“Əl-Qaidə” liderinin öldürülməsi və son illəri ilə bağlı hesabat hazırlandı
Pakistanlı general-mayorun apardığı araşdırmalar bir çox şübhəli məqamları ortaya çıxarıb
Pakistan ordusunun təqaüddə olan general mayoru Şövkət Qadirin “Əl-Qaidə” terror təşkilatının lideri Üsamə ben Ladenin həyatının son günləri və öldürüldüyü əməliyyatla bağlı apardığı araşdırmalar maraqlı, eyni zamanda şübhəli məqamları ortaya çıxarıb. Bir-biriylə ziddiyyət təşkil edən məlumatlar toplayan Qadirin bu araşdırma səyləri tənqidlərə də məruz qalıb. General-mayor Ben Ladenin son günləriylə bağlı bilinməyənləri öyrənmək üçün başlanğıc nöqtəsi kimi hər şeyin bitdiyi yeri seçib, yəni “Əl-Qaidə” liderinin ötən ilin mayında ABŞ xüsusi təyinatlıları tərəfindən öldürüldüyü evi.
“Əl-Qaidə” liderinin öldürüldüyü ev necə qorunub?
“Keçmiş əsgər olaraq evin nə qədər pis qorunduğunu görmək mənim üçün gözlənilməz oldu” deyən Qadir, evdə hər hansı təhlükəsizlik tədbiri görülmədiyini, texnoloji cihaz tapılmadığını, qısası orada olması düşünülən heç bir şey olmadığını bildirib. Ben Ladenin Pakistanda keçirdiyi dövrlə bağlı ziddiyyətli iddialara son qoymaq üşün araşdırmalara başlayan Şövkət Qadirin fəaliyyəti indidən tənqid və hədələrin hədəfinə çevrilib. “The New York Times” qəzetinin yazdığına görə, əsasən Pakistan ordusunun və kəşfiyyat qurumlarının məlumatlarına istinad edərək çalışan general mayorun araşdırmaları rəsmi dairələrin manipulyasiya etmələri üçün fürsət də yaradır.
Kim Ben Ladenə böyrəyini verib?
Şövkət Qadirin hesabatı Ben Ladenin ömürünün son illərində yaşananlar və Pakistanla ABŞ arasında yaranan qarşıdurmalarla bağlı ortaya çıxan şübhələrin aydınlaşması baxımından da önəmli hesab olunur. Məsələn, Qadir “Əl-Qaidə” liderinin beşinci həyat yoldaşı Amadə Əhməd əl Sədahın pakistanlı rəsmilərə ərinin 2002-ci ildə bir böyrək nəqli əməliyyatı keçirdiyini söyləməsini ortaya çıxarıb. Bu iddia, doğrulanarsa, Ben Ladenin böyrək xəstəliyinə baxmayaraq necə həyatda qaldığının açıqlanmasına yardımçı olacaq. Bununla yanaşı kimin dünyanın bir nömrəli terrorçusuna böyrəyini verdiyinə dair yeni sualların ortaya çıxmasına da yol açacaq.
Dünanın bir nömrləi terrorçusunun xanımları arasında “soyuq savaş”
Bundan başqa pakistanlı general Ben Ladenin həyat yoldaşları arasında “soyuq savaş” getdiyinə dair məlumatları da ortaya çıxarıb. Onun araşdırmalarına görə, “Əl-Qaidə” liderinin öldürüldüyü evdə Sədah ilə Ben Ladenin əvvəlki həyat yoldaşlarından biri Xeyriyyə Sabir arasında ciddi gərginlik yaşanırmış. Hətta Sədah ifadəsində Ben Ladenin yerini ABŞ kəşfiyyatına bildirənin Xeyriyyə Sabir olduğunu belə deyib. Sədah ayrıca ifadəsində Ben Ladenin saqqallını kəsdiyini və Pakistanın şimal-qərbindəki güvənli evlər arasında dini məclislərdə ayinlər oxuduğu zamanlar özünü xəstə bir puştun lider kimi tanıtdığını söyləyib. Ancaq Ben Laden 2005-ci ildə Abbottabaddakı evə köçəndən sonra saqqalını yenidən uzadıb.
Bir baxımdan yanaşıldığında pakistanlı generalın hazırladığı hesabat xəfiyyələr, əsgərlər və jurnalistlər arasında 10 il boyunca davam edən “Ben Laden haradadır?” müzakirələrinin əhəmiyyətli hissəsidir. Ben Laden öldürülmüş olsa da sualların bəziləri hələ gündəmdəki yerini qoruyur. “Ben Ladenin qaçmasına kimlər kömək etdi?” “MKİ (ABŞ Mərkəzi Kəşfiyyat İdaərsi) onun izini necə tapdı?” və bu suallar arasında ən çox diqqət çəkəni isə “Pakistan ordusu bir hərbi məktəbin yanında yaşayan Ben Ladenin yerini bilirdimi?” sualıdır.
