İsrail İranı yaxın günlərdə vura bilər

ABŞ isə Tehrana qarşı sanksiyaların sərtləşdirilməsini təklif edir

İranın nüvə proqramı ətrafında yaranmış gərginlik dərinləşmək üzrədir. İsrail Tehran rejiminə yönəlik hərbi müdaxilənin qaçılmaz, ABŞ isə diplomatik səylərin tükənmədiyini deyir. İsrailin baş naziri Benyamin Netanyahu İrana qarşı hərbi hücumun yaxın gələcəkdə baş verəcəyini bildirib:“İrana hərbi müdaxilə günlər yaxud həftələr sonra olmayacaq. Lakin bunun baş verməsi üçün də uzun illər lazım deyil”.

Hökumət başçısı nüvə obyektlərinə zərbə endirməsinin mümkünlüyünü də istisna etməyib. Netanyahu bir daha xatırladıb ki, İsrail İranın nüvə silahına sahib olacağına dözməyəcək və buna imkan verməyəcək. İsrai prezidenti Şimon Peres isə bəyan edib ki, ölkəsi ABŞ-la İran məsələsində razılığa gəlib. Peres hərbi müdaxilənin müzakirə edilməsinə gərək qalmadığını, iqtisadi sanksiyaların ilk addım olduğunu, lakin yeganə variant olmadığını da bildirib.

İsrailin xüsusi xidmət orqanı MOSSAD-ın keçmiş rəhbəri Meyr Daqan İrana hücum etməyin zamanı olmadığını söyləyib. Onun sözlərinə görə, İran bu gün bölgədəki ən ağıllı aktyordur. Daqan “CBS News” telekanalına açıqlamasında bildirib ki, İranın atacağı hər addımı onun doğuracağı nəticələri ilə birgə qiymətləndirməkl lazımdır:“İrana hərbi müdaxilə bütün bölgəni müharibəyə sürükləyəcək. Ona görə də bu ölkəyə hücum etməyin zamanı deyil”.

Tehran rejiminə qarşı diplomatik savaşın davam etdirilməsini dəstəkləyən ABŞ-ın dvlət katibi Hillari Klintonun fikrincə problemin həlli üçün İrana yönəlik sanksiyaları daha da sərtləşdirmək lazımdır:“Biz Konqresin dünya ictimaiyyətinin İran rejiminin neft satışından əldə etdiyi pulların qarşısını almaq barədə fikirlərini paylaşırıq. Biz həmçinin birmənalı olaraq iranlılara göstərmək istəyirik ki, bütün dünya onların nüvə silahı əldə etmək səylərinə qarşı birləşib”.

Bu arada ABŞ Hərbi Hava Qüvvələrinin komandanı Herbert Karlisl sahib olduqları “GBU 28 Bunker Buster” bombalarının İranın yeraltı nüvə obyektlərini məhv edə biləcəyini bildirib. Onun sözlərinə görə, hazırda bombaların daha da təkmilləşdirilməsi üçün işlər davam etdirilir. Cənub Komandanlığının komandiri, general Duqlas Frazer isə bəyan edib ki, İran Venesuela Silahlı Qüvvələri üçün pilotsuz təyyarə istehsal edir. General əlavə edib ki, İranın istehsal etdiyi pilotsuz təyyarələr ABŞ-ın “Predator” tipli təyyarələri qədər yüksək texnologiyaya sahib deyil.

İnformasiya şöbəsi