sözü oxudum. Orada xalqsız xalq yazıçısı yazıq Sartra bir tərifnamə oxuyur, bir tost qaldırır, bir sağlıq deyir, bir mədhiyyə söyləyir, adamın üzü əlində qalır. Bir anlıq fikirləşirsən ki, bəlkə də bu adam heç baş nazirin müavini deyil, baş inqilabçıdır. Amma sonra xəyaldan ayılırsan, görürsən yox e, şəxsən Elçin Əfəndiyevin özüdür. O Elçin ki, bütün həyat və yaradıcılığı Sartrın inkarından ibarətdir. Sartra qarşıdır.
Sartr həyatı boyu sümürücülüyə, talançılığa qarşı çıxdı. Elçin Əfəndiyev isə korrupsiya ilə assosiasiya olunan bir sistemdə baş nazirin müavinidir.
Sartr əzilənlərin yanında idi, Elçin müəllim isə əzəni, güclünü müdafiə edir.
Sartr yalan qarşı idi, Elçin Əfəndiyevin dilindən isə biz heç vaxt həqiqəti eşitməmişik.
Ən əsası isə, Sartr riyakarlığı ifşa edirdi, amma gəl gör ki, onun özü riyakarlığın qurbanına çevrildi: imzasının qarşısına hər hansı başqa bir ad yazılmasını istəmədiyi üçün Nobel mükafatından imtina etdiyi halda, bütün həyatını imzasının qarşısını dürlü-dürlü fəxri adların, orden-medalların yazılmasına həsr edən Elçin Əfəndiyev onun tərcüməçisi kimi peyda oldu!
Yeri gəlmişkən, əminəm ki, Sartr yaşasaydı, bu gün həyatında ikinci tarixi imtinaya imza atar, Elçin Əfəndiyevin tərcümələrindən imtina edərdi.
Amma təbii ki, bunun bizim baş nazirin müavini olan xalqsız xalq yazıçısına heç bir isti-soyuğu yoxdur. Bilə-bilə ki, Sartr sağ olsa və Azərbaycanda yaşasaydı, bu gün baş nazirin müavini deyil, həbsdə olardı…
Bilə-bilə ki, Sart sağ olsa və Azərbaycanda yaşasa, onun ən birinci sinfi düşməni libasında məhz Elçin Əfəndiyevin özü çıxış edərdi…
Bilə-bilə ki, Sartr sağ olsa və Azərbaycanda yaşasaydı, Əliyevlərin zor və zopa, qan və qapaz üzərində qurduğu rejimin heç bir yanı ilə barışmaz, bütün varlığı ilə ona müxalifətçi mövqedə dayanardı…
Bilə-bilə ki, Sartr sağ olsa və Azərbaycanda yaşasaydı, hakim zümrənin deyil, əzilənlər sinfinin yanında dayanardı…
Bilə-bilə ki, Sartr sağ olsa və Azərbaycanda yaşasaydı, qaçqınlıq haqqında hekayə yazıb, altından “Yessentuki”, “Kislovodski” qeydi atmazdı, yenə də Sartrdan tərcüməyə girişir, üstəlik, onu vəsf edən məqalə qaralayır.
Bir sözlə, ağır dərddir. Sözlə deyiləsi deyil. Tanrı heç düşmənimizə də göstərməsin.
Düşmən demişkən…
Sartr sağ olsa və Azərbaycanda yaşasaydı, baş verən heç bir ədalətsizliklə, hüquqsuzluqla, yağmaçılıqla barışmaz, ölkədəki bunca siyasi əxlaqsızlığa, eybəcərliyə təpki göstərər, etiraz səsini qaldırar, Elçin Əfəndiyev isə onu mütləq düşmən dəyirmanına su tökməkdə, sapı özümüzdən olan baltaya çevrilməkdə, xaricdən maliyyələşməkdə ittiham edərdi. “Lümpen”, “küçə uşağı” adlandırardı.
Amma nə Sartr sağdır, nə də Azərbaycanda yaşayır.
Elçin Əfəndiyev isə onun Azərbaycan dilinə tərcüməçisidir.
Nə deyim vallah. Isa Qəmbərin sözü olmasın, Tanrı Azərbaycanımızı qorusun.