Pakistan hökuməti dəlilləri yox edir?
Pakistan hökuməti bu suallara cavabın bir Ali Məhkəmə prokurorunun ötən ilin mayından bu yana yürütdüyü rəsmi istintaqdan çıxacağını söyləyir. Ancaq Abbottabad Komissiyasının müvəffəqiyyətli ola biləcəyinə inananlar çox azdır. Digər tərəfdən Pakistan hökuməti cavabları tapmaqda maraqlı görünmür. Fevralın 25-də yerli səlahiyyətlilərin göndərdiyi buldozerlerin Ben Ladenin öldürüldüyü Abbottabaddaki evi yerlə-yeksan etməsi buna bir işarədir. Komissiyanın əldə etdiyi məlumatların əslində ötən ilin dekabrında açıqlanması gözlənilirdi. Araşdırma nəticələrinin açıqlanmaması və ya oradakı bəzi məlumatların üstüörtülü yayılması üçün Pakistan hökumətinin komissiyaya təzyiqlər göstərdiyinə dair iddialar da dolaşır.
Gerçəkləri tapmaq üçün səkkiz ay və 10 min dollar sərf edən Sövkət Qadir Pakistandakı və Əfqanıstandakı tayfaların nümayəndələriylə görüşüb. Pakistan hərbi kəşfiyyatının (ISI) rəsmiləriylə danışıb, olayla bağlı keçirilən rəsmi brifinqlərə qatılıb. Qadirin hərbi karyerası da onun tutarlı faktlar toplamasında mühüm rol oynayıb. Pakistan ordusunun baş qərargah rəisi general Əşfak Pərviz Qəyaninin xüsusi icazəsiylə Ben Ladenin evinə iki dəfə gedən Qədirin şəxsi əlaqələri də “Əl-Qaidə” liderinin həyat yoldaşlarından ifadə alan pakistanlı xəfiyyələrlə görüşməsinə yardım edib.
“Əl-Qaidə” daxilinə parçalanma
Paksitanlı generalın hesabatını nəzərdən keçirən Obama administrasiyasının keçmiş rəsmisi də Şövkət Qadirin əldə etdiyi bəzi məlumatlarla həmfikir olduğunu deyib. Məsələn, Ben Laden ilə müavini Ayman əl Zəvahiri arasında ciddi anlaşılmazlıqlar olduğu və Ben Ladenin buna görə “Əl-Qaidə” daxilində nüfuzunun azaldığını deyən amerikalı rəsmi “bu anlaşılmazlıqlar zamanla daha da dərinləşdi və Ben Ladenin öldüyü günə qədər də davam etdi. Ben Ladenin təşkilatdakı rolu xeyli azalmışdı” söyləyib. Ancaq rəsmi Ben Ladenin həyat yoldaşları haqda deyilənlərin onun üçün gözlənilməz olduğunu deyib. Çünki ABŞ-ın əlindəki kəşfiyyat məlumatlarında Ben Ladenə ən yaxın xanımın Xeyriyyə Sabir olduğu vurğulanırmış. Hətta MKİ-nin dindirdiyi Sabir Ben Ladenin həyat yoldaşları arasında “ən inadcıl və ünsiyyət qurulması ən çətin” qadın kimi xarakterizə olunub.
Şövkət Qadirin hesabatında ortaya qoyduğu nəticələrin böyük bir qisimi hələ mübahisəlidir. Məsələn, “Əl Qaidə” üzvlərinin ABŞ-ın Ben Ladenin başına qoyduğu 25 milyon dollarlıq mükafatdan pay almaq üçün liderlərini satdığına dair iddialarına ekspertlər inandırıcı baxmır. Ben Ladenin son illəriylə bağlı önümüzdəki günlərdə bir kitab nəşr etdirməyi planlaşdıran Peter Berqen Şövkət Qadirin hesabatının sui-qəsd nəzəriyyələriylə dolu olduğunu bildirib. Qadir isə hesabatdakı nəticələrin bir qisiminin doğru olduğunu, eyni zamanda danışdığı pakistanlı kəşfiyyat rəsmilərinin bəzi əhəmiyyətli gerçəkləri gizlədə biləcəyini etiraf edir:“Bunu görməmək üçün axmaq olmalıyam. Mən bunun hamısının həqiqət olduğunu söyləmirəm. Ancaq bu indiyəqədərki məlumatların ən doğrusu və yaxşısıdır”. Ancaq Qadirin hesabatının da cavab verə bilmədiyi bir sual hələ də cavabsız qalıb:“Pakistan kəşfiyyatı burnunun dibindəki Ben Ladenin varlığından xəbərsiz idi, yoxsa “Əl-Qaidə” liderinin qorunmasında maraqlı olub?”
Elxan


