Tarixdə ən çox sevdiyim nitq

Mixail Saakaşvilinin bizim parlamentdəki çıxışından şövqə gələn gənclərdən biri mənə sual yollayıb: “Sizin fikriniz mənə maraqlıdır, tarixdə çox məşhur nitqlər var, hansını yüksək qiymətləndirirsiniz?”.
Əslində, məşhur nitqlərdən söhbət düşəndə hər zaman Sokratın “Apologiyası” – məhkəmə çıxışı mənim yadıma düşür. Çox möhtəşəmdir. Bu sözlərlə bitir: “Afinalılar, durun gedək, mən ölməyə, siz yaşamağa. Bilmək olmaz ki, bunların hansı yaxşıdır”.
Amma tarix məşhur natiqlər və mənalı çıxışlarla doludur. Belə çıxışlar sanki ayrıca bir janrdır, onlar məzmunundan və mövzusundan, söylənmə yerindən və zamanından asılı olmayaraq bəşəriyyətə öz təsirini göstərib, bütün zamanlarda insanların marağını özlərinə çəkir. Onları ayrıca ədəbiyyata, siyasətə, tarixə aid etmək mümkün olmur. Onlar insan iradəsini ifadə edir. Insanlığın səsi olur. Sanki bu səslər heç vaxt dayanmır, onları hər zaman oxuyur və dinləyirlər. Belə çıxışlara hər zaman dinlənilən, heç vaxt susmayan nitqlər də demək olar. Onların hamısı bir-birindən gözəl və mənalıdır. Onların hamısı bənzərsiz və qiymətsizdir.
Lakin mən onların arasından – oxuyub-bildiklərimdən özümün ən çox sevdiyim çıxışı müəyyən etdim. Bu çıxışın mətnini tez-tez oxuyuram, onu yenidən oxumağa tez-tez ehtiyac duyuram. Bu, Nobel mükafatı laureatı yazıçı Uilyam Folknerin həmin mükafatı alarkən söylədiyi nitqdir. Yazıçı əvvəldə söyləyir ki, o, çıxışını gənclərə həsr edir, onlara müraciət edir. Bu çıxışdan bəzi məqamları xatırlatmaq istəyirəm.

Çağımızın ən böyük faciəsi

Folkner deyir:
 – Bizim çağımızın ən böyük faciəsi – uzun müddətdir düçar olduğumuz və öyrəşdiyimiz ümumi heyvani qorxudur. Insanın sora biləcəyi ruhi suallardan indi yalnız biri qalıb, yalnız biri: bizi nə vaxt məhv edəcəklər? Ona görə də, gənclər insan qəlbinin öz-özü ilə mübarizəsini unudublar. Həqiqi ədəbiyyatı, həqiqəti doğuran isə məhz budur. Iztiraba və zəhmətə layiq olan yalnız budur. Məhz bu haqda düşünmək gərəkdir. Insan qorxunun rəzil bir hiss olduğunu anlamalıdır, elə ki bunu anladı, qorxunu birdəfəlik unutmalı, yoxluğu bütün bədii əsərləri keçici edən və unutduran dürüstlük, məhəbbət, şərəf, şəfqət, qürur, həmdərdlik, fədakarlıqdan başqa bütün hissləri öz emalatxanasından süpürüb atmalıdır. Nə qədər ki, o belə etməyib, onun başı üstündən bir lənət asılacaqdır.

“Mən insanın məhv olacağı fikrini rədd edirəm”

Daha sonra yazıçı deyir:
– Mən insanın məhv olacağı fikrini rədd edirəm. Zülmət üfüqlərinin qırmızı şəfəqləri üstündəki tənha qayadakı tale zənginin sonuncu zərbəsi səslənib sönəndən sonra belə, “insanın daha bir zəif, amma eşidiləcək səsi var” deyərək, hər şeyə dözüb “insan ölməzdir” söyləmək çox asandır. Mən bunu qəbul etmirəm. Mən insanın nəinki duruş gətirəcəyinə, həm də qalib olacağına inanıram. O, səsi eşidiləcək deyə yox, xarakterinə, qəlbinə görə, fədakarlığına, həmdərd ola bilməyinə, razılaşmadığına görə əbədidir.

Yazarın səsi

Folkner çıxışını belə bitirir:
– Yazıçının, şairin borcu bu haqda yazmaq, insanın duruş gətirə bilməsi, qəlbləri möhkəmlətməsi üçün yazmaq, cəsurluq, şərəf, ümid, qürur, iztirab, şəfqət, fədakarlıq hisslərini daim xatırlatmaq üçün yazmaq lazımdır. Bəşəriyyətin bəzəyi də məhz bu şeylərdir. Yazarın səsi adi əks-səda ola bilməz, o, dayaq olmalıdır, qələbə üçün, insana  duruş gətirə bilmək üçün əsas, özül olmalıdır.