Hakimiyyət vətəndaşla düşmənçiliyə son qoymalıdır

milli-sura-rehberlikMilli Şura Qənimət Zahidin qohumlarının həbsiylə bağlı bəyanat verdi

Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” televiziya proqramının müəllifi Qənimət Zahidin qohumlarının şərlənərək həbs edilməsinə etiraz olaraq Milli Şura bəyanat yayıb.

Bəyanatda deyilir ki, hakimiyyət vicdanlı insanları şərləmək siyasətindən əl çəkmir, tənqidçilərinə qarşı ən iyrənc metodlarla mübarizə aparır və ictimai-siyasi fəalları yaxınları ilə şantaj etmək ənənəsi yaradıb.

Qənimət Zahidin prinsipial və ardıcıl fəaliyyəti, ölkədəki korrupsiya faktlarını üzə çıxarması, hökumətin əsl mahiyyətini cəmiyyətə təqdim etməsi rejimi ciddi narahat etdi və ondan qisas alamğa çalışdılar. Qənimət Zahidin fəaliyyətinə görə günahsız, siyasi proseslərdən kənar olan qohumlarının narkotika ittihamı ilə həbs edilməsi, hakimiyyətin siyasi əxlaqdan kənar olduğunu, qanunları tapdaq etdiyini və mənəvi deqradasiyaya məruz qaldığını göstərir. Təbii ki, Qənimət Zahid mübarizə yolunu seçəndə bütün məhrumiyyətləri, təzyiqləri gözə alıb və qarşısındakı rəqibin kimiyini dərk edib. Bu mənada qohumlarının şərlənərək həbs olunması Qənimət bəyi daha ardıcıl olmağa və hökumətin ifşasını daha da sürətləndirməyə sövq edəcək”-deyə bəyanatda bildirilir.

Bəyanat da o da qeyd edilir ki, hakimiyyət Rüfət və Rövşən Zahidovu narkotika itthamı ilə həbs etsə də, bu şəxslər artıq “vicdan məhbusu” kimi tanınır və bütün dünya bu həbsin siyasi sifariş əsasında reallaşdığını bilir. Yəni, növbəti dəfə hakimiyyətin şər-böhtan siyasəti ifşa olundu və ölkənin qanunlarla deyil, bir neçə şəxsin istəyi əsasında idarə olunduğu göründü.

Milli Şura bəyan edir ki, hakimiyyət bu kimi addımlarla ölkənin imicini ləkələyir və dünyadan təcrid olunur. Ona görə də dövlətin maraqları baxımından repressiv siyasətə son qoyulmalı və günahsız həbs olunmuş adamlar dərhal azadlığa buraxılmalıdı.

Milli Şura bildirir ki, digər siyasi məhbuslar kimi Rüfət və Rövşən Zahidovların şikayəti də Avropa Məhkəməsinə qədər gedəcək və hakimiyyətin saxtakarlığı növbəti dəfə ifşa olunacaq.

Artıq həbslər qorxu yarada bilmir, mübarizə əzmini öldürməkdə gücsüzdür və repressiyalar yalnız hökumətin beynəlxalq aləmdə etimad limtinin bitməsinə xidmət edir. Rüfət və Rövşən Zahidovların həbsi də onsuz da tənəzzül mərhələsinə qədəm qoymuş hökuməti, daha dərin uçuruma yuvurlayacaq”-deyə bəyanatda bildirilir.

Milli Şura hakimiyyəti orta əsr təfəkküründən imtina etməyə, müasir dünya ilə ayaqlaşmağa, xalqla düşmənçiliyə son qoymağa və bütün siyasi məhbusları azad etməyə çağırır.