İsa Qəmbərlə “əsl deputat” polemikası

Isa bəy Quba hadisələrində camaatın qarşısına çıxan, onu sakitləşdirməyə çalışan Vahid Əhmədovu “əsl deputat” adlandırıb. Mübahisəli məsələdir. Şəxsən mənim “əsl deputat” favoritim başqadır, amma bu barədə bir qədər sonra.
Vahid müəllimin etirazçı qubalıların qarşısına çıxıb nə dediyini yaxşı xatırlayırıq. Xatırlamayan varsa, onlar üçün də xatırladaq: “Xahiş edirəm, dağılışın evinizə. Məni zibilə salmayın”.
Əsl deputat xalqın küçəyə çıxmasından niyə zibilə düşməlidir? Bir halda ki, onun arxasında xalq var, bir halda ki, onun xalqdan başqa heç kimin qarşısında öhdəliyi yoxdur, o niyə narahat olur xalqın toplaşmasından? Niyə xalqın evinə dağılışmasını, qaxılıb öz xarabasında oturmasını istəyir?
Yaxud necə ola bilər, əsl deputat son 25 ildə ölkəyə rəhbərlik edən bütün birinci katiblər və prezidentlərlə qarşılıqlı anlaşma şəraitində işləməyi bacarır? Onların hamısı üçün sevimli, vazkeçilməz, əvəzedilməz kadr olmağı necə bacarır? Özü də bu rəhbərlərin hamısı bir-birinə 180 dərəcə zidd ideoloji və idarəçilik fərqlərinə malik olduğu halda.
Əsl deputat necə ola bilər ki, indiyədək oturduğu Milli Məclisdə ölkədəki bunca məmur harınlığını, talançılığı, sümürücülüyü sorğulamasın, Dubay mülklərinin, offşor zonalardakı ailə şirkətlərinin hesabını istəməsin?
Necə olur ki, əsl deputat bu günədək bircə nazirin belə, yaxasından yapışıb “Hardandı sizdə bunca imarətlər, sərvətlər? Hardan gəlir bu dəyirmanın suyu?” deyə soruşmur, amma ordudakı əsgər ölümləri və korrupsiyaya görə Səfər Əbiyevə güldən ağır söz deyəndə həmin “əsl deputat” çıxır ortaya, sinəsini müdafiə nazirinə sipər eləyir?
Indi belə çıxır ki, sabah Salyanda camaat cana doyub küçəyə çıxacaq, Fəzail Ağamalı da xalqın qarşısına yüyürüb “siz allah, gedin oturun evinizdə, məni zibilə salmayın” deyəcək və əsl deputat olacaq, eləmi? Eyni məntiqlə Siyavuş Novruzov da, Mübariz Qurbanlı da nə vaxtsa “əsl deputat” olmaq şanslarını özlərində saxlayırlar, eləmi?
Əsl deputat “yuxarılar”dan aldığı “get, camaatın qabağını kəs, sakitləşdir, birtəhər yola ver, nə edirsən et, qoy dağılışsınlar” tapşırığı ilə xalqın qarşısına yüyürməz axı. Əsl deputat xalqın qarşısında yüyürər. Xalq bir hesab soranda, o iki hesab sorar.
Mənim əsl deputatım – Qənirə xanım
Amma bir halda ki, hörmətli Isa bəy bunlara rəğmən də Milli Məclisdə əsl deputatın olduğuna inanır, o zaman mən əsl deputat favoritimi açıqlayıram: Qənirə xanım.
Bəli, Qənirə Paşayeva!
Bu gün onun Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq məsələsində yorulmaz fəaliyyətini qiymətləndirməmək böyük haqsızlıqdır. Qənirə xanım durmadan ölkəmizdəki həqiqətləri xaricə daşımaqdadır, hətta ölkəmizdə ciddi həqiqət qıtlığı yaranıb.
Bu saat iqtidar mətbuatındakı nə qədər həmkarımız həqiqətləri yaza bilməmələrinin səbəbini ölkədə həqiqətin qalmaması ilə izah edirlər, çünki onların hamısını Qənirə xanım xaricə daşımışdır.
Dünənədək Azərbaycan yalnız neft ixrac edən ölkə kimi tanınırdı, amma bu gün Qənirə xanımın sayəsində biz həm də həqiqət ixrac edən ölkəyə çevrilmişik. Bakı-Taksim həqiqət kəmərinin adı isə Bakı-Ceyhan neft kəməri ilə qoşa səslənir. Hazırda ermənilər Qarabağı işğal etdiklərinə itdən artıq  peşmandırlar, işğaldakı torpaqları geri qaytarmaq üçün əldən-ayaqdan gedirlər, amma biz özümüz götürmürük, deyirik ki, qoy daha da rüsvay olsunlar.
Bütün bunları görməmək, qiymətləndirməmək, Qənirə xanımın olduğu yerdə bir başqa deputatı “əsl deputat” adlandırmaq heç bir məntiqə sığmır və əsl ədalətsizlikdir.
Eyni zamanda onu da başa düşmürəm ki, dünya birliyi bu ədalətsizliyə hələ də necə dözür.
Sabir həqiqəti
Burası belə bir ölkədir, gözəl dost.
Sabirin yazdığı satira işləmədi bu ölkədə, amma bişirdiyi sabun hələ də istifadəyə yararlıdır.